Türkiyə səfiri Tərcümə Mərkəzində

Türkiyə səfiri Tərcümə Mərkəzində

İyulun 9-da Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alpər Coşqun Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, Türkiyə-Azərbaycan qardaşlığının qədim köklərindən, tarixin yaddaşında saxlanan ictimai-siyasi, milli-mənəvi bağlantılarından, dil və düşüncə qohumluğundan söz açıb.

"Sovet ideologiyasının ən sərt qadağalar dönəmində belə, "türkçülük", "Türkiyə»" sözünün yasaq olunduğu ağır dövrlərdə də Azərbaycanda böyük bir Türkiyəyə sevgisi, Türkiyə həsrəti yaşanırdı. Yadımdadı, atam - Azərbaycanın tanınmış tənqidçi alimi Məsud Əlioğlu çətinliklə əldə etdiyi qədim türkülərin lent yazılarını gizli qəhərlə dinləyir, Yunis Əmrənin, Fazil Hüsnü Dağlarcanın, Nazim Hikmətin şeirlərini sinədən əzbər deyirdi. Bu gun gənc nəsil Türkiyə-Azərbaycan arasında olan o keçilməz səddən, böyük Türkiyə yasağından xəbərsizdirlər. İstəyirəm onlar da bilsinlər ki, indi bəlkə də sadə görünən Türkiyə-Azərbaycan münasibətlərinin çox çətin, mürəkkəb dönəmləri olub. Və istəyirəm bunu da bilsinlər ki, dil və əqidə ortaqlığından qaynaqlanan Türkiyə-Azərbaycan qardaşlığının təməli, əslində, daha dərin bir bağlantı üzərində - hər iki xalqın genetik yaddaşına hopmuş müqəddəs türk sevgisi, türk doğmalığı üzərində qurulub. Və bu gün hər iki ölkə arasında olan bütün münasibətlərin - ictimai-siyasi, sosial, mədəni bağlantıların kökündə dayanan da məhz həmin bu doğmalıq və sevgidir".   

Daha sonra direktor, Tərcümə Mərkəzinin ən ağır maddi imkansızlıq dönəmlərində türk ədəbiyyatından ərsəyə gətirdiyi ədəbi nümunələrdən, artıq bir neçə dilə tərcümə edilmiş ikicildli "Müasir Azərbaycan ədəbiyyatı antologiyası"ndan danışıb: "Bu gün Azərbaycanın Prezidenti möhtərəm cənab İlham Əliyevin dilə, ədəbiyyata, tərcüməyə verdiyi önəmin nəticəsidir ki, biz milli ədəbiyyatımızı layiq olduğu səviyyədə dünyaya çıxarmaq iqtidarındayıq. Artıq rus, belarus və ərəb dilinə tərcümə olunmuş ikicildlik antologiya, inşallah bu payız Moskvada və Minskdə, gələn il Qahirədə nəşr olunacaq. Hazırda kitab türk dilinə tərcümə olunur, üzümüzə gələn il Ankarada, İstanbulda nəşri və geniş təqdimat mərasiminin təşkili üzrə danışıqlar aparılır. İkicildliyin ingilis, ispan, fransız və alman dilinə tərcüməsi də nəzərdə tutulub".

Cənab İsmayıl Alpər Coşqun öz növbəsində Türkiyədə yaşanan Azərbaycan sevgisindən, Azərbaycanın uğurunun da, kədərinin də türk xalqı tərəfindən həyəcanla qarşılandığından söz açıb.

"Azərbaycan və Türkiyə əlaqələri xüsusunda qeyd etdiyiniz bütün hisslər qarşılıqlıdır. İndi gənclər rahatlıqla Türkiyəyə, Türkiyədən Azərbaycana gedib-gəlirlər, amma bir vaxtlar bu yolların qapalı olduğundan xəbərsizdirlər. Yeni nəsil bu rahatlığın qiymətini bilməli, anlamalıdır. Türkiyədə Azərbaycan sevgisi həmişə, sovetlər dönəmində də yaşanıb. Zeynəb Xanlarova Türkiyəyə səfərə gələndə, həcəyan yaşanardı. Müasir dünyada bu görüşlər, əlaqələr çox rahatlıqla başa gəlir. Müasir texnologiyalar buna geniş imkanlar yaradır. Lakin gənc nəsil bilməlidir bütün bu rahatlıq necə qazanılıb. Ulu öndər Heydər Əliyevin, böyük Atatürkün xidmətəri burda əvəzsizdir. Tərcümə Mərkəzinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Biz görülən bütün bu işlərin - Türkiyə-Azərbaycan ədəbiyyatlarının qarşılıqlı mübadiləsi körpüsünün özülünü daha əsaslı şəkildə qoymalıyıq. Bu, davamlı, uzunmüddətli bir iş birliyi olmalıdır".     

Görüşün sonunda qonağa Mərkəzin nəşrləri hədiyyə edilib.

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.