Rusiya səfirliyi rəsmisi Tərcümə Mərkəzində olub

Rusiya səfirliyi rəsmisi Tərcümə Mərkəzində olub

Dekabrın 9-da Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Oleq Muraşov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı O.Muraşev Mərkəz barədə fikirlərini bölüşüb: “Ölkələrimiz arasında dostluq münasibətləri gün-gündən inkişaf edir. Uzun illərdir sizin işinizlə əlaqəli bir sahədə çalışıram. Bakıya, Azərbaycana bağlı bir insanam. Görüşə gəlməmişdən öncə öyrəndim ki, Mərkəz Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb və belə az zaman ərzində xeyli uğurlar qazanıb. Sizin rus ədəbiyyatından tərcümə və çap etdiyiniz kitabların kataloqu ilə tanış olduq. Tərcümə Mərkəzinin rus ədəbiyyatına və mədəniyyətinə olan diqqət və qayğısı  bizi çox sevindirdi. Xüsusən, diqqətimizi tərcümə olunan ədəbiyyatların seçimi cəlb etdi. Ümid edirik ki, bu cür mədəni və ədəbi mübadilələr qarşılıqlı və daimi olacaq”.
Mərkəzin direktoru qurumun fəaliyyət istiqaməti, perspektivləri barədə məlumat verdi: “Tərcümə Mərkəzi 25 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində biz sırf dünya ədəbiyyatının tərcüməsi və nəşri istiqamətində çalışırdıq. Mərkəzin yeni statusu, düşünürəm, görülən işlərə verilən yüksək dəyər kimi qiymətləndirilməlidir. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılmasıyla bağlı dövlət başçısının verdiyi sərəncam Mərkəzin fəaliyyət dairəsini genişləndirdi. İndi biz təkcə bədii əsərlərin tərcüməsi ilə yox, ölkənin bütün sahələri üzrə gedən tərcümə proseslərinin təkmilləşdirilməsi və tənzimlənməsi ilə məşğul olacağıq. Bu gün Mərkəzdə dünyanın aparıcı dilləri üzrə mütəxəssislər çalışır. Biz görülən işlərin peşəkar səviyyədə həyata keçirilməsində maraqlıyıq. Tərcümə – sahələr üzrə bilik, yüksək peşəkarlıq və məsuliyyət tələb edən ciddi bir sahədir. Lakin təəssüflər olsun ki, çox zaman naşı yanaşmanın qurbanına çevrilir”.
Daha sonra Mərkəzin “Elm, təhsil və mədəniyyət şöbəsi”nin müdiri Yaşar Əliyev Mərkəzin uzun illər rus ədəbiyyatından tərcümə edilən ədəbi şedevrlərdən, həmçinin, çapa hazırlanan kitablardan danışdı: “Rus ədəbiyyatı Azərbaycan yazıçılarına güclü təsir göstərib. Təkcə tərcümə baxımından yox, ədəbiyyatın özü daim bizim maraq mərkəzimizdə olub. Mərkəz dünya xalqları ədəbiyyatının tərcüməsində ən geniş yeri həmişə rus ədəbiyyatına verib. Hazırda Fyodor Dostoyevskinin, Leonid Andreyevin əsərləri, Vasili Şukşinin povest və hekayələri, Çexovun hekayə və pyesləri, Andrey Platonovun “Can”, “Katlavan” əsərləri, Boris Pasternakın “Doktor Jivaqo”, Yuriy Trifonovun “Qoca” romanı, həmçinin “Gümüş dövrün şairləri” adlı poetik tərcümə toplusu çap mərhələsindədir. Bu əsərlərin bir çoxu Azərbaycanda ilk dəfə işıq üzü görəcək”.
Daha sonra dil mütəxəssisi Püstə Axundova Mərkəzin strukturu, şöbə və bölmələri, mətbu orqanları və şuraları, həmçinin tərcümə işinin təkmilləşdirilməsiylə bağlı həyata keçirilən digər tədbirlər barədə əhatəli məlumat verdi.
Sonda O.Muraşev Mərkəzin fəaliyyətindən, belə bir qurumla yaxından tanışlıqdan məmnunluğunu bildirərək, Rusiya səfirliyinin dil və tərcüməylə bağlı bir sıra tədbirlərinin Mərkəzlə sıx əməkdaşlıq zəminində həyata keçirilməsinin əhəmiyyətindən danışdı.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.