Simalarda yaşayan tarix

Emil Ağayev

(1938-2016)

Universiteti bitirdikdən sonra ucqar kəndə getməyim uşaqlara rus dilini öyrətməkdən daha çox, özümün Azərbaycan dilini öyrənmək istəyimlə bağlı idi. Burada mən kənddə başıma gələn maraqlı əhvalatları, kənd sərgüzəştlərimi xatırlamaq niyyətində deyiləm, bunları, inşallah, memuar yazanda qələmə almağı düşünürəm. İndisə, müəllimliyi jurnalistika ilə əvəz edərək, redaksiya vəsiqəsi ilə ölkəni necə gəzməyimdən danışmaq istəyirəm.

Müəllim kimi ilk məzuniyyətə çıxdığım vaxt, heç gözləmədiyim halda, jurnalistikada ilk uğurumu qazandım; özü də necə uğur! Naxçıvanda təsadüfən eşitdim ki, burada Cəlil Məmmədquluzadənin bir qohumu yaşayır! Öyrəndim ki, bu maraqlı və yaşlı qadın xəstəxanada işləyir - Yoluxucu xəstəliklər şöbəsində xadimədir. (tanış olduqdan sonra biləcəkdim ki, sən demə, bu qadın hələ rus imperiyası dövründə nüfuzlu bir təhsil müəssisəsində gözəl təhsil alıbmış!)

Bakıya qayıdanda təkcə onunla görüşümüz haqqında yazmadım. Həmçinin baş redaktorun adına məruzə hazırladım, redaktor da onu yuxarı instansiyalara təqdim etdi.

Deyə bilmərəm ki, bu, mənim qəhrəmanımın həyatını nə dərəcədəsə dəyişdi, vəziyyətini yaxşılaşdırdı, amma indi də düşünürəm ki, ən azı, onun xatirəsini yaşada bildim.

...Çaylarımız soyuyur, aradakı sükutu hardansa gələn boğuq musiqi səsi pozur və bu dar macalda fikirləşirəm ki, hətta sınıq reproduktor da Qara Qarayevin skertsosunun əzəmətini korlaya bilmir.

Məzuniyyətimin sonuncu günüdür.

...Bloknotu vərəqləyirəm. Tələsik yazılmış qeydlərimə göz gəzdirirəm...

...Yaxşıca laklanmış mücrü, güzgü. Hardasa səhra radiostansiyasını xatırladan qədim telefon. Bunlar azərbaycanlı ədibin adını daşıyan yerli muzeydə gördüyüm şəxsi əşyalardır - Mirzə Cəlilin şəxsi əşyaları.

...2 saylı məktəb də onun adını daşıyır. Deyirlər, yazıçı bu məktəblə üzbəüz evdə yaşayıbmış.

...Məscid. Onun minarəsi şəhərin hər yerindən görünür. Ədibin tərcümeyi-halından bu sətirləri xatırlayıram: "İlk dəfə gözlərimi açanda dünyanı qaranlıq gördüm. Qaranlıqda ilk eşitdiyim "Allahu-əkbər!" Allahu-əkbər!" sədaları oldu."

...Dağlara gedən yol. Bu yol Nehrəm kəndinə aparır. XIX əsrin sonlarında Mirzə Cəlil bu kənddəki məktəbdə nəzarətçi işləyib. Onun əsərlərinin qəhrəmanları Sadıq-Balaqur, Xudayar bəy, eşşəyi oğurlanmış Məmmədhəsən əmi də nehrəmlidirlər...

Naxçıvan. Burada hər daş Mirzə Cəlili xatırıladır.

Amma daşlar danışa bilmir...

...Şəhər kənarındakı birmərtəbəli sadə evin qapısını başı örpəksiz bir qadın açır.

- Salam. Pakizə xala burda yaşayır?

- Mənəm.

Qadın sabunlu əllərini bükülü dəsmala silir: elə girişdə kətilin üzərində paltar dolu təknə var.

Otağa keçirik.

İlk gözə dəyən böyüdülüb çərçivəyə salınmış şəkil olur. Şəkildən irialınlı, aydınbaxışlı, qalınbığlı Mirzə Cəlil baxır. Yanında da yoğun hörüklü, girdəsifət bir qız. Çətinlik çəkmədən ev sahibini tanıyıram.

Fikrimdə bu şəkli qəzet səhifəsində, "İlk dəfə dərc olunur" yazısı ilə görürəm.

- Yox, yox, - Pakizə xala fikrimi oxuyub gülümsəyir. - Bu, orijinal şəkil deyil ...

Sonra qüssəli bir səslə doğma dayısından ona heç bir xatirə qalmadığını deyir. Bu şəkli də montaj etdirib...

Hava qaralır, Pakizə xala artıq neçənci dəfədir, çaylarımızı təzələyir.

 Xətirələri də axşamın alatoranı kimi yavaş-yavaş otağa yayılır.

- Çox illər keçib. Çox şeyi dumanlı xatırlayıram. Amma elə şeylər var ki, bu gün də gözümün qabağındadır... Elə bil dünən idi, ...anam Səkinə ilə o həyətə gəlmişik, uşaqlar oynayırlar, ancaq onların nə oynadıqlarını bilmirəm, mən belə oyun görməmişəm bu vaxtacan; iki nəfər dayanıb, qalanları da onların qarşısından qışqıra-qışqıra keçirlər. Səslərindən az qala qulağım tutulur. Sonra bildim ki, bu oyun "parad" adlanır.

Biz pilləkənlə ikinci mərtəbəyə qalxırıq, anam qapının zəngini basır. Qapını açan kişini o dəqiqə tanıyıram; divardan şəkli asılmış dayımdı.

O, qollarını açıb təəccüblə soruşur:

- Ay-yay! İndi sizlərdən Səkinə hansınızsız?

Dayımın bu zarafatı mənə ləzzət eləyir. Bunu hamı deyirdi, mən anama çox oxşayırdım.

... Bulvarda gəzişirik - dayım oğlanları Midhət, Ənvər və mən. Mirzə Cəlil bizim əllərimizdən tutub. Biz üç uşaqdıq, onun isə, iki əli vardı. Ona görə də onun yanında addımlamaq üstündə mübahisə edirdik. Dayım gülür, sonra növbə qurur.

Cibindən böyük bir saat çıxarır:

- Midhətin bir dəqiqə vaxtı qalıb, indi kimin növbəsidi?! ...

...Hər axşam dərslərimizi yoxlayardı.

Kimsə tənbəllik edəndə, o, başını yelləyib deyirdi:

- Ay müsəlman!

...Dayım gecələr işləyirdi. Mən onu gündüzlər yazan görməmişəm. Amma gecəyarısı oyananda kabinetində var-gəl etdiyini, addım səslərini eşidirdim. Bəzən kabinetindən kamança səsi gəlirdi: dayım kamançada çala bilirdi, özü də pis çalmırdı.

Elə olurdu ki, evdə konsert təşkil edirdik. Ənvər klarneti, dayım kamançanı, Midhət tarı götürürdü. Hərdən də Xan Şuşinski gəlirdi bizə.

...Dayım çox diqqətcil və qayğıkeş idi. Bir hadisə indiki kimi yadımdadır; külək küçədə elektrik xətlərini qırmışdı, məni cərəyan vurmuşdu... Dayıma bunu deməmişdilər; həmin vaxt o, Borjomidə dincəlirdi. Lakin necə olmuşdusa, xəbər tutmuşdu. Sən demə, qəzetlərdən biri bu barədə hadisələrin xronikasında yazıbmış, dayım da xəbəri oxuyan kimi, qayıdıb gəlmişdi. Bizi nə qədər danlamışdı!...

...Onun sevimli sözü "ахı" idi. Bizə nəyisə qadağan edəndə deyərdi: "axı olmaz!". Biz də ondan tez-tez eşitdiyimiz bu sözü təkrar-təkrar dilə gətirməkdən xoşlanardıq. Və o qədər öyrəşmişdik ki, bir dəfə bizlərdən kimsə rusca danışanda "axı" sözü işlətmişdi. Dayım bərk hirslənmişdi, o, qarışıq nitqə dözmürdü, ya təmiz rus dilində, ya da təmiz Azərbaycan dilində danışmağı tələb edirdi.

...O vaxtlar "Molla Nəsrəddin" jurnalının redaksiyası dayımın mənzilində yerləşirdi. Biz uşaqlar jurnalı qablaşdırmağa kömək edirdik - təzə nömrələrın bağlamalarını yapışqanla yapışdırırdıq. Biz bundan qürur duyurduq, bağlamaların üzərində yazdığımız "ünvanlarla" öyünürdük: İran, Tiflis, Kazan. Dayım da bizim işimizə ciddi yanaşırdı və kim ki xüsusi canfəşanlıq göstərirdi, ona həmişə az da olsa, pul verirdi.

O da yadımdadır ki, bir dəfə biz dayımla Zaqatalaya getdik. Çox uzaq yol idi, adama elə gəlirdi ki, yol heç qurtarmayacaq. Axır ki, gəlib çatdıq. O da yadımdadır ki, mehmanxanada yox, kiminsə evində gecələdik. Niyəsini bilmədim. O qədər yorğundum ki, bu səyahətdən təkcə yol yadımda qaldı...

Bir neçə ildən sonra, Mirzə Cəlilin "Qoşa yastıq" hekayəsini oxuyanda, Zaqatala səfərimiz yadıma düşdü...

Hekayə belə başlayır: "Avqustun 23-də mənə məlum oldu ki, tezliklə Zaqatala şəhərinin Pedaqoji Texnikumunda imtahanlar başlamalıdır. Bunu biləndə qızımı götürdüm və avqustun 24-də Yevlax stansiyasına gəldim". Və daha sonra qaldıqları evdə onları - dayımı, artıq yaşlı adamı və onun hələ çox balaca qızını ər-arvad bilən evin xanımı onlara bir çarpayıda yer açıb, iki yastığı yanaşı qoyub.

O dövrün adəti belə idi!

Həmin o qız mən idim...

Pakizə xala özündən, böyük yazıçıdan çox danışdı. Mən onu dinləyə-dinləyə düşünürdüm: xırda məişət detalında, hər bir adi hadisədə çoxlu məna var və yalnız adlar, tarixlər, keçmişin əsas hadisələri yadda saxlanmamalıdır, keçmişi həm də onun inandırıcı, canlı təfərrüatları təşkil edir.

Tarix yalnız belə dirilir, qəlblərə köçür...

 

 

DİGƏR MƏQALƏLƏR