Kükrəyən dənizin fatehləri

Kükrəyən dənizin fatehləri

Hər ikisi mamır basmış, üstü oyuq qayaların kənarında dayanmışdı. Biri cavan, digəri yaşlı idi. Amma əyinlərindəki mazuta bulaşmış işçi geyimi kənardan bu yaş fərqini o qədər də hiss etdirmirdi. Dəniz də bu gün dalğalı deyildi. Ara-sıra ötkəm ləpələr qara qayalara çırpılır, köpüklü sular daşlardan süzülərək gəmi kimi ləngər vuran çör-çöpü qabağına qatıb aparırdı. Bu iki nəfər əməlli-başlı islansa da, fərqinə varmadan nəzərlərini üfüqdən ayırmırdı.

– Yenə coşacaq! Hələ başımızın altına yastıq qoyur bu dəniz. Ağa müəllim, bir baxın, qağayılar necə vurnuxur?

– Sən nə vaxtdan mahir bilicisi olmusan dənizin, ay Mişa? Yoxsa, anan səni dənizdə doğub, hə?

Gülüşdülər. Ağa müəllim (SSRİ EA-nın xüsusu geoloji ekspedisiyasının rəhbəri Ağaqurban Əliyev) əlini Mişanın (Neft Daşlarında qazılan 1 nömrəli buruğun baş ustası Mixail Kaveroçkin) çiyninə qoydu. Aramla sözünə davam etdi:

– Bu dəniz çoxlarını romantik eləyib, dostum. Amma Xəzərdən özünü gözlə, şıltaq qadın kimidi, xasiyyəti bəlli olmaz...

– Ağa müəllim, dənizdə bir az da işləsəm, qağayıların da dilini öyrənəcəyəm. Bəs siz o lal süxurları necə anlayırsınız, baş aça bilmirəm...

Ağaqurban dərhal cavab vermədi. Bayaqkı nikbinliyi yoxa çıxdı.

– Eh Mişa, Mişa, – dedi, – süxurlara nə var ki? Daşlarla dil tapmaq olar, ancaq ordakıları (şəhadət barmağını yuxarı tuşladı) anlatmaq asan iş deyil... O gün yenə Mircəfər çağırtdırmışdı. Xeyli sorğu-suala tutdu. Ən xırda məsələlər də diqqətindən yayınmır. Qıraq-bucaqda da o qədər ağzıgöyçək var ki! Hərəsinin ağzından bir avaz gəlir...

– Birinciyə nə dediniz, Ağa müəllim?

– Nə deyəcəyəm? Danışmağa imkan verir ki?! Dedim, yoldaş Bağırov, yeni süxurların analizi göstərir ki, dənizin bu ərazisində neft var! Özü də çox!

– Biz əlimizdən gələni eləyirik. Amma bir qazmaçı kimi, hissiyatım məni aldatmır, Ağa müəllim, az qalıb, neftə yaxınlaşmışıq!

– Sənə inanıram, Mişa! Hə, az qala unutmuşdum. Mircəfər səni xəbər aldı, salam göndərdi. Axırda da dedi ki, Əliyev, əvvəl başınla, sonra da partbiletinlə cavabdehsən neftə! Ancaq mən bilmirəm, başım gedəndən sonra partbiletim kimə lazım olur?

...Ağaqurban ilk dəfə bu kiçik adaya gəldiyi günü xatırladı. Başçılıq etdiyi ekspedisiya 1945-ci ildən bəri nəhəng işlər görmüşdü. Onlar Bakıdan 110 km. aralıda yerləşən və əsasən qayalıqlardan ibarət olan adacıqlarda kəşfiyyat işlərinə başlamış, süxur nümunələri toplayaraq analizlər aparmışdılar. A.Əliyev elmi cəhətdən sübut etmişdi ki, Xəzərin ənginliklərində zəngin karbohidrogen yataqları var. Lakin elmi dəlillərə inanan az idi. Bədxahlar bu ideyanı cəfəngiyyat adlandıraraq ekspedisiyanın işini israfçılıq sayır, alimin adını isə xalq düşmənləri siyahısına salmağı tələb edirdilər. Məsələ böyüyərək MK-ya qədər gedib çıxmışdı. Birinci katib M.Bağırov işə qarışandan sonra kəşfiyyat işlərinin davam etdirilməsi tövsiyə olunmuşdu.

1948-ci il noyabrın 14-də "Pobeda" adlı kiçik gəmi çətinliklə Xəzərdəki adalardan birinə yan aldı. Qasırğaya baxmayaraq, fəhlələr yükü boşaltdılar. Tələm-tələsik tikilən 14 kvadratmetrlik daxma taqətdən düşmüş adamların kükrəyən Xəzərdə ilk sığınacaq yeri oldu. 1949-cu il iyunun 24-də 1 nömrəli buruqda qazma işlərinə start verildi.

– Usta, ay usta, çay hazırdır!

Səsləyən, Mixailin köməkçisi Süleyman Bağırov idi. Təcrübəli qazmaçı öz zarafatları ilə hamının sevimlisinə çevrilmişdi. İndi də o, daxmanın qarşısındakı, mazutdan rəngi qaralmış kiçik masada çay dəstgahı açmışdı. Ağaqurban və Mixail qayadan endilər. Süleyman çay süzə-süzə, zarafatından qalmadı:

– Ağa müəllim, mürəbbəmiz qurtarıb, ona görə də kəllə qəndi sındırmaq sizlikdir, gərək bağışlayasınız, əllərim mazutludur...

Ağaqurban baməzəlik elədi:

– Mazutlu çayı bizə zorla içirtdiyin bəs deyil, hələ bir qəndi də özümüzə doğratdırırsan?

Gülüşdülər. Digər qazmaçılar – Nikolay Duplixin, İbrahim Sadıqov, Məmməd Muradov, Bala Mirzəyev və başqaları da süfrə ətrafına toplaşdılar. Ağaqurban üzünü fəhlələrə tutdu:

– Yoldaşlar, bilirsiniz ki, 10 gündən sonra, noyabrın 7-də Sosialist İnqilabının ildönümüdür. Bayrama görə daha əzmlə çalışmalıyıq. Neft laylarına yaxınlaşmışıq. İndi qazılan hər metr bizimçün vacibdir.

Mixail alimin sözlərinə qüvvət verdi:

– Uşaqlar, çətindir, bilirəm, ancaq gücümüz birlikdədir! Gecəni gündüzə qatıb işləyəcəyik. Dənizi ram edəcəyik! Neft çıxacaq! Mən buna əminəm!

Hamı əl çaldı. Ağaqurban Mişanı bağrına basıb öpdü. Gözləri yaşarmışdı...

Bu fatehlər hələ bilmirdilər ki, 10 gün keçəcək və 1949-cu il noyabrın 7-də kükrəyən dənizin köksünə sancılmış 1 nömrəli quyu fontan vuracaq.

M.Kaveroçkinin briqadasının üzvləri təsəvvür belə etməzdilər ki, qazdıqları bu quyu Azərbaycan tarixinə şanlı səhifələr yazacaq. Onların ağlına belə gəlməzdi ki, ən qısa vaxtda Xəzərin qoynunda Neft Daşları adlı əfsanəvi şəhər salınacaq, əmək və qəhrəmanlıq estafeti nəsillərdən-nəsillərə ötürüləcək.

Bütün bunlar 10 gün sonra başlanacaqdı. Hələlik isə... "Möcüzələr adası"nın "ilk qaranquşları" bəh-bəhlə Süleymanın mazut dadı verən çayını içirdilər...

 

Fərhad Sabiroğlu

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.