SƏMAVİ RAZILIĞIN TƏSDİQİ VƏ TƏZAHÜRÜ

SƏMAVİ RAZILIĞIN TƏSDİQİ VƏ TƏZAHÜRÜ

Qurban bayramının mahiyyəti

Qurban bayramının tarixi

 Qurban, bəşəriyyətin inanc sistemində ən qədim və ali rituallardan biri hesab edilir. Bəşəriyyət var olandan insan dünyagörüşü üç böyük mərhələdən keçib: mifik, dini və elmi. Qurban ayininin mifik dünyagörüşündən dini inanc sisteminə keçməsi onun dəyərini daha da artırıb.

Qurbankəsmə mərasimi İslamdan əvvəl də mövcud olub. Lakin o vaxtlar bu mərasim günahdan təmizlənmək, primitiv dünyagörüşünə əsaslanaraq, guya qəzəblənmiş tanrıların könlünü almaq üçün həyata keçirilirdi.

Qədim Şərqdə, eradan əvvəlki dövrün Avropasında, həmçinin hindu qəbilələrində bu ayin geniş miqyasda həyata keçirilib. Amma çox təəssüf ki, hər zaman insanlar qurban verilirmiş. Yalnız təkallahlı dinlərdə – Yəhudilik, Xristianlıq və İslamda insanın qurban verilməsi qadağan edilib.

Dində qurbankəsmə ayini İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Yuxuda Allah İbrahim peyğəmbərə onun Allaha imanını, etiqadını yoxlamaq üçün oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl etiqad sahibi kimi tərəddüd belə etmədən Allahın əmrini yerinə yetirməyə hazır olur. İsmayılın özü də atasının və ən əsası İlahi iradənin əksinə getməyərək qurban olmağa razılaşır. Bu haqda Quranda yazılır:

"O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Gör nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşaallah, mənim səbirlilərdən olduğumu görəcəksən!"

Hər ikisi təslim olduğu və üzüstə yerə yıxıldığı zaman Biz ona belə xitab etdik: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!" Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi!" (Saffat surəsi, 102-111-ci ayələr)

Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər birində müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İslamda insanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri  var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilib. İslama görə, qurban “Allaha yaxınlaşdıran” mənasını ifadə edir. İbrani dilində isə "gorban", yəni “Allah rizası üçün verilən pay” anlamında işlədilir.

 

Fəlsəfəsi, mahiyyəti

 

Dini rəvayətlərə görə, İbrahim peyğəmbər Allahdan əmr alan kimi buyruğu yerinə yetirmək üçün Mina dağına yollanır. Əvvəlcə qarşısını şeytan kəsir və düz üç dəfə ona mane olmaq istəyir, İbrahimi bu işdən yayındırmağa çalışır. İbrahim peyğəmbər isə hər dəfə daş atmaqla şeytanı özündən uzaqlaşdırır. Qeyd edək ki, Həcc mərasimində şeytana daşatma ayini də buradan götürülüb. Uzun illər övlad həsrətində olan İbrahim Allahın ona sonradan bəxş etdiyi oğlu İsmayılın boynuna düşünmədən bıçağı dayayır. İti bıçaq iki dəfə İsmayılın boynunu kəsmir. Üçüncüdə isə Allahın vəhy mələyi olan Cəbrayıldan səda gəlir və səmadan İsmayılın – insan övladının ölümünə son qoyan qoç endirilir. İslam hədislərinə əsasən, o qoç düz 40 il cənnət çəmənliklərində otarılmış və həmin gün üçün hazırlanmışdı. İbrahimlə İsmayılın Allaha etiqad sınağından üzüağ çıxmağı insanlıq tarixində yeni bir mərhələnin əsasını qoydu. Cəbrayılın endirdiyi qoç, əslində kosmik nizamın, İlahi ahəngin varlığının bir növ təminatı idi. Həmin qoçu insan övladının adına göndərilən səmavi razılıq, İlahi təşəkkür kimi də anlamaq olar. Qoç – mahiyyətində razılıq, etibar, etiqada qarşılıqlı təşəkkür olan kosmik ismarıcın maddiləşmiş formasıdır. İslam dünyası artıq əsrlərdir ki, həmin ismarıcın göylərdən insana çatdığı günü, həmin günün müqəddəsliyini qeyd edir.

Qurban bayramlarında kəsilən heyvanlar, paylanılan ətlər məsələnin yalnız zahiri yönüdür ki, Qurbanın əsas fəlsəfəsini, mahiyyətini anlamaq üçün yalnız onlar kifayət etmir. Qurban bayramı ilk dəfə insanla Ali İlahi Energetika arasında olan səddi aradan qaldırıb. O enerji səmadan insan ruhuna – İbrahimin qəlbinə, İsmayılın gözlərinə axır. İbrahimin qəlbi yenidən dirilir, İsmayılın gözləri işıqlanır. Ata oğlunu qucaqlayaraq hönkürtü ilə ağlayır. Bu, əslində sevincin, İlahi tərəfindən razılıq qazanma səbəbindən yaranan xoşbəxtliyin ifadəsidir. Kosmik bənd aradan qalxır – İlahi razılığın maddiləşmiş forması olan heyvan insan oğlunu – bəşəriyyətin əşrəfini xilas edir. Və hər il keçirilən Qurban bayramı, bu zaman insanlar tərəfindən müqəddəs niyyətlərlə kəsilən 4 növ heyvan – qoç, keçi, cöngə və dəvə İslam coğrafiyasını müqəddəslik dumanına bürüyür.

 

Azərbaycanda Qurban bayramı

 

Qurban bayramı gizli çalarları, mahiyyəti ilə hər zaman Azərbaycanda da böyük sevgi ilə keçirilib. Azərbaycanın yerləşdiyi coğrafiya və etiqad etdiyi İslam mənəviyyatı zaman kontekstinə sığmayıb və Qurban bayramının mənəvi aurası hər zaman dövlətçilik tariximizlə eyni addımlayıb. Dünya müsəlmanlarının birlik və həmrəylik bayramı olan Qurban, XII əsr Şərq intibahında da, İslam coğrafiyasının qılınclar altında qaldığı əsrlərdə də öz aktuallığını itirməyib.

Hətta cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti də Qurban bayramına biganə qalmayıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə "İqbal" qəzetinin 1914-cü il sayında "Qurban münasibətilə" başlıqlı məqalə yazıb. Həmin məqalədə Rəsulzadənin Qurban bayramına, onun dərinliyində yatan birlik fəlsəfəsinə münasibəti ümumən dövlətçiliyin mənəvi ideologiyaya olan rəğbətini özündə əks etdirir: "İştə 1500 sənədən bəri İbrahim, İsmayıl və Hacərin o sədaqətkaranə və fədakaranə hərəkətlərinin yadigarı olaraq müsəlmanlar hər il milyonlarca heyvan kəsməklə, bu hadisəni yad ediyorlar".

Daha sonralar isə hətta 70 il sovetlərin tərkibində olan Azərbaycan xalqı Qurban bayramını unutmayıb. Yenidən müstəqillik qazanıldıqdan sonra isə dövlətin dəstəyi ilə Qurban bayramı daha mütəşəkkil qeyd olunmağa başlandı. 1994-cü ilin yazının ağır siyasi mənzərəsi, yəqin ki hamının yadındadır. Müharibədən təzə çıxan dövlət öz iqtisadiyyatını yenidən qurmağa, özünü dünya çapında yenidən təsdiq etməyə can atırdı. Çox təəssüf ki, bəzi daxili və xarici qüvvələr buna qarşı çıxırdı. Amma bu ağır durumda Azərbaycanın o vaxtkı Prezidenti, Ümummilli lider Heydər Əliyev mayın 21-də – Qurban bayramında Bibiheybət məscidinə gedərək, xalqı Qurban bayramı münasibətilə təbrik etdi. Bu fakt özündə çox böyük missiyanı ehtiva etdi. Milli dövlətçilik ənənəsi mənəvi, İlahi qatlarla daha da gücləndi. H.Əliyevin bayramın daha mütəşəkkil keçirilməsi üçün göstərdiyi dəstək Azərbaycanın gələcək ideoloji prinsiplərinin eskizlərini cızdı.

Heydər Əliyev o zaman qeyd etdi ki, Qurban bayramını Azərbaycan xalqı ağır vəziyyətdə keçirir. Xalqımız təcavüzkarlar tərəfindən müharibəyə cəlb olunub. Qəhrəman oğullarımız torpaqlarımızı qorumaq uğranda şəhid olurlar. Biz doğma torpaqlarımızı müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək, milli, dini ənənələrimizin hamısını bərpa edəcəyik. Xalqımız bundan sonra ulu babaların yolu ilə, Həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və xoşbəxt gələcəyə çatacaqdır.

Xoşbəxt gələcək düsturunun tərkibində mənəvi dirçəliş kodeksinin də olması xalqı yenidən öz ruhi yaddaşına qaytarmaq məqsədi güdürdü. Əsl xoşbəxtlik də məhz bunda idi: xalqın özünün ruhi yaddaşına qayıtması, Qurban bayramına sıravi şəriət hökmləri ilə deyil, bu cür ideoloji, mənəvi rakursdan yanaşılması Azərbaycanda ruhi dirçəlişin ilk rüşeymlərini yaratdı.

Qurban bayramına olan bu münasibət bu gün də yüksək səviyyədə davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər dövlət və dini bayramlar kimi, Qurban bayramının da xalq tərəfindən lazımi şəkildə qeyd olunmasına böyük önəm verir, bu mərasimin mənəviyyat tariximizdə önəmli yer tutduğunu qeyd edir.

Elmin Nuri

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.