Ermənistan - Azərbaycan münaqişəsi: səbəb və nəticələr

I YAZI

Mənə elə gəlir ki, nəhayət, dövlət sərhədlərindən imtina etmək və milliyyətindən, sosial mənşəyindən asılı olmayaraq, dünyanın bütün vətəndaşları üçün eyni haqları tanımaq daha real və ədalətli qərar olardı.

(V Pryaxin. "Mərkəzi Asiya və Qafqaz" jurnalı.

№6, 2002, səh.18)

Xaqan MƏMMƏDOV

"Soyuq müharibə" sonrası meydana çıxmış beynəlxalq münaqişələrin təhlilini, praktiki olaraq, sıfırdan başlamaq lazım gəlir. Çünki müasir beynəlxalq şərait "soyuq müharibə" dövründəki şəraitdən tamamilə fərqlənir. Münaqişənin təhlilinin son məqsədi - konflikt barədə əhəmiyyətli, səhih, yeni məlumatlar əldə etmək və onların əsasında praktiki tövsiyələr işləyib-hazırlamaqdan ibarətdir. Bu tövsiyələr konfliktlərin konstruktiv zəmində tənzimlənməsini real olaraq asanlaşdıra bilər. Böhranın aradan qaldırılması ilə bağlı tövsiyələr işləyib-hazırlayarkən, o qədər də böyük olmayan Dağlıq Qarabağ ərazisində uzun illər boyu yanaşı yaşamış xalqların bir-biri ilə nə dərəcədə konflikt vəziyyətində olduğunu dərk etmək lazımdır. Burada sülh yaradan üçüncü qüvvənin rolunu da nəzərə almalıyıq.

Azərbaycan Rusiya imperiyasının, sonra da Sovet İttifaqının tərkibində olub. Azərbaycan Respublikasının dövlət-ərazi kompleksinin formalaşması 16 mart, 1921-ci il tarixində Sovet Rusiyası və Türkiyə arasında bağlanmış Moskva müqaviləsinə əsaslanır. R(b)KP Qafqaz bürosunun 4 iyul, 1921-ci il tarixli plenumunun qərarına əsasən Dağlıq Qarabağ Azərbaycanın tərkibində öz muxtariyyətini saxladı. Bu məsələdə Rusiyanın görkəmli dövlət xadimləri, o cümlədən də, erməni mənşəli şəxslər böyük rol oynadı.

Onlar, haqlı olaraq belə hesab edirdilər ki, Azərbaycanla təsərrüfat və siyasi əlaqələrin qorunub saxlanması Dağlıq Qarabağın xeyrinədir. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu müddətdə Ermənistan dəfələrlə ərazi iddiaları irəli sürüb. Böyük Vətən müharibəsindən dərhal sonra, 1960-cı və 1968-ci illərdə də belə hallar olub. Lakin hər dəfə  siyasi-dövlət elitası separatizm cəhdlərinin qarşısını qətiyyətlə alıb. "Yenidənqurma" dövrü və dövlət müstəqilliyinin ilk illəri Azərbaycanın həyatında dramatik hadisələrlə yadda qaldı. Cənubi Qafqazda yaranmış yeni dövlətlər, ilk növbədə Ermənistan, "əzəli" torpaqlarını qaytarmaq üçün ciddi həmlələrə başladı. Bu qanlı hadisələrin təşəbbüskarı hələ 1919-cu ildə qonşularla müharibəyə başlayan Ermənistan oldu. Nəticədə Cənubi Qafqaz əhalisinin 30 faizi həyatını itirdi, Azərbaycan isə tarixi torpaqlarının bir hissəsindən məhrum oldu. "Meğri dəhlizi" hələ də Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər torpaqlarından ayırır.

MDB məkanında Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi doğurduğu siyasi və humanitar fəlakətlərin miqyası etibarilə beynəlxalq birliyin diqqət mərkəzində olan regional münaqişələrin ən böyüyüdür. Dağlıq Qarabağ faciəsi müasir dünya düzəninin qlobal problemlərini, yeni çağırışları, beynəlxalq təhlükəsizliyi və insan sivilizasiyasını təhdid edən faktorları özündə əks etdirir.

Öz amansızlığı, miqyası ilə seçilən və keçmiş SSRİ ərazisində millətlərarası münasibətlərin məhv olmasında detenator rolunu oynayan bu qarşıdurmanın başqa bir özəlliyi də var ki, onu başqa konfliktlərlə birləşdirir.

Abxaziya, Cənubi Osetiya, Balkan ərazilərində və s. tüğyan edən münaqişələrdə olduğu kimi, burada da, tənzimlənmənin perspektivi ilə bağlı faciəvi çıxılmazlıq ab-havası hökm sürür. Bunun nəticəsində münaqişə "dondurulmuş" sayılır. Ermənistanla Azərbaycan arasındakı qarşıdurma təkcə etnik barışmazlıq və konfliktin dərinliyi ilə deyil, digər regionlara da sirayət etməsi potensialına görə təhlükəlidir.

Dağlıq Qarabağ hadisələri konfliktin təşəbbüskarları tərəfindən qəsdən yaradılan "birinci xaos" ssenarisi üzrə inkişaf edirdi. Beynəlxal hüquq baxımından bir-birinə zidd olan cürbəçür bəyannamələrin, qətnamələrin qəbul edilməsi də bu ssenariyə daxildir.

***

20 fevral, 1988-ci il tarixində Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti vilayətin Azərbaycan SSR-nin tərkibindən çıxarılıb, Ermənistan SSR-nin tərkibinə qatılması ilə bağlı SSRİ Ali Sovetinə müraciət ünvanladıqdan sonra Ermənistan SSR-nin Ali Soveti 1988-ci il iyunun 15-də DQMV-nın respublikanın tərkibinə daxil olmasına razılıq vermək haqqında qərar qəbul etdi.  1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşməsi haqqında qətnamə qəbul etdi. Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzünə hüquqi don geyindirmək cəhdi idi.

1990-cı ilin yanvarında Ermənistan Ali Soveti illik iqtisadi inkişafın Dövlət planını təsdiqlədi. Bura Dağlıq Qarabağ da daxil edilmişdi. Ermənistan parlamentinin 1991-ci ilin sentyabrında qəbul etdiyi Müstəqillik bəyannaməsində Ermənistanla Dağlıq Qarabağın birləşməsi ilə bağlı qətnamə yenidən təsdiqləndi. 1992-ci ilin iyun ayında Ermənistan Ali Soveti Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi göstərən beynəlxalq və ya daxili sənədləri qəbuledilməz elan etdi. Qətnamədə deyilirdi: "Ermənistan Respublikası DQMV-nin və onun əhalisinin təhlükəsizliyinin təmin edilməsini öz üzərinə götürür... Yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistan Respublikasında hərbi səfərbərlik elan edilsin... hərbi sirlərin qorunması ilə bağlı zəruri tədbirlər görülsün".

1988-ci ildə, SSRİ konstitusiyasına görə, Sovet Azərbaycanının tərkib hissəsi kimi, DQMV-nin öz istəyi ilə bir respublikadan ayrılıb, başqa bir respublikanın tərkibinə daxil olmaq hüququ yox idi. Odur ki, DQMV-nin 20 fevral, 1988-ci il tarixli müraciətinin və Ermənistan Ali Sovetinin 1 dekabr, 1989-cu il tarixli qətnaməsinin heç bir hüquqi əsası yoxdur. Çünki bu sənədlər DQMV-nin daxil olduğu ölkənin konstitusiyasının müddəaları ilə ziddiyyət təşkil edirdi. Eləcə də, Ermənistan SSR Ali Sovetinin 15 iyun 1988-ci il tarixli qərarı da heç bir hüquqa əsaslanmır. Şübhəsiz, Sovet rəhbərliyi Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması ilə bağlı qərar qəbul edə bilməzdi. Bütün bunları nəzərə alan SSRİ rəhbərliyi, silahlı qarşıdurmanın qarşısını almaq üçün, Daqlıq Qarabağda fövqəladə vəziyyət elan etdi. Sözsüz, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı əvvəlcədən səhv mövqe tutulmuşdu. Sovet rəhbərliyi müstəqil arbitr rolunda çıxış etməli, Azərbaycan Respublikası və vilayət rəhbərliyinin qarşılıqlı hüquqlarının və vəzifələrinin təmin edilməsinin qeydinə qalmalı idi. Çünki münaqişə tərəfləri Ermənistan və Azərbaycan yox, məhz sözügedən subyektlər idi.

1991-ci ilə qədər münaqişə daxili səciyyə daşıyırdısa, Azərbaycan və Ermənistan Ali sovetləri dövlət müstəqilliyi haqqında bəyannamələr qəbul etdikdən sonra konfliktin beynəlxalq konteksti yarandı. Azərbaycan dünya birliyi tərəfindən öz administrativ sərhədləri ilə tanınıb, deməli, Dağlıq Qarabağ ölkənin ayrılmaz hissəsidir. Yəni Ermənistan və Azərbaycanın müstəqilliyi beynəlxalq hüquq baxımından Dağlıq Qarabağla Ermənistanın birləşməsini mümkünsüz edir.

Ermənistan öz müstəqilliyini bəyan etdikdən sonra, erməni tərəfinin səyləri hərbi  üstünlük əldə etməyə və faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına yönəlmişdi. 1992-ci ildə etnik təmizlənməyə məruz qalmış qeyri-erməni əhalisinin iştirakı olmadan keçirilən referendum nəticəsində Dağlıq Qarabağın (DQMR) müstəqilliyi elan edildi. Bu cür referendumlar yalnız dövlətin mərkəzi hakimiyyətinin razılığı ilə əhalinin hamısının iştirakı ilə keçirildikdə hüquqi qüvvəyə malik olur.

Nəticə etibarilə "DQR" beynəlxalq birlik tərəfindən tanınmayıb.

Azərbaycan üçün konfliktin həm daxili, həm də dövlətlərarası səciyyə daşıdığını nəzərə alsaq, Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsini mürəkkəb konfliktlərə aid etmək olar. Üstəlik, burada böyük dövlətlərin maraqları da toqquşur. Bundan başqa, Ermənistan ABŞ, Fransa və digər qərb dövlətlərindəki nüfuzlu erməni diasporlarından, eləcə də, "Böyük Ermənistan" xülyasına mübtəla olmuş terrorçu təşkilatlardan ciddi dəstək alır. Əslində bu, konfliktin dəstəklənməsi deməkdir.

Beynəlxalq hüquq normaları baxımından DQMV-nin erməni əhalisinin "müdafiəsi" ilə bağlı Ermənistanın heç bir səlahiyyəti yoxdur. Üstəlik, heç bir beynəlxalq təşkilat Dağlıq Qarabağ ermənilərinin hüquqlarının tapdanması hallarını qeydə almayıb.

Qonşu dövlət tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi humanitar fəlakətlə (1 milyon qaçqın və köçkün, yüz minlərlə qətlə yetirilmiş insan, boşaldılmış və yararsız hala salınmış Azərbaycan torpaqları), Xocalı faciəsi ilə nəticələnib. Bütün bunlar  azərbaycanlıların soyqırımı faktı,  bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Ancaq beynəlxalq birlik Dağlıq Qarabağın işğalını qəbul etməsə də, qonşu dövlətin ərazi bütövlüyünü pozmuş təcavüzkar ölkəyə qarşı sanksiyalar tətbiq etməyə tələsmir. Ən vacib məsələlərdən biri də 1988-ci ildə DQMV-nin Ermənistanla və ya hər hansı üçüncü tərəflə ümumi sərhədinin olmaması faktıdır.

Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə hüququnu əsas arqument kimi irəli sürməsi tamamilə əsassız yanaşmadır. Belə ki, Ermənistan Respublikasının timsalında  erməni xalqının öz dövləti mövcuddur. Deməli, "öz müqəddəratını təyin etmə" şüarı bu halda yalnız aldadıcı manevr, işğalçılıq siyasətini təmizə çıxarmaq cəhdidir. Qeyd etmək lazımdır ki, münaqişənin yenicə başladığı vaxtlarda nə Yerevanda, nə də Stepanakertdə bir dəfə də olsun, öz müqəddəratını təyin etmə hüququ ilə bağlı tələblər səsləndirilməmişdi.

 

Tərcümə edən:

Etimad BAŞKEÇİD

 

 

 

 

 

DİGƏR MƏQALƏLƏR