Sona xanım Mehmandarova - qəbri bilinməyən dünya gözəli

Sona xanım Mehmandarova - qəbri bilinməyən dünya gözəli

"Mehmandarov" soyadını eşidəndə, əlbəttə ki, təsəvvürümüzə gələn ilk şəxsiyyət çar ordusunun generalı, Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov, bir də Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasını bitirmiş, "Difai" təşkilatının Şuşa qoluna rəhbərlik eləmiş Kərim bəy Mehmandarov olur. Amma Mehmandarov nəslinin bir qolunun Lənkəranla bağlı olduğundan çoxlarının xəbəri yoxdur.

Araşdırmaçıların fikrincə,  bu nəsil Qarabağ xanlığının tarixilə sıx bağlıdır. Xanlıqda işi, gələn fəxri qonaqları qarşılamaq olan mehmandar vəzifəsi varmış və İbrahimxəlil xan Cavanşirin (1762-1806) hakimiyyəti dövründə həmin vəzifəni Mirzə Əli bəy daşıyırmış. Sonralar onun törəmələri Mehmandarov soyadını qəbul ediblər. Bir sıra araşdırmaçılar isə Mehmandarovlar nəslinin öz başlanğıcını Arazın o tayından götürdüyünü, sonralar Qarabağa köçdüyünü qeyd edirlər. Hər iki halda, Mehmandarovların Şuşa ilə bağlılığı heç bir şübhə doğurmur.

Bu böyük nəslin bir qolu da Lənkəran şəhərində  məskunlaşmışdı. Şuşada doğulan Mirzə Sadıq bəy Mehmandarov  Peterburqda hüquq fakültəsində oxuyanda Hacı Mir Abbas bəy Talışinski ilə tanış olub. Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsinə dəvət edib, sonradan Mirzə Sadiq bəy general-leytenant Mir Mustafa xan Talışınskinin nəvəsi Bikə xanımla evlənib. Onun yaxşı təhsil görmüş oğlu Nağı bəy (Səməd bəy Mehmandarovun qardaşı) Lənkəran şəhərinin qradonaçalniki - şəhər rəisi vəzifəsinəcən yüksəlib.

Gözəlliyi üzündən didərgin düşdü...

Sona xanım Mehmandarova XIX əsrin 90-cı illərinin ortalarında (dəqiq doğum tarixi məlum deyil, güman ki, təxminən 1894-1896-cı illər arasında) Nağı bəyin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından mükəmməl tərbiyə və gözəl təhsil görüb. Gimnaziya bitirən gənc qız ali təhsil almaq arzusuyla yaşasa da, qismətinə tamam başqa tale yazılıbmış...

Sona xanım yeniyetmə çağlarından qənirsiz gözəlliyilə ad çıxarıbmış. Onun təkcə zahiri yaraşığı yox, həm də kübarlığı və nəcibliyi görənləri heyran edirmiş. Elə buna görə də, həddi-büluğa çatan kimi, elçilər Nağı bəyin qapısından əl çəkmirlər. Amma ata-ana da, yeniyetmə Sonanın özü də elçilərə rədd cavabı verir, çünki gənc qızın gələcək taleyilə bağlı işıqlı arzuları vardı. Onların rədd cavabı iddiaçıların bəzilərinin daha da inadkarlıq etməsinə səbəb olurdu. Nəticə isə ağlagəlməz dərəcədə faciəvi olur.

Sonanı hansı vasitəylə olur-olsun ələ keçirmək istəyən bir gənc sözündən dönməyən atadan intiqam almaq üçün onu öldürür.

Bu faciə gənc Sonanın qəlbində dərin izlər qoyur. Anası onu qorumaq üçün Lənkərandan uzaqlaşdırmağı qərara alır və Bakıda yaşayan qohumlarının yanına göndərir.

Beləcə, gənc Sonanın həyatında gözlənilməz səhifələr açılır. Heç ağlına da gəlməzdi ki, yaşadığı faciə üzündən sığındığı bu şəhər ondan ötrü dünyaya açılan qapı olacaq...

Əyalət qızı... gözəllik müsabiqəsinin qalibi olur...

Qohumlarının diqqət və qayğısı, yeni rəfiqələrinin sevgisi, Bakının qaynar həyatı Sona xanımın qəlbinə təskinlik gətirmişdi. Amma bu da çox uzun sürmədi. Tezliklə, əyalət gözəlinin şöhrəti şəhərin kübar aləminə yayıldı, görüşmək, evlənmə təklif eləmək istəyənlərin sayı durmadan artdı.

Sona xanımsa hələ bu barədə düşünmək belə istəmirdi...

Ötən əsrin ikinci onilliyində Bakı sürətlə inkişaf edir, şəhərin mədəni  həyatında bir-birindən maraqlı hadisələr baş verirdi. Belə hadisələrdən biri də 1912-ci ildə "Obşestvennoye sobraniye" adlanan, ictimai tədbirlərin keçirildiyi binada (indiki Azərbaycan Dövlət Filarmoniyası) gözəllik müsabiqəsinin təşkil olunması idi.

Sona Mehmandarova rəfiqələrinin təkidilə müsabiqədə iştirak eləmək qərarına gələndə, ola bilsin ki, uğurlu nəticə qazanacağına inanmırdı. Hər halda, Bakı kimi böyük şəhərlərdə doğulub-böyümüş yaşıdlarıyla yarışmaq o qədər də asan deyildi. Amma tamamilə gözlədiyinin əksinə oldu: münsiflər heyəti təbii gözəlliyini qoruyub saxlamış, zərif və nəcib görkəmli əyalət qızını qalib elan elədi.

Təbii ki, o vaxt hələ bu qələbənin mahiyyətini, gələcək həyatında oynayacağı rolu dərk eləməmişdi. Qıza elə gəlirdi ki, bir müddət onun haqqında danışacaq, sonra unudacaqlar. Beləcə, həyat yenə əvvəlki axarına düşəcək...

Taleyisə ona başqa, daha ağlagəlməz uğurlar hazırlayırdı...

Sən demə, bu təsadüf Sona Mehmandarovanın gözəllik və dəb aləmində ilk addımı imiş...

Tiflis, Sankt-Peterburq və Paris zəfərləri

Qədim ənənələri olan gözəllik yarışmaları XX yüzilin başlanğıcında artıq kübar həyatın bir parçasına çevrilmişdi...

Belə bir müsabiqə o vaxtlar Zaqafqaziyanın mərkəzi olan Tiflisdə də keçirilirdi. Bakı yarışmasının qalibi həmin müsabiqənin birbaşa iştirakçısı olurdu. Sona xanım Mehmandarova doğmalarının xeyir-duasıyla Tiflisə yola düşəndə, hər halda, bəxtini sınamağın da Allahın bir lütfü olduğu, ən azı, gözəl şəhəri görəcəyi barədə fikirləşirdi...

Taleyin qapılarısa, deyəsən, üzünə bir-bir açılırdı: Sona Mehmandarova Tiflis müsabiqəsində də zəfər duyğusunu yaşadı...

Ardınca Sankt-Peterburqda keçirilən "Miss Rusiya" müsabiqəsi də ona birincilik və qiymətli tac gətirdi..

Bütün bunlar yuxuya bənzəyirdi, gənc Sonaya elə gəlirdi ki, oyana bilmədiyi, həm də oyanmaq istəmədiyi, şirin bir nağıla oxşayan yuxudadır.

1912-ci ildə Parisdə keçirilən "Dünya gözəli" final müsabiqəsinə yollananda Sona xanım Mehmandarova artıq özünə kifayət qədər güvənir, qadın gözəlliyinin təkcə zahiri görkəmdə yox, həm də mənəvi nəciblikdə olduğunu dərk eləyirdi. Əyalət şəhəri Lənkərandan o dövrdə dünyanın mərkəzi sayılan şəhərə - Parisə gəlib çıxa bilmişdisə, deməli, tale ondan son zəfəri də əsirgəməyəcəkdi.

Elə də oldu: Azərbaycanlı qız 1912-ci ilin "Dünya gözəli" titulunu qazandı. Qəzetlər ilk səhifələrində onun baş mükafat və zümrüd tacla olan şəklini və haqqında yazı dərc elədilər. Artıq "Qafqaz incisi" Sona Mehmandarovanı bütün dünya tanıyırdı...

Paris zəfəri onun həyatını kökündən dəyişmişdi, daha geriyə yol yox idi...

Sehrli yuxunun sonu

Sona Mehmandarova daha nəinki Lənkərana, hətta Bakıya və Tiflisə də qayıda bilməzdi: artıq böyük bir imperiyanın fəxriydi, çar ailəsində belə, nüfuzu vardı, kifayət qədər sərvət qazanmışdı və imperiya paytaxtında yaşamalıydı.

O, Sankt-Peterburqun mərkəzində dəbdəbəli mülk aldı, şəhərin kübar mühitində özünə və tituluna layiq yer tutdu. Amma bütün bunlar qadın üçün zəruri olan ailə rahatlığını əvəz eləmirdi. Onda mövcud olan qaydalara görə, gözəllik müsabiqələrinin qalibləri bir il ərzində ərə gedə bilməzdilər. Sona xanım da bu səbəbdən gənc, yaraşıqlı, varlı, əsil-nəcabətli pərəstişkarlarının təkliflərindən boyun qaçırmalı olurdu.

Amma Birinci dünya müharibəsinin başlanması hər şeyi alt-üst elədi. Həyatın çətinlikləri qarşısında çıxış yolu axtaran Sona xanım Mehmandarova axır ki, taleyini, pərəstişkarlarından biri - əslən dağıstanlı olan varlı Uruzovla bağlamaq qərarına gəldi. Bundan xəbər tutan doğmaları qəti etirazlarını bildirsələr də, o, inadından dönmədi...

Uruzovla ailə həyatı onu bir qədər arxayınlaşdırsa da, gözlənilən xoşbəxtliyi gətirmədi. Əvvəla, övladları olmadı, ikincisi də, 1917-ci il çevrilişi ailəni müflisləşdirdi. Azərbaycan Demokratik Cümhuriyyəti qurulandan, Səməd bəy Mehmandarov hərbi nazir olandan sonra belə, Sona xanım vətəninə qayıtmaq fikrinə düşmədi. Görünür, doğmalarının etirazına baxmadan ailə qurması arada böyük uçurum yaratmışdı.

Dünya ilə vətənində vidalaşdı...

Araşdırmalardan məlum olur ki, Sona xanım Mehmandarova ötən əsrin 20-ci illərindən Moskvada yaşayıb. Güman ki, yaşayış yerini dəyişməsində yaxın münasibətdə olduğu, RSFSR-in maarif naziri (1929-cu ilədək) Anatoli Lunaçarskinin himayəsi başlıca rol oynayıb. Çünki "qara siyahı"ya düşmüş Mehmandarovlar soyuna mənsub olmaq həmin dövrdə ciddi təhlükə idi. Generalın həyat yoldaşı vəfat eləmiş, oğlu sürgünə göndərilmişdi. Hətta 30-cu illərin axırlarında Çəmbərəkənd qəbiristanlığı söküləndə qorxudan Səməd bəy Mehmandarovun qəbrinin köçürülməsində belə, kimsə iştirak eləməmişdi. Ana tərəfi - Talışinskilər də eyni acıları yaşayırdılar. Qohumlarının şəhadətinə görə, həmin illərdə Sona xanım sənədlərini və fotoşəkillərini yandırdığından, onun həyatının sovet dövrü barədə qəti bir söz söyləmək mümkün deyil.

Bir vaxtlar öz gözəlliyi və nəcibliyilə dünyanı heyran eləmiş Sona xanım Mehmandarova Bakıya bir də yarım əsrdən sonra 1966-cı ildə - yaşlı, üzgün və xəstə vəziyyətdə qayıtdı. Əlbəttə, illər, xüsusilə də, öz mənşəyinə görə sovet hakimiyyəti illərində çəkdiyi məşəqqətlər onun misilsiz gözəlliyindən əsər-əlamət qoymamışdı. Deyilənə görə, Sona xanımın təkcə səsi öz təravətini saxlayıbmış. Amma o, hələ də kübarlığını unutmamışdı. Hətta günlərin birində halı pisləşib, qohumları "təcili yardım" çağırıblar. O vəziyyətdə belə, Sona xanım güzgü və kosmetika istəyib, həkimlərin qarşısına səliqəli görkəmdə çıxıb.

Sona xanım Mehmandarova Bakıya qayıdandan bir neçə il sonra dünyasını dəyişdi, Bakı qəbiristanlıqlarının birində dəfn olundu. Amma indi qohumları belə, onun məzarının yerini xatırlamırlar.

Nəriman Əbdülrəhmanlı 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.