Azərbaycana qarşı soyqırım: işğal və terror kontekstində

Azərbaycana qarşı soyqırım: işğal və terror kontekstində

XIX əsrin əvvəllərində ermənilərin Cənubi Qafqaza, Azərbaycana kütləvi köçürülməsi Rusiyanın Rusiya-İran müharibələrində qələbəsi nəticəsində mümkün oldu. Əlbəttə, erməniləri Qafqazda yerləşdirmək, onları öz himayəsi altına almaq siyasəti I Pyotr tərəfindən başlamışdı və sonralar digər Rusiya çarları da bunu davam etdirmişdilər.

Rusiya ilə İran arasında gedən iki savaşın sonunda imzalanmış Gülüstan (12 oktyabr, 1813-cü il) və Türkmənçay (10 fevral, 1828-ci il) müqavilələri də Azərbaycan xalqının tarixinə və taleyinə faciəli, müdhiş möhürünü vurdu. Azərbaycanın quzeyinin ruslar tərəfindən iki yüzillik işğalı və ermənilərin kütləvi və intensiv şəkildə bu torpaqlarda məskunlaşması ilə xalqımızın, həmçinin mədəniyyətinə qarşı təcavüzün, mədəni-mənəvi terrorun tarixi başladı.

Türkmənçay sülh müqaviləsinin şərtlərinə uyğun olaraq, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya ərazisinə (Azərbaycana) keçmək hüququ verilirdi. Bununla da, əslində, ermənilərin Azərbaycan ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Beləliklə, Türkiyədən, İrandan ermənilər Azərbaycan torpaqlarına köçürüldü və əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi.

Ermənilərin Azərbaycan torpaqlarına kütləvi axını, köçürülməsi və məskunlaşmasını rus şairi, publisisti və ictimai xadimi V.L.Veliçkonun qeydləri də təsdiq edir: "Paskeviçin dövründə erməniləri dəvət etmək üçün polkovnik Lazarev İrana göndərilmişdi. O, erməni keşişlərinə İrana köçməyi buyurmuş və bir kilsəyə mənsub olan dindarların hamısı onların dalınca gəlmişdi. Andrianopol sülhünə görə, biz 100000-dən artıq Türkiyə ermənisi qəbul etmişik. Təkcə Ərzurumdan arxiyepiskop Karapet tərəfindən 70000-ə qədər erməni gətirilmişdir" . Bunu ekstremist erməni yazarı Zori Balayan "Ocaq" adlı kitabında da etiraf edir: "1828-ci ildə məşhur Türkmənçay müqaviləsi olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən, yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı... Təkcə son onillikdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçürülmüşdür" .

Dramaturq və diplomat A.S.Qriboyedov da buna bənzər həyəcan qaldırmışdı: "Ermənilər böyük hissələrlə müsəlmanların mülkədar torpaqlarına yerləşdirildilər". Köçürülənlər, Qriboyedovun ifadəsinə görə, "əsaslı narazılıqlarını bildirən müsəlmanları sıxışdırırlar".

Beləliklə, kütləvi köçürülmələr nəticəsində yerli əhali - türklər ("yersiz gəldi-yerli qaç" məsəli) öz yurd-yuvalarından tədricən sıxışdırılıb çıxarıldı, Azərbaycan (İrəvan və Qarabağ) xanlıqlarının torpaqları gəlmə ermənilərin məskəninə, "vətəninə" çevrildi.

F.Valehoğlu Tiflis arxivlərində apardığı axtarışlara əsaslanaraq yazır ki, Gülüstan müqaviləsindən sonra, yəni Qarabağ ərazisi Rusiya imperiyasının nəzarəti altına keçdiyi andan ermənilər rus himayədarlarının dəstəyi ilə oradakı yerli türklərin sıxışdırılması istiqamətində çəkinmədən aqressiv fəaliyyət yürütməyə başladılar. Bu işdə Qafqaz canişini Yermolovun sağ əli, Qarabağ, Şirvan və Şəki əyalətlərinin idarəçisi vəzifəsini daşıyan erməni əsilli general knyaz Valerian Mədətov mühüm rol oynayıb. V.Mədətovun ölümündən sonrakı 1830-31-ci illərə aid olan "Mədətov tərəfindən torpaqların və kəndlərin mənimsənilməsi" başlıqlı arxiv sənədindən knyaz Mədətovun İrana qaçmış şirvanlı Mustafa xanın mülkünü mənimsəməsi barədə praporşik Məhəmməd Əmir Əlioğlunun məlumatı, eləcə də Mehdiqulu xan Qarabağlının onun İrana qaçmasının səbəbkarının knyaz Mədətovun olduğu barədə şikayət məktubuna dair bilgi verilir. Onu da qeyd edək ki, məhz Yermolovun canişinliyi dövründə, 1819-cu ildə Mehdiqulu xan öz torpaqlarını Mədətova hədiyyə etməyə məcbur olmuşdu.

1877-78-ci illər Rusiya-Osmanlı müharibəsi nəticəsində bağlanmış San-Stefano müqaviləsi uydurma "erməni məsələsi"ni yenidən gündəmə gətirdi. Ermənilər 1878-ci il Berlin konqresində Rusiya ilə Qərb dövlətləri arasında bağlanmış müqavilənin 61-ci maddəsindən bacarıqla istifadə etdilər. "Böyük Ermənistan" xülyası fövqəldövlətlərin əlində Türkiyəyə qarşı güclü ideoloji təxribat silahına çevrildi.

Tariximizin bu faciəli, ağrılı, qısa, kiçik bir salnaməsi böyük itkilərimizin və qurbanlarımızın tam miqyasını göstərməsə də, ümumi mənzərəsini təsəvvür etməyə imkan verir. Bir də, təəssüfləndirici hal odur ki, ermənilərdən fərqli olaraq, biz bu tarixi həqiqətlərdən əks təbliğatımızda vaxtında yetərincə istifadə edə bilmədik.

1905-1907-ci illərdə Rusiyada gedən inqilabi situasiyadan da ermənilər kifayət qədər "səmərəli" yararlandılar. Silahlı erməni dəstələri Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Üçkilsə, Cavanşir, Qazax və başqa bölgələrimizdə qətliamlar törədib, insanlarımızı yurd-yuvalarından qovub çıxartdılar.

1905-1906-cı illərdə ermənilər fitnə-fəsad və nifaq ilə, rus diplomatı V.Mayevskinin təbiri ilə desək, "erməni məsələsi"nin bir mərhələsini həyata keçirməyə müvəffəq oldular. Belə ki, türklərin yüzlərlə yaşayış məntəqəsini ələ keçirib məskunlaşdılar, təqiblər, qətliamlar və qırğınlar yolu ilə həmin ərazilərdə azərbaycanlıların sayının azalmasına nail oldular. Təəssüf ki, sovet dönəmində tarixi qaynaqlar, arxivlər açılmadığından, biz həqiqətlərimizi dünyaya çatdıra bilmədik. Lakin bu qanlı faciələri təsdiqləyən faktlar, şahid məlumatları görkəmli yazıçı M.S.Ordubadinin "Qanlı illər", şair, musiqişünas M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" bədii-publisist əsərlərində öz əksini tapıb:

"Mahiyyəti yalan və saxtakarlıq, qəsd və fitnəkarlıqdan ibarət bədnam "erməni məsələsi" XVIII əsrdən ayaq tutaraq yerimiş, nəticə etibarilə ulu Qafqaz ocağında bir (zina) Ermənistan dövləti yaradılmış və onun hüdudları get-gedə genişləndirilməkdə davam etmişdir. Necə deyərlər, Azərbaycandan qoparılan yağlı tikələr lüm-lüm udulduqca, iştah da artmış, yeni qurbanlar tələb olunmuşdur".

Ermənilər bolşevizm bayrağı altında maskalanaraq, 1917-ci ildə də öz məkrli planlarını həyata keçirməyə imkan tapdılar. Əsasən ermənilərdən ibarət Bakı kommunası, başda S.Şaumyan olmaqla, 1918-ci ilin martından etibarən, bütün Bakı quberniyasında yaşayan türklərin çıxarılması kimi cinayətkar planın gerçəkləşdirilməsinə başladı.

1918-ci il Bakı, Şamaxı, Quba soyqırımları Azərbaycan xalqının yaddaşında faciə kimi qalmaqdadır. Həmin qanlı günlərin vəhşətini Mirzə Bala Məmmədzadə belə xatırlayır: "31 mart 1918-ci sənə. Bu gün... Bakımızda qanlar axıdılmış, evlər talanmış, ana-bacılarımız əsir edilmiş. Bu gün Bakı əhli kəndi yurdunda qətliama, əsarətə və məhkumiyyətə məruz qalmışdır. Bu gün Bakının ətrafından axan neft çeşmələri qan çeşmələrinə mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsevlər... oyanmış türk mənliyini öldürmək üçün daşnak qüvvələrinə müraciətən, unudulmayacaq qanlı günlər vücudə gətirmişlər". Təkcə türk olduğuna görə minlərlə dinc Azərbaycan insanı məhv edildi, evləri yandırıldı. Milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər erməni vəhşətindən qurtula bilmədi.

Öncə çar Rusiyasının xeyir-duası ilə başlayan, sonra sovet-bolşevik Rusiyasının himayəsi altında davam etdirilən, Azərbaycan xalqına qarşı başlanan etnik təmizləmə və soyqırımı siyasəti 1918-ci ildə erməni dövlətinin yaradılması ilə ilk bəhrəsini verdi, necə deyərlər, minimum öhdəlik yerinə yetirildi. Hələ o zaman M.B.Məmmədzadə bu məkrli siyasətin şimaldan gəldiyini yazırdı: "Biz həmişə görmüşük: vətənimiz şimal təhlükəsinə məruz qalarkən erməni ehtirası başlayır".

Ermənilər Qarabağda, Naxçıvanda iddialarından əl çəkmədilər. O zaman Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri vəzifəsini icra edən Ə.M.Topçubaşov ermənilərin Qarabağla bağlı heç bir əsası olmayan iddiası ilə əlaqədar bildirirdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5, ya 10 kənd məsələsi deyil. Mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir ki, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyillər, Rusiya ilə müharibədən sonra buraya köçənlərdir... Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlara qarşı məskundurlar".

M.S.Ordubadi "Qanlı illər"də həmin erməni-rus işbirliyinin səbəblərini belə səciyyələndirirdi: "Birinci səbəb, Erməni Daşnaksutyun komitəsinin müstəbid bir idarə üsulunu təşkil etdiyidir ki, Qafqazda bir sıra qanlı teatrolar oynandı... 2-ci səbəb, məhəlli hökumət məmurlarının müharibə zamanlarında etinasızlığı, ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etmələridir... 3-cü səbəb, müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər olmalarıdır... 4-cü səbəbə gəldikdə, ermənilərin bu avtonomiya - idarə muxtariyyəti həvəsində olmalarıdır. Bu səbəbiyyəti isbat üçün qələmə bir o qədər güc sərf etmək lazım deyil. Zira, ermənilərin hər ay Londona, Parisə, Amerikaya qaçıb ərzi-hal etmələri bunlara kamil bir sübutdur..."

Stalinin imzaladığı SSRİ Nazirlər Sovetinin 23 dekabr, 1947-ci il və 10 mart, 1948-ci il tarixli "Ermənistan SSR-dəki kolxozçuların və digər Azərbaycan əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarı sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı növbəti cinayəti idi. 1948-1953-cü illərdə məhz sovet hakimiyyəti azərbaycanlıları dədə-baba torpaqlarından deportasiya etdi, bununla da Ermənistan SSR-də ermənilərin monoetnos olmasına şərait yaradıldı.

1988-ci ildən Dağlıq Qarabağda başlanan, indi də davam edən erməni təcavüzü nəticəsində 1 milyona yaxın soydaşımız yerindən-yurdundan didərgin düşdü. 1990-cı il yanvarın 20-də Bakıda, 1992-ci il fevralın 26-27-də Xocalıda törədilən qırğınlar iki yüz il öncə başlamış milli fəlakətin və soyqırımının davamı oldu.

"Ermənistan işğalçı müharibə nəticəsində Azərbaycanın 360 km-lik sərhədini pozmuş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km Azərbaycan-İran sərhədini nəzarət altına almışdır. Erməni işğalı nəticəsində Dağlıq Qarabağın 57 yaşayış məntəqəsində yaşayan 50 minədək azərbaycanlı öz yurdlarından qovulub çıxarılıb. Dağlıq Qarabağın ətrafında isə 7 rayon işğal edilib. Erməni işğalları Ermənistandan, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan bir milyonadək Azərbaycan türkünü didərgin salmış, qaçqın və məcburi köçkünə çevirmişdir. İşğalçı Ermənistan müharibənin gedişində 890 şəhər, kənd və qəsəbəni, 102 min yaşayış evini, 7 min ictimai binanı, 693 ümumtəhsil məktəbini, 695 səhiyyə ocağını, 800 km uzunluğunda avtomobil yollarını, 160 körpünü, 2300 kilometrlik su kəmərini, 156 min hektar əkin sahəsini, 464 tarixi abidə və muzeyləri zəbt etmiş, yandırmış, dağıtmışdır".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  1998-ci il, 26 mart tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü kimi elan edildi.

Nigar SULTANLI

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.