Atəşpərəstlərin inanc yeri

Atəşpərəstlərin inanc yeri

Dahi kimyaçı Mendeleyevi Atəşgaha bağlayan nə idi?

Darvazadan içəri girərkən, sanki Zərdüştün ayaq izləri ilə qeyri-ixtiyari hərəkət etməli olursan. Bizdən neçə min illər qoca olan yaddaş sistemimiz bu izləri tanıyır, özü bizi harasa aparır. Bura II-III əsrdə əsası qoyulan, zərdüştilərin tapındığı atəş ocağı, atəş yurdu - Atəşgahdır. Bu yerin öz mistikası, sehri var. Hər bir daşı elə bil tarixin o üzündən adama salam verir. İstər-istəməz xəyalən də olsa, məbədin inşa olunduğu XVII əsrə yollanırıq, Böyük İpək Yolu ilə Azərbaycandan keçən və zərdüştiliyə tapınan hindli tacirləri görür, II-III əsrdə əsası qoyulan, bu sirli məkan haqqında eşidir və oradan yerin tərkindən çıxan alovun sehrinə düşürük....

Bir vaxtlar dağılıb məhv olmaq təhlükəsi ilə üzləşən məbədi Bakı memarları yenidən inşa ediblər. Beləcə, hazırda həyətində olduğumuz, mərkəzi ibadətxana və 26 hücrədən ibarət Atəşgah məbədi ilə Dövlət Memarlıq Qoruğunun əsası qoyulub.

Daş dilində söhbət

Əsrlərdir, alovu sönməyən mərkəzi ibadətxana qarşısında dayanıb onu üzük qaşı kimi əhatə edən 26 kiçik və sirli hücrəyə baxanda anlamaq olur ki, tarix insanlarla hər zaman daşların dili ilə danışır.

Qoruğun bələdçisi Ləman Salamova daş dilində danışan tarixlə ünsiyyət qurmağımıza yardımçı olur. Deyir ki, dünyanın harasından gəlməsindən asılı olmayaraq, bütün turistləri bu hücrələr və onların mistikası valeh edir. Ən çox isə turistləri ibadət edən, özlərinə cismani cəza verən zahid fiqurları heyrətləndirir. Zərdüştilər, hindlilər isə bura həm də dua oxumaq, müqəddəs ocaqlarına baş çəkmək amalı ilə gəlirlər. Hazırda Azərbaycanda 500-ə yaxın zərdüşti var, dünyada isə onların sayı 200 minə qədərdir. Onlar əsasən Hindistan və İranda yaşayırlar. Novruz bayramında bura gəlir, mərkəzi ibadətxanadakı alov ətrafında dualar edir, nəzir verirlər. Nəzir isə, əsasən meyvələrdən ibarət olur. "Avesta"dan bilirik ki, alma, armud, eləcə də başqa meyvələr Zərdüşt davamçıları üçün müqəddəs sayılır.

Hücrələrin üzərində 20 qədim yazı var - 19-u qədim sanskrit dilində, biri isə farscadır. Yazılarda məbədin hansı varlı tacirlər tərəfindən tikildiyi qeyd olunur. Burada incə bir məqama diqqət edək. Belə ki, əksəriyyət atəşpərəstlərlə zərdüştiləri fərqləndirmir. Amma arada əsaslı fərq var. Zərdüştilər odu, Tanrıyla ünsiyyət vasitəsi kimi dəyərləndirir, onu bu səbəbdən müqəddəs hesab edirlər. Atəşpərəstlər isə birbaşa odun özünə Tanrı kimi baxırlar.

Sirli hücrələr

Hücrələri gəzərkən sanki tarixin daş dilində "oxuduğu" mühazirəni dinləyirik. Hücrələr qaranlıqdır, amma yaddaş sistemimizin başlanğıc nöqtələrindən olan Zərdüştün işığı uzaq Midiyadan, Atropatenadan yola çıxaraq, buralara qədər gəlir. İlk hücrədə zərdüştilərə aid rəmzləri özündə əks etdirən əşyalar saxlanılır. Bir zamanlar məbədin sakinləri olan müridlər, bura ibadət üçün gələn zəvvarlar ot və süddən hazırlanan xüsusi içkini qəbul edəndən sonra ibadətə başlayarmışlar. Bu içki onları vəcdə gətirər və trans vəziyyətində olan müridlərin, zəvvarların gözləri önünə cənnət gələrmiş. Onların cənnət sevdası buradan qaynaqlanarmış.

Xatırladaq ki, "Atəşgah"a gəlmək istəyən zəvvarlar əsasən varlı hindlilər idi. Onların dini dünyagörüşünə əsasən, müqəddəs ocaqda ömrünün son illərini keçirmək və burada ölmək cənnətə düşmək demək idi. Odur ki, varlı hindli əmirlər, necə deyərlər, o dünyaya yolu Suraxanıdan salarmışlar. Əmircan kəndinin adının etimologiyası da elə bu faktla bağlıdır. Uzun yol qət edən varlı əmirlər müqəddəs məbədlərinə getməzdən əvvəl bu kənddə bir müddət qalar, paklanandan sonra "Atəşgah"a yollanarmışlar. Bu mənada belə ehtimal olunur ki, "Əmircan" sözü "əmir saxlayan" ifadəsindən yaranıb.

Mendeleyevin laboratoriyası

Növbəti hücrəyə qədəm qoyuruq. Bələdçi hücrə haqqında məlumat verərək, maraqlı məqama toxunur və deyir: "İndinin özündə də bu hücrəyə gələn hindlilər uzun müddət buradan çıxmır, dua edirlər". Çünki hücrədə induizmdə üç Tanrıdan biri hesab edilən Şiva ikonası var. Hindlilər də məhz onun qarşısında uzun müddət dua edirlər. Hindli duasının səsi isə hücrənin mistik aurasını daha da artırır".

Ümumiyyətlə, zərdüştilərin müqəddəs məkan saydıqları "Atəşgah" öz aurası, qəribə enerjisi ilə bütün turistləri özünə cəlb edir. Fransız yazar Aleksandr Düma, böyük rus alimi Mendeleyev də bu məbəddə olub. Mendeleyev və rus çarı III Aleksandr ailələrinə yazdıqları məktubda dünyada bu məbədin analoqu olmadığını qeyd ediblər. Müasir kimya elminin banisi sayılan böyük rus alimi Mendeleyevin bura gəlməsi isə 1855-ci ildə tikilən kerosin zavodu ilə əlaqədardır. Məbədin arxasında tikilən zavodda Mendeleyev neftin düzgün istifadə olunması, israf edilməməsi barədə məsləhətlər verir, fabrikin işinə kömək edirdi.

Mendeleyevin məbədin divarlarına bitişik laboratoriyası sonradan həmin zavodun fəaliyyətini daha da çiçəkləndirir.

Təəssüf ki, böyük alimin Atəşgah ətrafında qaldığı yer və işlədiyi laboratoriya sonradan dağıdılıb. Hazırda həmin yerlərdə yaşayış evləri və müxtəlif tikililər mövcuddur. Kerosin zavodundan isə yalnız, necə deyərlər - "xatirələr" qalıb. Bir fakt da məlumdur ki, böyük kimyaçı, elementlərin dövri cədvəlini yuxuda gördükdən sonra hazırlayıb. Bələdçidən "bəlkə, Atəşgahın özünəməxsus mistikası sayəsində həmin yuxunu elə burada görüb", deyə soruşsaq da, təsdiq cavabı almırıq. Xanım deyir ki, Mendeleyev o bəşəri yuxunu burada görməyib. Amma kim bilir, bəlkə də, kimyaçı öz məşhur kəşfini vətəni Rusiya ilə deyil, Azərbaycanla əlaqələndirmək istəməyib.

Tərki-dünyalıq

Əslində zərdüştilikdə insanın özünə cismani cəza verməsi qadağan edilirdi. Amma sırf xeyir əməl və xeyir fikrin təbliğatçısı olan Zərdüşt davamçılarından fərqli olaraq, hindlilər ruhun istismarına xüsusi önəm veriblər. Bu mənada hücrələrdəki mumdan hazırlanan fiqurlar diqqəti daha çox cəlb edir.

Kiçik və qaranlıq hücrədə ömrünün sonunu ibadətə həsr edən tərki-dünya zahid fiquru sanki qəribə ritualı həyata keçirir. O, qaynar əhəngin üzərində çılpaq şəkildə arxası üstə uzanıb. Qaynar əhəng onun bütün dərisini yandırır. Hind düşüncəsinə görə, bu ritual vasitəsilə insan cismani əzab çəksə də, mənən təmizlənir, günahlardan qurtulur. Başqa bir hücrədə isə ömrünün son günlərində Hindistandan məbədə gələrək, burada ölməyi arzulayan zahid fiquru var. Bu zahidin də əsas istəyi günahlardan təmizlənməkdir. Bu məqsədlə o, çox az qida qəbul etməsinə, xeyli arıqlamasına baxmayaraq, ağırlığı 30-40 kq olan zənciri boynundan asır və ömrünün son günlərini belə yaşayır.

Növbəti hücrədə isə özünü günahlardan təmizləmək üçün tamam başqa ritualı həyata keçirən Zərdüşt davamçısının fiquru görünür. O da daş üzərində uzanaraq, günlərlə sağ əlini və ayağını hərəkətsiz saxlayır, bununla da bədəninin bir tərəfini tamamilə iflic edirmiş.

Bu ritualların sonucunda dünyasını dəyişən, bununla da "arzularına çatan" zahidlər məbədin həyətindəki xüsusi yerdə yandırılırdı. Zərdüştilər dörd müqəddəs ünsür saydıqları torpağı korlamamaq üçün meyiti həmin o yerə gömürdülər. Dağlıq yerlərdə isə xüsusi daxmalar tikərək meyiti, quşlara qida kimi ora qoyarmışlar.

Azərbaycandan bütün dünyaya və ya sirli Novruz

"Atəşgah məbədi"nin əməkdaşı müasir dövrlə bağlı bir faktı açıqladı: "Məlumdur ki, hər il Novruz bayramında bayram alovu xüsusi mərasimlə buradan götürülür və İçərişəhərə aparılır. Həmçinin, ilk Avropa Oyunları Bakıda keçirildiyi üçün Olimpiya məşəli də burada yandırılmışdı. Bundan sonra Avropa Oyunlarının qitənin hansı ölkəsində keçirilməsindən asılı olmayaraq, Olimpiya məşəli burada alovlandırılacaq. Yay Olimpiya Oyunlarının alovunun Yunanıstanın Olimp dağından götürülüdyü kimi yandırılır, eləcə də, Avropa Oyunlarının məşəli Atəşgahda alovlandırılacaq".

"Atəşgah"a Novruz bayramında daha çox ziyarətçi gəlir. Novruzda buranın aurası da sanki başqalaşır, daha sehrli, daha sirli olur. Novruzda da, Hindistan və İrandan gələnlər çoxluq təşkil edir. Onların arasında zərdüştilər də olur. Onlar "Atəşgah"ın həyətindəki mərkəzi ibadətxanaya yaxınlaşır, dualarını edir və meyvələrini oda nəzir verirlər. Onu da deyək ki, Novruzda hamının süfrəsində olan şəkərbura, paxlava, qoğal zərdüştilik rəmzləridir. Bu dinin daşıyıcıları alovla bərabər Günəşi də, səma cisimlərini də müqəddəs sayıblar. Odur ki, şəkərburanı Aya, qoğalı Günəşə, paxlavanı isə ulduzlara bənzədiblər.

Sonun əvvəli

...Beləcə daş dilində danışan tariximizlə sağollaşırıq. Qədim Atropatenadakı zikkuratlardan, balaxanalardan (hər ikisi ibadət məkanı olub - E.N), atəş ocaqlarından və s. qopan bu dil yaddaş salnaməmizdir. Heç vaxt Tanrıya qarşı çıxmayan, onun Xeyir məfhumuna inanan və Əhrimənə nə zamansa qalib gələcəyinə şübhə etməyən Zərdüşt zamanca bizlərdən çox-çox uzaqlarda olsa da, ruhən çox yaxınımızdadır. Çünki o, bizim qan yaddaşımızdır.

Elmin Nuri

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.