Vladiqafqazın simvolu – Muxtarov məscidi

Vladiqafqazın simvolu – Muxtarov məscidi

110 illik tarixə malik bu məscid Vladiqafqazın əsas simvollarından biri hesab edilir. General Hambi Tuqanovun qızı, osetin zadəgan xanım Yelizaveta Tuqanova ilə bakılı neft maqnatı və mesenat Murtuza Muxtarovun ilk görüşü məhz bu şəhərdə baş tutub. Və həmin şəhərdə də onların toyu olub. Neft maqnatı həyat yoldaşının şərəfinə onun doğma şəhərində məscid tikdirib və bu məscid Şimali Osetiyada Muxtarov məscidi kimi tanınır.  

Terek çayının sahilindəki məscid tikilənə qədər müsəlmanlar dualarını açıq havada edirdilər. Buranın müsəlmanları üçün məscidin inşasının vacibliyi XIX əsrin ortalarında artıq gündəmdə duran məsələlərdən idi. Məscidin tikintisinə icazə isə yalnız 1900-cu ildə verildi. Bir ehtimala görə, məscidi camaatdan yığılan pulla tikməyə başlayıblar, amma bu vəsait çox az olduğundan Vladiqafqazın müsəlman əhalisinin nümayəndələri milyonçu Murtuza Muxtarova müraciət edir. Muxtarov xərcin əsas hissəsini öz üzərinə götürərək məscidin tikintisinə lazım olan 80 min rublun 50 minini ödəyir.

Məscidi, dəfələrlə azərbaycanlı mesenatla əməkdaşlıq etmiş, milliyyətcə polşalı olan Rusiya memarı İosif Ploşko inşa edib. Əslində o, dini abidələrin tikintisi məsələsində səriştəli deyildi. Odur ki, Muxtarovdan belə bir məsul tapşırıq aldıqda, uzun müddət Şərq memarlığını tədqiq etmiş və nəhayət, nümunə kimi Qahirə məscidlərini seçmişdi. Məscidin tikintisində baron Şteyngelin zavodunda hazırlanan kərpicdən istifadə olunub.   

Məscidin divarlarına çəkilmiş çoxqatlı rəngli mala və iki bərabər üçbucaqdan ibarət ulduz daim mütəxəssislərin diqqətini cəlb edib. Belə simvollar hələ qədim zamanlardan müxtəlif xalqlar tərəfindən istifadə edilib.

Muxtarov məscidi ərazinin bütün müsəlman icmasının cümə namazını qılması üçün nəzərdə tutulub. Bununla yanaşı, bu tikili uzun müddət  Şimali Osetiyanın təhsil, mədəniyyət və ictimai həyatının mərkəzi olub.

1934-cü ildə Sovet hökuməti məscidin sökülməsinə qərar versə də, yalnız Bektenovun rəhbərlik etdiyi 25-ci süvari alayı sayəsində bu nadir abidəni qoruyub saxlamaq mümkün olmuşdu. Bununla belə, Sovet dövründə bura mədəniyyət evi, fəhlə klubu və ölkəşünaslıq muzeyi kimi fəaliyyət göstərib.

Yalnız 1968-ci ildə binanın bərpasına başlanılaraq buradan məscid kimi istifadə olunmasına qərar verilib. Bərpa işlərinə qərar verilməsinin bir səbəbi də SSRİ-yə gələn turistlərin bu tikili ilə maraqlanmaları idi. Bir ildən sonra məscid şəhərin nadir  tarixi abidəsi kimi öz qapılarını möminlərin üzünə açdı.

1996-cı ildə isə məscid Şimali Osetiya Müsəlmanları Dini İdarəsinin nəzdində fəaliyyət göstərməyə başladı. Ancaq elə həmin il terrorçular məscidin divarının altına partlayıcı maddə yerləşdirdi. Partlayış nəticəsində məscidin əsas divarlarından biri dağıldı, digər divarlarda dəliklər yarandı, qüllədə isə dərin çatlar əmələ gəldi. Xoşbəxt təsadüf nəticəsində insan tələfatı olmadı.

Sonralar məscidin ətrafında hündür binaların tikilməsi yerli müsəlman əhali arasında etirazla qarşılandı. Çünki Böyük Qafqaz sıra dağları fonunda məscidin görüntüsü tamamilə itmişdi. Bununla belə, Muxtarov məscidi Vladiqafqaz şəhərinin “vizit kartı” və Şərq memarlığının şah əsəri olaraq qalır. Məsciddə tavana qədər olan əsas zalın hündürlüyü 15 metrdir. Kənardan baxanda isə məscid nağıllardakı qəsri xatırladır. 

Məscidin içi də çox gözəldir – Azərbaycan ustaları tərəfindən mismardan istifadə edilmədən şəbəkəylə işlənmiş 16 pəncərədən Günəş şüaları birbaşa zala daxil olur.

Məsciddə İstanbulda qızıl hərflərlə yazılaraq hazırlanmış və çəkisi 25 kiloqram olan Quranın saxlanıldığı bildirilir.

Məscidin girişini çatma tağ bəzəyir.  Girişin hər iki tərəfində bir-birinə simmetrik yerləşən 33 metrlik minarə ucalır. Memarların fikrincə, minarələr mütənasibliyinə görə  mükəmməldir.

Məscidin interyeri və binanın xarici divar naxışı rəssam Frans Dolejal tərəfindən işlənilib.

Muxtarov məscidi Şimalı Osetiya müsəlmanları üçün əsas ibadətgah yeri olmaqla yanaşı, həm də İslam memarlığının nadir incisi hesab edilir.

 

Tərcümə etdi: Nəzakət Ağayeva

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.