100 yaşlı bayrağımız

100 yaşlı bayrağımız

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunub. 1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra həmin bayraqdan imtina edilib.

Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Mux­tar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəh­bərliyi ilə keçirilən sessiyada Nax­çıvan Muxtar Respublikasının döv­lət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Res­publikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi döv­lət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublika­sının Ali Soveti "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı sta­tusunu verib. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyəti­nin varisi elan edərkən onun döv­lət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul edib.

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" əsas­naməyə görə, Azərbaycan Res­publikasının Dövlət bayrağı Azər­baycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respubli­kasının Dövlət bayrağı eni bəra­bər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasın­da ağ rəngli aypara və səkkizgu­şəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti l:2-dir. Ayparanın və səkkizguşəli uldu­zun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (ey­ni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairə­nin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabər­dir. Kiçik dairənin mərkəzi, bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ay­paradan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayra­ğın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Rənglərin rəmzi mənasına gəldikdə isə mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir.

2007-ci il noyabrın 17-də Azər­baycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhə­rində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalanıb. Prezidentin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gü­nünün təsis edilməsi haqqında im­zaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Meydanının təmə­li 2007-ci il dekabrm 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfin­dən hazırlanmış layihənin icrası­nı Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydan­da bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdı­rılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

15 seksiyadan ibarət olan bay­raq dayağının hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahə­si 2450 kvadratmetrdir. Dövlət bayrağının çəkisi 350 kiloqram, bünövrəsinin diametri 3,2, bünöv­rənin üst hissəsinin diametri 1,09 metrdir. Ən son texnologiyaların tətbiqi nəticəsində ucaldılmış bay­raq dirəyi 58 rn/san (209 km/saat) sürətli küləyə davam gətirə bilər.

Ginnes dünya rekordlar təşki­latı 2010-cu il mayın 29-da Azər­baycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Mey­danda qurulmuş bürüncdən ha­zırlanan və qızıl suyuna çəkilmiş Azərbaycan Respublikasının ger­bi (çəkisi 16 ton), dövlət himninin mətni və ölkəmizin xəritəsi mey­danın əzəmətini daha da artırır.

Dövlət Bayrağı Meydanının açı­lışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tə­rəfindən həyata keçirilmişdir. Mə­rasimdə ölkə ictimaiyyətinin nü­mayəndələri və xarici ölkə səfirləri iştirak etmişlər.

Meydanda Dövlət Bayrağı Mu­zeyi də yaradılıb. Dövlət Bayra­ğı Muzeyi 9 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən açı­lıb. Muzey ölkə Prezidenti İl­ham Əliyevin müvafiq sərəncamı ilə inşa olunmuş Dövlət Bayra­ğı Meydanında yaradılıb. Prezi­dent İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasın­da tikilmiş muzey Dövlət Bayra­ğı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.

Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bər­pa olunmuş bayraqları nümayiş olunur. Burada həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşürləri, poçt markaları, pul nişan­larının nümunələri, orden və me­dallar da var.

 

Hazırladı: Nəriman

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.