“Bakı 2015” İlk Avropa Oyunları – 17 günün zəfəri və təntənəsi

“Bakı 2015” İlk Avropa Oyunları – 17 günün zəfəri və təntənəsi

On yeddi gün davam edən “Bakı 2015” Avropa Oyunları ötən həftə yekunlaşdı. İyunun 28-də möhtəşəm bağlanış mərasimi keçirildi. İdman bayramı sona çatdı.

Bu idman yarışları barədə çox danışmaq olar: şəxsi təəssüratlardan orada baş verən yaddaqalan məqamlara, rəsmi açıqlamalara, media-xülasələrə qədər. Amma hər şeydən əvvəl onu qeyd edək ki, bu yarışlar dünya tarixinə birinci Avropa Oyunları kimi daxil oldu. İyirmi idman növü üzrə oyunlar 18 məkanda baş tutdu. Bütün dünyanın nəzərləri Azərbaycanda cəmləşdi, “Bakı 2015”-lə bağlı xəbərlər müxtəlif ölkə telekanallarının baş xəbərinə, qəzetlərin manşet yazılarına çevrildi. Diqqət təkcə ölkəmizin idman potensialına yönəlmədi, Azərbaycanın siyasi mövqeyindən, mədəniyyətindən, ənənələrindən tutmuş turizm obyektlərinədək nə varsa, silsilə materialların mövzusuna çevrildi.

Bu mənada, Avropa Oyunlarına bir növ Azərbaycanın dünyaya yeni təqdimatı kimi də yanaşmaq olar. Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı. Bir daha təsdiq olundu ki, cəmi iyirmi dörd ildir imperiya əsarətindən qurtulan Azərbaycan beynəlxalq tədbirlərə lazımi qaydada ev sahibliyi edə bilir. Cəmi iki il yarım ərzində dünya standartlarına uyğun yeni və möhtəşəm idman obyektləri tikildi, idmançıların və jurnalistlərin yerləşdirilməsi üçün Atletlər və Media kəndləri salındı.

Hər yer Qarabağ

“Bakı 2015” həm də Azərbaycanın dünyada sülhsevər, tolerant və qonaqpərvər bir ölkə kimi imicinin daha da möhkəmlənməsinə xidmət etdi. Düşmən ölkə olan Ermənistanın oyunlarda təmsil olunmağa razılıq verməsinin özü Azərbaycan tərəfinin ən böyük uğurlarından biri idi. Başqa sözlə desək, hətta bizə düşmən münasibəti bəsləyən qonşularımız belə bu tədbirə qoşulmaqla dünyanın gözündə özlərini Azərbaycan dövlətinə və xalqına etibar etdiklərini göstərmiş oldular. On yeddi gün ərzində ermənilərlə bağlı ən kiçik konflikt belə, yaranmadı. Bu yerdə 91 kq çəkidə Ukraynanı təmsil edərək gümüş medal qazanan Gevorq Manukyan mükafatlandırılarkən Azərbaycanın dövlət başçısı İlham Əliyevin sərgilədiyi müdrik jesti xatırlatmamaq olmur. Mərasim zamanı zalda Manukyanın adı elan olunanda, gözlənildiyi kimi tribunalardan fit səsləri eşidildi, bu zaman Azərbaycan Prezidenti jestlə tamaşaçılardan sakitliyi bərpa etmələrini istədi və bundan sonra zal da ukraynalı idmançını alqışlamağa başladı.

Bütün bu sadalananlar bir daha göstərdi ki, Azərbaycan bütün qonşularıyla dinc, yanaşı yaşaya bilər və bunu istəyir.

Bununla belə, Avropa oyunları, həm də Azərbaycanın Qarabağla bağlı dünyaya verdiyi mesajı idi, öz idman və vətənpərvərlik potensialını göstərməklə biz həm də onu söyləyə bildik ki, torpaqlarımızın hərbi yolla alınması məsələsi bu gün qəti şəkildə gündəmdədir. Başqa sözlə, biz qonaq qəbul etməyi də, döyüşməyi də, düşmənin əlini sıxmağı da bacarırıq. 

Açılış mərasimində Olimpiya Məşəlini meydana iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyevin gətirməsi, İrəvanda keçirilən yarışlarda qələbə çalaraq, düşmən ölkədə himnimizin səslənməsinə səbəbkar olan Avropa çempionu Elmar Qasımovun bayraqdar seçilməsi, nəhayət, “Qarabağ şikəstəsi”nin və bir neçə dəfə “Sarı gəlin”in canlı yayımla bütün dünyaya səslənməsi də mühüm mesaj idi.

Medal cədvəlində fəxri II yer

Avropa Oyunları nəticəsində o da məlum oldu ki, ölkəmiz təkcə mükəmməl təşkilatçılığı ilə yox, həm də idmanda qazandığı nailiyyətlərə görə fərqlənməyi bacarır. 17 günlük Avropa Oyunlarının nəticələrinə görə idmançılarımız yalnız rusiyalı həmkarlarından geridə qaldı, medal cədvəlində fəxri 2-ci yerdə qərarlaşdıq.

Xatırladaq ki, Azərbaycan idmançıları Oyunlar zamanı keçirilmiş bütün yarışlarda təmsil olunurdular. Bakı 2015-də baş tutan yarışlarda ümumilikdə 291 azərbaycanlı idmançı çıxış edirdi.

Ölkəmizi təmsil edən atletlər 12 idman növündə medallara yiyələndilər. Bakı 2015 ilk Avropa Oyunlarında Azərbaycan ümumilikdə 56 medal qazandı. Bunlardan 21-i qızıl, 15-i gümüş və 20-si bürüncdür.

Azərbaycanın ən yaxşı nəticə göstərdiyi idman növləri - boks, karate, güləş və taekvondo, ən çox medal qazandığı idman növü isə güləş oldu.

Bağlanış mərasimi

Yeri gəlmişkən, bir məqama da toxunaq. Avropa Oyunlarının açılış mərasimi daha çox Azərbaycan mədəniyyətini və dünyagörüşünü, ənənələrimizi dünyaya çatdırmaq məqsədi daşıyırdı və bu səbəbdən tədbirdə milli atributlar, simvollar çoxluq təşkil edirdi. Bağlanış mərasimində isə milliliklə yanaşı, həm də müasirlik qabardıldı. Bu da maraqlı mesaj idi: yəni biz kimliyimizi – köklərimizi unutmamışıq, amma eyni zamanda, həm də dünya vətəndaşıyıq, özümüzü bu sivilizasiyadan kənarda təsəvvür etmirik.

Bakı Olimpiya stadionunda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında da dünya mediası geniş yazdı. Eyni zamanda  bağlanışa qatılan məşhur dünya ulduzları öz “twitter” hesablarında qeyri-adi təəssüratlarını qeyd etdilər.

“France presse” agentliyi bağlanış mərasimi ilə bağlı yazısına “Azərbaycanda keçirilən Birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı” sərlövhəsini verdi. Məqalədə rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa oyunları üçün ideal sonluq kimi qeyd edilirdi. İdmançıların təəssüratlarını da qələmə alan məqalə müəllifi oyunların mükəmməl təşkil edildiyini bildirdi.

“Rossiya24” televiziya kanalı İlk Avropa Oyunları ilə bağlı yekun video-material hazırladı. Materialda yarışların sonuncu günündə də idmançıların fəal iştirak etdiyi vurğulandı, həmçinin rusiyalı idmançıların Avropa oyunlarındakı üstünlüyü qeyd olundu.

Könüllülər

Oyunlardan söz açarkən “Bakı 2015”-in təşkilində xüsusi xidmətləri olan könüllülərin əməyi barədə də danışmamaq olmaz. Oyunların yükünün böyük hissəsi onların üzərinə düşürdü.

Azərbaycan Prezidenti İlham Əliyevin də nitqində söylədiyi kimi, konüllülərin varlığı bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Üstəlik, onların göstərdiyi peşəkarlıq və qonaqpərvərlik də xüsusi qeyd olunmalıdır. Bu həm də fədakarlıq, humanizm və eyni zamanda vətənpərvərlik potensialının nümayişi idi.

Qara yaxa bilmədilər

Təbii ki, Azərbaycanın belə səviyyəli qitə turnirinə ev sahibliyi etməsini qısqanclıqla qarşılayanlar da oldu.

Məsələn, “Reuters” agentliyinin əməkdaşı Tom Hayward yazır ki, bazar günü bitən Avropa Oyunları Bakının böyük idman tədbirinə ev sahibliyi etmək bacarığını ortaya qoydu. Ancaq bu qitə yarışmasının gələcəyi qaranlıq görünür.

Bununla belə bədxahımız  özü də yazısında idman infrastrukturumuzun əzəmətini etiraf etməyə bilmir.

“Al-Jazeera” telekanalında nümayiş olunan “The Listening Post” verilişində isə böhtan kampaniyası az qala özünün apogeyinə çatır. Eyni zamanda BBC telekanalı, İngiltərədəki bir çox elektron resurslar, Almaniya və Fransanın bir sıra media şirkətləri də bu qarayaxma kampaniyasının ön sıralarında gedirdilər.

Amma hələ oyunlardan əvvəl başlanan bu cür böhtan və qara yaxmaq cəhdləri heç bir fayda vermədi və verməyəcək də. On yeddi günlük idman tədbirlərinin fonunda bütün bu qara piar iflasa uğradı.

Biz adi vətəndaşlar üçün isə bu oyunlar, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi,  qitənin aparıcı idmançılarını, bütün beynəlxalq və Avropa Olimpiya ailəsinin nümayəndələrini görmək və ölkəmizlə fəxr etmək imkanı yaratdı.

 

Rəbiqə NAZİMQIZI

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.