Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Budapeşt Kitab Sərgisinə qatılıb. Sərgi çərçivəsində Mərkəzin nümayəndə heyəti Eötvös Lorand adına Macarıstan Dövlət Elmi Universitetinin tələbələri ilə görüş keçirib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Budapeşt Kitab Sərgisinə qatılıb. Sərgi çərçivəsində Mərkəzin nümayəndə heyəti Eötvös Lorand adına Macarıstan Dövlət Elmi Universitetinin tələbələri ilə görüş keçirib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Macarıstan Respublikasında, aprelin 23-dən 26-dək keçirilən XXII Budapeşt Kitab Sərgisində iştirak edir.

Mərkəz tədbirə müxtəlif dillərdə tərtib edilmiş kataloqları,“Tərcümə Mərkəzinin kitabları” seriyasından nəşrləri, “Xəzər” dünya ədəbiyyatı jurnalının son nömrələri, həmçinin ingilis dilində nəşr  edilən “Candles” (Müasir Azərbaycan şeir antologiyası) kitabı ilə qatılmışdır.

Aprelin 24-də Mərkəzin nümayəndə heyətinin Eötvös Lorand adına Macarıstan Dövlət Elmi Universitetində “Humanitar elmlər” fakültəsinin Türkologiya bölümünün tələbələri ilə görüşü keçirilib. Görüşü fakültənin dekanı professor Rudolf Sardi açıb. O, Azərbaycan nümayəndə heyətini salamlayaraq, bu sahənin önəmindən və çətinliklərindən söz açıb: “Bakı Qafqaz regionunun mədəni qovşağıdır. Biz istərdik ki, Azərbaycan və Macarıstan respublikaları arasında mədəni və ədəbi əlaqələr möhkəmlənsin. Biz bu əlaqələrin qurulmasında Tərcümə Mərkəzinin əhəmiyyətli işlər görəcəyinə ümid edirik”.

Azərbaycanın Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev hər iki ölkə arasındakı mədəni və ədəbi əlaqələrdən danışıb: “Bu zalda Azərbaycan ədəbiyyatı ilə maraqlanan tələbələr toplaşıb. Azərbaycan ədəbiyyatına aid 50-dən çox kitab macar dilində çap olunub. Həmin kitabların əksəri Azərbaycan mədəniyyəti və respublikamızın təbliğatı haqqındadır. Həmin nəşrlərə “Azərbaycan nağılları”nı, Azərbaycan klassiklərinin əsərlərini misal göstərə bilərik. Üç il əvvəl “Biz Azərbaycan haqqında nə bilirik” adı atında müsabiqə elan etmişdik. Həmin müsabiqəyə mətn göndərən tələbələrin esseləri kitab halında çap olundu və qalib olan 6 müəllif bir həftəlik Azərbaycana göndərildi. Bu ilin sonuna yaxın yenə belə bir tədbir keçirməyi planlaşdırırıq”.

Daha sonra Mərkəzin “Tərcümənin keyfiyyətinə nəzarət şöbəsi”nin dil mütəxəssisi Cavid Ağayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti barədə geniş məruzəylə çıxış edib. “Qurum fəaliyyətə 2014-cü ilin avqust ayının 16-dan başlayıb və qısa müddət ərzində dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, ana dilinin beynəlxalq aləmdə təbliği, tədrisi və mübadiləsi, tərcümə peşəkarlığı səviyyəsinin yüksəldilməsi, mütəxəssis hazırlığı, beynəlxalq aləmlə dil və tərcümə sahəsində əməkdaşlıq istiqamətində bir sıra əhəmiyyətli layihələrin təməlini qoymağa müvəffəq olub.

2014-cü ilin sentyabrında İsveçin Höteburq şəhərində, oktyabrda Şarcada, noyabrda İstanbulda, yanvarda Qahirədə, fevral ayında Minskdə, aprel ayında Londonda keçirilən Beynəlxalq kitab sərgilərində iştirak etmiş Mərkəz ölkəmizin kitab və ədəbiyyat siyasətini uğurla təmsil edib.  Mərkəzin Çexiya Mədəniyyət Nazirliyi, Misir Milli Tərcümə Mərkəzi, İsrailin İbri Ədəbiyyatının Tərcümə İnstitutu, İsveçin “Kultur Radet” Mədəniyyət Fondu, Avropanın TRADUKİ ədəbiyyat və nəşriyyat qurumu, Türkiyənin TEDA təşkilatı və s. bu kimi beynəlxalq qurumlarla yaratdığı əlaqələr, Azərbaycan ədəbi dilinin dünya müstəvisində təbliği, dünyanın ali məktəblərində tədrisi, milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə tanıdılması işinə geniş imkanlar yaradıb. Düşünürük, belə əlaqələr qardaş Macarıstanda da qurulacaq”.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova Azərbaycan və Macarıstanın tarixi və mədəni əlaqələrindən danışıb. Tədbirin sonunda tələbələr səfirə və nümayəndə heyətinə Azərbaycan və Tərcümə Mərkəzi haqqında suallar ünvanlayıblar.                

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.