"A dağlar, uca dağlar!"

"A dağlar, uca dağlar!"

Mən bu yazını yazmaq istəmirdim, çünki Şuşa haqqındadı. Düşmən əlində qalan torpaqdan nə yazasan? Yaxud yazdığının qiyməti nə olacaq? Və ümumiyyətlə, bu xatirə-ağlaşma kimə gərəkdi, nəyə gərəkdi? Lap min dənə belə yazı olsun, guya bununla Şuşanın yarımca qarış torpağı qayıdacaq? Bilirəm, mənə pessimist deyəcəksiz. Bəli, mən pessimistəm. Bəs “Şuşa” deməkdən dili qabar bağlayan adam optimist olacaq? Deyəcəksiz ki, Şuşa mədəniyyət beşiyimizdir, konservatoriyamızdır, Üzeyir bəy, Seyid Şuşinski, Bülbül... nə qədər nəhənglər çıxıb ordan, bəs onlardan yazmayaq? Yazaq! Bəs sonra neyləyək? Anarın “Uzun ömrün akkordları”na nə qədər ürəyin partlaya-partlaya baxasan. Nə qədər? Şəxsən mən son illər bu filmə baxa bilmirəm. Baxmıram! Bilin, Ceyhun Mirzəyevin Xocalı müsibətini göstərən “Fəryad” filminə bu günə kimi baxmamışam. Vallah – billah, baxa bilmirəm. Ona baxsam, mənə elə gəlir ki, qum kimi dağılıb torpağa qarışacam. Ağacı dibindən kəsəndə, görmüsüz necə yıxılır? Mən o ağacın halındayam.

Qobustanda qədim insanlar vəhşi maralları haylayıb sıldırım qayalara qısnayırdılar. Onların geriyə yolu olmurdu. İndi özümü o vəhşi maralların yerində hiss edirəm. Ermənilərin yandırdığı, dağıtdığı Şuşa kadrlarını, yerə sərələnmiş “ŞUŞA” lövhəsini görmüsüz? Bax, mənim içim o kadrlarda gördüyünüz mənzərəni xatırladır. Hələ bir az da ondan pis gündədir. Xahiş edirəm, məni ittiham etməyin. Mən Şuşada çox olmuşam. Bəzən bir aya kimi qalmışam da. Mən Şuşanı qarış-qarış gəzmişəm. Yadımdan çıxmır, Peterburqda həkimliyi oxuyub gələn Əbdülkərim bəy Mehmandarovun ev-muzeyinin birinci mərtəbəsinin daş divarındakı külbələrə ( dördkünc oyuqlar) təəccüblə baxdığımı görən bələdçi qız mənə izahat vermişdi: qonşu kəndlərdən gələn xəstələrin atları üçün bu külbələrə arpa tökürdülər. Onda mən bu insanlığa, bu böyüklüyə heyran qalmışdım. Xəstələr öz yerində, demə, həkim Mehmandarov uzaq yol gələn yorğun atları da düşünürmüş (Mehmandarov sağ olsaydı, deyərdim ki, sağ əli bizim həkimlərin başına). Bəs, bu alicənablığın, bu mədəniyyətin yiyəsi olan bir kişinin o yaraşıqlı mülkünün düşmən əlində qalmağına yanıb tökülməyim?

Mən Gövhər Ağa məscidinin qabağında (bura “Meydan” deyirdilər) şuşalı pəhləvan Qaçayla, onun başına yığılan cavanlarla o qədər söhbət etmişəm ki! Elə o söhbət etdiyimiz yerin beş-on addımlığındakı balaca bazarın içindəki çayxanada səhər-səhər isti təndir çörəklə yediyim balla qaymağın dadı indi də damağımdadı...

Yay idi. Otuz il əvvəldən danışıram. Axşamüstü şuşalı dostumla “Meydan” tərəfə gedirdik. Birdən küçənin başından açıq rəngli bir “Volqa” keçdi. Dostum tez dilləndi:

“Bəstəkar Süleyman Ələsgərovdu. Bilirsən də, şuşalıdı, hər yay burdadı”.

Mən bir sözü bitirməmiş, o birinə keçirəm, bilirəm. Hövsələm çatmır, səbrim daralır, vallah. Bəlkə də bu yazdıqlarım heç kimə lazım deyil. Firudin Şuşinskinin 1963-cü ildə çap olunmuş nazik qabıqlı “Şuşa” kitabını, azı əlli dəfə vərəqləmişəm. İndi də hərdən o dünyaya gedə-gedə, ordakı boz-bulanıq fotoşəkillərə baxıb, fikrə gedirəm. Yoruluram, göyə çıxıram.

Süleyman Ələsgərovla bağlı sözüm yarımçıq qaldı. Şuşanın işğalından, hardasa yeddi-səkkiz il sonra olardı. Şuşa ilə bağlı televiziya verilişinə müsahibə almaq üçün Süleyman müəllimgilin evinə getmişdim. O, köhnə Hüsü Hacıyev küçəsində, bəstəkarlar evində yaşayırdı. Bizi binanın qabağında qarşıladı. Evə qalxdıq. İş otağında divarlar, pianonun üstü, kitab dolabının qabağı, bir sözlə, göz dəyən hər yan Şuşanın fotoları, tabloları ilə dolu idi. Mən dəli oldum. “Bu kişi çox yaşaya bilməz, ürəyi partlayacaq” - ilk ağlımdan keçən fikir bu oldu. Qoy Süleyman müəllimin ruhu məni bağışlasın. Daha müsahibəsində nə dedi, nə danışdı, heç nə yadımda deyil.

Kədər, kədər gətirər. Aşağı düşəndə, Süleyman müəllim, səhv eləmirəmsə, ikinci mərtəbədə ayaq saxladı:

- Olarmı ki, beş-üç kəlmə də Tofiq Quliyev danışsın? – deyə, mənə üz tutdu. Əlbəttə ki, razılaşdım. Süleyman müəllim sağ tərəfdəki qapının zəngini nə qədər çalsa da, cavab gəlmədi. Sonra o, qapını yumruğu ilə döyməyə başladı. Yenə içəridən səs eşidilmədi. Süleyman müəllim məyus halda:

- Yəqin, indi yatıb. Bir az da qulağı ağır eşidir, - dedi, - bilirsiz, Tofiq müəllimin həyat yoldaşı rəhmətə gedib. Bu yaşda arvad öldüsə, hesab elə, özün ölmüsən.

Əlavə edim ki, Süleyman müəllimin otağındakı o fotoşəkilləri görməsəydim, mütləq ona Şuşada olduğum günlərdən söz açacaqdım. Lakin onun qırımından o dəqiqə başa düşdüm ki, bu xatirələri dilə gətirsəm, onun yarasının közünü qopartmış olacam.

Mən Süleyman Ələsgərovla bağlı söhbətə bir azdan yenə qayıdacağam.

Üzeyir Hacıbəyovun 100 illiyinin keçirilməsi haqqında YUNESKO-nun qərarı vardı. 1985-ci il, sentyabrın 18-də dahi bəstəkarımızın ad günündə, böyüyüb başa çatdığı Şuşada onun heykəlinin və ev-muzeyinin açılışı olmalı idi. Bütün bunlar sentyabrın 18-i yox, oktyabrın 5-də oldu. Çünki - axı, biz bizik- bu işləri vaxtında çatdıra bilmədik. Xatırladım ki, YUNESKO bu yubileylə bağlı qərarı bir il əvvəl vermişdi.

O tədbirlərdə, respublikamızın o vaxtkı başçısı Kamran Bağırov, mədəniyyət naziri Zakir Bağırov, Polad Bülbüloğlu və moskvalı musiqişünaslar çıxış etdilər. Onların içində ən çox yadımda qalanı SSRİ Bəstəkarlar İttifaqının birinci katibi Tixon Xrennikovun çıxışındakı bir fikir oldu: “ Üzeyir bəy çox böyük bəstəkardı. Mən ilk dəfədi onun doğma Şuşasında oluram. Bayaq maşından düşəndə, bu gözəl şəhərə və onun büllur göylərinə baxanda, düşündüm ki, belə yerdə Hacıbəyov kimi nəhəng bir musiqiçinin doğulması çox təbiidi”.

 Bax, 1992-ci il mayın 10-da biləndə ki, Şuşanı erməni quldurları tutub, ən birinci yadıma düşən rusiyalı bəstəkarın bu sözləri oldu. Bir də öz-özümə inildədiyim söz: “Qəhr olsun bizlərə”. Fikirləşdim ki, yəni indi Şuşada, o büllur göylərin altında Bülbül kimi səsi olan erməni doğulacaq? O günü səhərdən axşama kimi başına daş dəymiş toyuq kimi gəzdim. O günü özümü elə toyuq gözündə görürdüm. Bəlkə də, bir az pis, bəlkə də ondan bir az da aşağı. O gecə sarsıntıdan bir yazı da qaraladım. Bəli, yazı. Bu da bacardığımız iş. Məni bağışlayın, o yazı şeir janrında idi. Cəmi ilk iki misrasını deyirəm sizə:

“İlahi, bizə bir dibsiz dərə ver,

Doluşub, gizlənək dərinliyində ...”

Hamısını ona görə yazmıram ki, həm mənə nifrət edərsiz, həm də özünüzə.

Bu neçə ildə Şuşayla bağlı çox yazılar oxumuşam. Onlardan ən çox məni yerimdən tərpədən istedadlı jurnalist, şuşalı Hikmət Sabiroğlunun bir fikri olub: “Bir var Şuşada ölmək, bir də var Şuşasız ölmək. Şuşada ölən bir dəfə, Şuşada ölməyən hər gün ölür”. Təxmini belə qalıb yadımda. Bir də Səxavətin ürəyimi qana döndərən “Bülbül, sənin işin qandı” harayı öldürür məni. Bir də... diri qalmağım.

Mən Universitetin tarixində oxumuşam. Erməni daşnaklarının ruslarla birləşib bizə qarşı törətdikləri qanlı soyqırımları, Azərbaycan Cümhuriyyəti və onun parlaq simaları haqqında çoxlu televerilişlər hazırlamışam. Şamaxıda, Qubada 1918-ci ilin mart qırğınlarının şahidlərindən, bu dövrün tədqiqatçı alimlərindən nə qədər müsahibələr almışam.

Erməni millətçilərinin cinayətlərindən bəhs edən bizim və xarici müəlliflərin neçə-neçə kitabını oxumuşam. Demək istəyirəm ki, Şuşanın, eləcə də digər torpaqlarımızın tutulmağını beş-üç erməni dılğırının ayağına yazmaq düşüncəsində olan bir sadəlöhv deyiləm. Olub ki, kənddə, həyət-bacada lazımsız yerdə bitən yekə bir alaq otunu əl atıb çıxartmaq istəmişəm. Ancaq dartanda görmüşəm ki, bu alaqdan, az qala bir metr aralıda torpaq tərpənir, kökü o qədər uzaqlara gedib. Erməni quldurlarının torpaqlarımızdan çıxarılmasına bu alaq misalında baxıram. Daha xaç yürüşlərindən, Xocalı faciəsinə kimi uzun bir tarixə qayıtmaq istəmirəm.

 80-ci illərin ortaları idi. Şuşaya gedirdik. Şəhərin girəcəyindəki kilsənin yanında sürücü dostumdan xahiş elədim ki, maşını saxlasın. Burda saqqallı bir erməni elektrik mişarında üzlük daş kəsirdi. Onun sifəti və baxışları acı, yaşıl bibəri xatırladırdı. Ətraf qum, sement və daşla dolu idi. Kilsəni təmir edirdilər. Nə soruşdumsa da, bu ermənidən bir cavab ala bilmədim. Mən heç vaxt kilsədə olmamışdım. İcazə alıb, dostumla içəri keçdim. Yuxarı qalxdım. Kilsənin üst hissəsinin dörd bir tərəfində də xaçşəkilli şüşəsiz pəncərələr vardı. Mən o pəncərə- xaçın içində ayaq üstə dayananda, başımdan yuxarı, hələ bir az da yer qalırdı, yəni bu xaçşəkilli pəncərələr o qədər böyük idi. Dalağım sancdı. Dostuma dedim ki, vallah, bu şıdırğı kilsə təmirindən gözüm su içmir. Nəsə burdan qara bir niyyətin qoxusu gəlir. Fikrimi bir az da açıqlayandan sonra, dostum şaqqanaq çəkib güldü. Onun səsi kilsədə əks-səda verdi. İndi də Şuşa adı gələndə, dostumun o qaltanlı gülüşü səslənir qulaqlarımda. Kilsənin soyuğunda buza dönən o gülüş iyirmi üç ildi ki, xəncər kimi içimi doğramaqdadı...

Ötən ilin fevralında Süleyman Ələsgərovun 90 illiyi ilə bağlı H.Əliyev Sarayında böyük bir tədbir keçirilirdi.

Bayaq demədim, qoy indi deyim. S.Ələsgərovu o vaxtlar mənim gözümdə ucaldan təkcə onun sənəti və Şuşa yanğısı deyildi. Bizim kənddə Laçın adlı bir kişi vardı. Qırx il əvvəl dünyasını dəyişib. Onda, mən ilk dəfə Süleyman müəllimi görəndə, elə bildim ki, qarşımda dayanan bu bəstəboy kişi Laçın dayıdı. Ay Allah, insan nə qədər bir-birinə oxşayar! Danışığı, səliqəli geyimi, civə kimi cəldliyi, nəcibliyi, alicənablığı... hamısı Laçın dayını xatırladırdı. Dəfələrlə xahiş eləsəm də, mümkün olmadı - Süleyman müəllim bizimlə aşağı düşdü. Sabirin heykəlinin yaxınlığından taksi çağırdı. Bizi böyük hörmətlə, izzətlə AzTv-yə yola saldı. İndi Saraydakı tədbirdə, iri monitorda Süleyman müəllimə baxıb təəssüflənirdim ki, axı mən bütün bunları ona niyə demədim? Niyə demədim ki, mən Şuşada uzaqdan sizin “Volqa”nızı görmüşəm, bir də sizi tək mahnılarınıza və Şuşaya görə yox, həm də bizim Laçın dayıya görə çox istəyirəm. Niyə demədim ki, ay Süleyman müəllim, Allah haqqı, mən Şuşanı şuşalılardan çox istəyirəm. Bütün bunları düşünə-düşünə və ürəyim partlaya-partlaya monitorda Şuşanın ağ-qara kadrlarına baxırdım...

Mən zəif adamam, tez duyğulanıram. Bu yaşda yenə “Ögey ana” filminə baxanda, gözlərim yaşarır. İndi özünüz deyin: kino hara, işğal olunmuş yurd ağrısı hara? Torpaq itkisi çox ağır dərddi. Mən əvvəlki yazılarımın birində yazmışam: bütün dünyanın xəzinəsini, var-dövlətini yığ, ondan bir ovuc torpaq əmələ gətirmək olmaz. O vaxtlar, lap yarıdan da çox qırılaydıq, ancaq torpaqlarımızı verməyəydik, qoruyub saxlayaydıq. İşğalda qalan yurd yerləri məni yandırıb tökür. Lakin Şuşa yanğısı bambaşqadı, cızdağımı çıxardır. Bağışlayın, sözümün əvvəli ilə axırını qarışdırıram.

Mən Xurşudbanu Natəvandan utanıram. Eşidirsiz, utanıram. Üzeyir bəydən, Bülbüldən yox, Xan qızından utanıram.

Üzeyir bəy, Bülbül, Xan Şuşinski yadıma düşəndə, fikirləşirəm ki, biz Şuşanı mütləq geri qaytaracağıq. Mütləq! Lakin Natəvanı xatırlayanda, düşünürəm ki, Şuşa yarım gün də erməninin əlində qalmamalıdır. Mən elə bilirəm ki Xan qızı o qəmli qəzəlləri cavan ölən oğluna yox, Şuşanın işğalına yazıb. Vallah, elə bilirəm.

***

İsmayıllıya, evimizə getmişdim. Uşaqlardan eşitdim ki, bizim yaxın kəndlərin hansındasa xarı bülbül gülü bitir. Çox pis oldum. Cıdır düzündəki xarı bülbül İsmayıllıya niyə gəlib çıxıb? İndi, bu da mənə bir dərd olub.

P.S: “A dağlar, uca dağlar!” - bu mahnını eşidəndə, Şuşa yadıma düşür. Bu şeiri də mənə iki il əvvəl elə bu mahnı yazdırıb.

Şuşanın daşı ağlar,

A dağlar, uca dağlar!

Gözümün yaşı ağlar,

A dağlar, uca dağlar!

 

Xarı bülbül xar oldu,

İşi ahu-zar oldu,

Bayquşlara yar oldu,

A dağlar, uca dağlar!

 

Dağda dağsız qalmışam,

Bağda bağsız qalmışam,

Mən var-yoxsuz qalmışam,

A dağlar, uca dağlar!

 

Mən bir ömür sürmürəm,

Heyif, ölə bilmirəm,

Hanı Allah? Görmürəm,

A dağlar, uca dağlar!

 

Sarı bülbülüm susub,

Neyləsin, nə oxusun?

Oxuyanda qan qusur,

A dağlar, uca dağlar!

 

İtib dünyanın rəngi,

Səsimizin ahəngi.

Niyə calınmır “Cəngi”

A dağlar, uca dağlar?

 

Dərddən şişib ürəyim,

Zəhər olub çörəyim,

Söz qurtarıb, nə deyim,

A dağlar, uca dağlar?

 

Qorxmaz ŞIXALIOĞLU

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.