Tərcümə Mərkəzinin əməkdaşı İtaliya Nəşriyyatlar Birliyinin nümayəndəsi ilə görüşüb

Tərcümə Mərkəzinin əməkdaşı İtaliya Nəşriyyatlar Birliyinin nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Ələsgərov XXVIII Turin Beynəlxalq Kitab Sərgisi çərçivəsində İtaliya Nəşriyyatlar Birliyinin Sərgi təşkilatçılığı, ədəbiyyatların nəşri və onların satışı üzrə məsul agenti xanım Paola Seghi ilə görüşüb. İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının təşəbbüsü ilə baş tutan görüşdə Mərkəzin əməkdaşı, xanım Paola Seghiyə qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Paola Seghi ilk öncə İtaliya Nəşriyyatlar Birliyinin yaranma tarixindən, onun daxili strukturundan və qarşıya qoyduğu əsas məqsədlərdən söhbət açıb: “İtaliya Nəşriyyatlar Birliyi ölkənin ən qədim təşkilatlarından biridir. 1869-cu ildə əsası qoyulan birliyin baş ofisi Milanda, filialı Romada yerləşir. İtaliya Nəşriyyatlar Birliyinin nəzdində olan nəşriyyatlar İtaliya kitab bazarının 90%-ni ehtiva edir. Bu nəşriyyatlarda 60 min adda kitab (bunlardan 57%-i yeni əsərlərdir) nəşr edilib. İstər İtaliyada, istərsə də ölkə hüdudlarından kənarda italyan nəşriyyatların sayının artırılması, şifrəli poliqrafiyanın inkişafı, ənənəvi üzlüklü, yaxud elektron formatda olan kitabların müəllif hüquqlarının qorunması, bu məqsədlə xüsusi antipirat xidmətlərdən istifadə olunması, həmçinin Turin və Bolonya kimi yerli, Frankfurt, London və Nyu-York kimi beynəlxalq sərgilərdə konfrans və seminar panellərinin təşkili, o cümlədən, oxu vərdişlərinin artırılması məqsədi ilə İtaliyanın orta və ali məktəb kitabxanalarında sorğular aparılması, novatorluq və əlbəttə ki, təhsil bizim üçün prioritet məsələlərdir”.

Daha sonra Mərkəzin əməkdaşı hal-hazırda qurumda “Müasir Azərbaycan ədəbiyyatı antologiyasının (nəzm və nəsr)” rus, ingilis və ərəb dillərinə tərcüməsinin həyata keçirildiyini qeyd edib. Adıçəkilən antologiyanın italyan dilinə çevrilməsində İtaliya Nəşriyyatlar Birliyinin hansı köməkliyi göstərə biləcəyi ilə bağlı suala isə, birliyin məsul işçisi belə cavab verib: “Əgər belə bir niyyətiniz olsa, antologiyanın italyan dilinə tərcüməsini həyata keçirmək və təbii ki, hər iki dili mükəmməl bilən tərcüməçi və mütəxəssislərin axtarılıb tapılaraq bu işə cəlb olunmasında, kitabın çapının İtaliyada təşkil edilməsində, daha sonra onun satış və yayımı məsələsində, həmçinin müəllif hüquqlarının qorunması işində İtaliya Nəşriyyatlar Birliyi hər cür köməyə hazırdır. Bu barədə təkliflərinizi gözləyirik”.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.