Əli çörəkli adam

...Səhərə yaxın Balaxanı mədənində gözlənilmədən fontan vuran neft quyusunun uğultusu uzaqdan eşidilirdi. Taxta buruq, fontanın "qəzəbinə" güclə tab gətirirdi, sanki indicə param parça olacaqdı. Günlərdən bəri yuxusu ərşə çəkilən, qazın, neftin kəskin  qoxusundan bəzən huşunu itirən, təpədən-dırnağadək mazuta bulaşmış fəhlələr neft selini ram etməyə çalışırdı. Günəşin ilk şəfəqləri göründükcə, yorğun gözlərinin ağı işıldayan bu adamlar ora-bura vurnuxur, yuxulamamaq üçün bir-birini haylayır, neftin axması üçün çuxur qazırdılar.

Şad xəbəri mədən sahibinə  tezdən çatdırmışdılar. İndi hamı səbirsizliklə onun yolunu gözləyirdi. Fəhlələr bilirdilər ki, ağa quyunun fontan vurmasına sevinəcək, gəlib hamıya şirinlik verəcək, yaxşı işə görə maaşı artıracaq. Çünki bu, mədəndə uzun müddətdən bəri davam edən xoş bir ənənə idi.

Gözlənildiyi kimi də oldu. Az keçmiş kələ-kötür mədən yolunda ağanın avtomobili göründü. O, cəld maşından düşüb hamı ilə görüşdü, hal-əhval tutdu, fəhlələrə "əhsən" deyib, neftdən bir ovuc götürdü, qoxuladı, keyfiyyətini yoxladı.

- Allah əl-qolunuzu var eləsin, qardaşlar, böyük, həm də çətin iş gördünüz. Deyəsən, birbaşa damara düşmüşük, lap doşab kimidi, əla neftdir!

Ağanın göstərişi ilə işlər müdiri fəhlələrə şirinlik payladı. İzdihamdan bir razılıq uğultusu keçdi.

- Bu gündən hamınızın maaşını artırıram, məvacibin iki mislini alacaqsınız. Halal olsun, ailələrinizi rahat dolandırın, qoy balalarınız ehtiyac çəkməsinlər...

Fəhlələr ağaya dua edib razılıq bildirdilər, sonra hərə öz işi ilə məşğul olmağa başladı. Ortaboylu, arıq bədənli, qıyıq gözlü, qara burma bığları olan mədən sahibi isə hələ xeyli müddət yerindən tərpənməyib, şahə qalxan neftin yaratdığı ecazkar mənzərəyə tamaşa etdi. Gözlərindən görünürdü ki, qəlbi sevinc və iftixar hissi ilə döyünür. Mədən sahibi kükrəyən neftin bugünkü Azərbaycan, xüsusən də inkişaf yoluna yenicə qədəm basmış Bakı üçün necə böyük önəm daşıdığını, mədəndə çalışan zəhmətkeş insanların taleyində mühüm rol oynadığını yaxşı bilirdi. O, qəlbinin dərinliklərində Ulu Tanrıya, xalqına bəxş etdiyi bu əvəzsiz nemət üçün təşəkkürünü bildirirdi...  

Fəhlələrin hörmətlə "bizim ağa" deyə müraciət etdiyi bu şəxs məşhur Bakı milyonçusu İsa bəy Əbdülsalam bəy oğlu Hacınski idi. XIX əsrin sonlarında Azərbaycanın neft sənayesində yeni inkişaf mərhələsi başlanmışdı. Bu dövrdə neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u azərbaycanlı idi. Milli neft milyonçularının - Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayevin fəaliyyətinin genişlənməsi sayəsində Bakı sürətlə sənaye mərkəzinə çevrilir, yenidən tikilir, gündən-günə abadlaşırdı.

...İsa bəy 1860-cı ildə Bakıda, zadəgan ailəsində anadan olub. Atasından ona bir neçə mülk və böyük torpaq qalmışdı. Tezliklə həmin sahələrdə neft yataqları aşkar edildi. Mədənlərdə yüksək ixtisaslı fəhlələr işləyirdi, onların əməkhaqqı isə Nobelin, Rotşildin, Montaşovun işçilərinin aldığı puldan qat-qat çox idi.

İsa bəyin  Bibiheybətdə də zəngin neft mədənləri vardı. Xəzər dənizindəki Çələkən adası onun və qardaşı Kazım bəyin ixtiyarında idi. Qara şəhərdə isə sahibkarın ağ neft zavodu fəaliyyət göstərirdi.

Hacınskilər həm də gözəl binalar inşa etdirən bir ailə kimi məşhurlaşmışdı. Bunlardan ən əzəmətlisi "Hacınskinin evi" kimi tanınan və Qız Qalasının yaxınlığında yerləşən binadır.

Şəhərə ilk avtomobili də milyonçu İsa bəy gətirmişdi. O, Bakı bulvarının salınmasında xeyli pul xərcləyərək,  şəxsi mülkünü məhz dəniz kənarında tikdirmişdi. O zamanlar bulvar indiki Kukla Teatrının binasından "Azneft"in binasına qədər olan sahədə yerləşirdi. 1912-ci ildə İsa bəy indiki Neftçilər prospekti, 103 ünvanında yerləşən binanı ərsəyə gətirmək üçün memarı İtaliyadan dəvət etmişdi. Burada qotik, barokko, modern və s. üslublar ustalıqla qovuşduruldu. Əzəmətli imarətin girişində mərmərdən yonulmuş şir heykəlləri vardı. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı partlayış nəticəsində bu heykəllər parça-parça oldu. (Yeri gəlmişkən, bu yaxınlarda paytaxtın Füzuli küçəsində 10 metr sürüşdürülərək yeri dəyişdirilmiş tarixi bina da Hacinskilərə məxsus olub).

1905-ci ildə H.Z.Tağıyev Müsəlman Xeyriyyə Cəmiyyəti yaratdı. Cəmiyyət yoxsullara, qocalara himayədarlıq edir, təhsilə dəstək verirdi. Cəmiyyətin idarə heyətində İsrafil Hacıyev, Hacı Mustafayev, Əhməd bəy Ağayev, İsmayıl bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov kimi şəxslər yer alırdı. Onun təsisçiləri sırasında isə Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov vardı. Bu şəxslər yalnız Bakının zəngin insanları deyil, həm də öz xalqının görkəmli elm və mədəniyyət xadimləri idilər.

İsa bəy  ev təhsili almasına baxmayaraq, ərəb, fars, ingilis, fransız və alman dillərini yaxşı bilirdi. O, övladlarına da mükəmməl təhsil vermişdi, Bakı Kişilər Gimnaziyasının fəxri himayədarı idi. Gimnaziyanın azərbaycanlı məzunlarından 25 nəfər onun şəxsi vəsaiti hesabına təhsil almaq üçün Rusiyanın müxtəlif şəhərlərinə göndərilmişdi.

Bu xeyriyyəçi insan məktəbin bütün xərcini qarşılayırdı, hətta şagirdlərin yay tətilində dincəlməsi üçün Pyatiqorsk yaxınlığında, Vladiqafqaz dəmir yolunun Karras stansiyası ərazisində boş torpaq sahəsi alıb orada gözəl bir mülk də tikdirmişdi. Gimnaziya ödənişli olsa da, kasıb uşaqları burada pulsuz təhsil alırdı. (Hazırda bu binada 4 saylı şəhər xəstəxanası yerləşir).

1918-ci ilin mart qırğınları bu xeyirxah insanı dərindən sarsıtdı  və o, 1919-cu ildə vəfat etdi. İsa bəy Xeyransa xanım Məhəmməd bəy qızı Xanlarova ilə ailə qurmuşdu. Onların Sadıq bəy, Əhməd bəy, Əli bəy adlı oğlanları, Zibeydə xanım adlı qızları vardı. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Sadıq, Əhməd və Əli bəy Fransaya məcburi mühacirətə getdilər. Qızı Zibeydə və həyat yoldaşı Xeyransa xanım isə Bakıda qaldılar. Onları yaşadıqları təmtəraqlı imarətdən qovdular, heç Mərdəkandakı bağ evlərində də rahat yaşamağa imkan vermədilər.

Fərhad SABİROĞLU

 

 

 

 

 

DİGƏR MƏQALƏLƏR