Fransa Respublikasının səfiri xanım Aureliya Buşez Tərcümə Mərkəzində olub

Fransa Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, Mərkəzin Fransa ədəbiyyatından ərsəyə gətirdiyi əsərlərdən söz açıb:

- Mərkəz dünya ədəbiyyatından tərcümə və nəşr etdiyi əsərlər sırasında Fransa ədəbiyyatına da böyük yer ayırıb. Jorj Simenon, Marsel Prust, Fransua Moriak, Artur Rembo, Olivye Rolən, Lui Ferdinand Selin, Pol Verlen, Mişel Uelbek, Jan Eşnoz, Marqerit Düras və digər bu kimi məşhur fransız ədiblərinin əsərləri hələ 90-cı illərdən Mərkəz tərəfindən tərcümə və nəşr olunaraq, Azərbaycan oxucusuna çatdırılıb. 2014-cü ilin nobelçisi Patrik Modianonun əsərlər külliyyatı tərcümə və nəşr olunub. Mərkəz, həm də Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq istiqamətində "Müasir Azərbaycan ədəbiyyatı antologiyası"nın dillərə tərcüməsini və xarici ölkələrdə nəşrini həyata keçirir. Kitab artıq Moskvada nəşr olundu, yaxın vaxtlarda Misirdə, daha sonra digər ərəb ölkələrində və türk dilində Ankarada nəşr olunacaq. Antologiyanın fransız dilinə tərcüməsinə gəlincə, bu işin mükəmməl səviyyədə alınması üçün Fransanın əlaqədar qurumları ilə bağlantı yaratmaq, bu işi fransız bədii tərcümə ustaları, yazıçı və şairləri ilə birgə həyata keçirmək niyyyətindəyik. Əfsuslar olsun ki, Azərbaycanda tərcümənin tədrisində bu sahənin spesifikliyi nəzərə alınmadığı səbəbindən, bu işi hələ ki, dil daşıyıcısı olan ölkələrin aidiyyatlı qurumlarıyla həyata keçirməli oluruq. Bədii tərcümə, bildiyiniz kimi, təkcə dil hadisəsi deyil, bu, həm də sənət hadisəsidir. Eyni zamanda, ölkə ədəbiyyatımızın, milli təfəkkürümüzün göstəricisidir. Bu mənada, bu işə xüsusi ehtiyatla yanaşmağa üstünlük veririk.

 - Dəvətinizə görə sizə öz təşəkkürümü bildirirəm. Fransa ədəbiyyatına göstərdiyiniz bu marağa, tərcümə və nəşr olunan bu əsərlərə görə də öz dərin minnətdarlığımı bildirirəm. Fransa ədəbiyyatının Azərbaycanda bu səviyyədə tanıdılması, yalnız sevinc və qürur hissi doğurur. Həqiqətən də, ədəbiyyt - dünya xalqları və ölkələri arasında qarşılıqlı anlaşmanın ən qısa və sabit yoludur. Azərbaycan ədəbiyyatının Fransada tanıdılması da hər ölkə arasında ədəbi-mənəvi körpülərin əsasını qoyacaq təqdirəlayiq bir hadisədir. Bu işdə sizə hər bir köməklik göstərməyə hazırıq. Bununla bağlı Fransanın mədəniyyət naziri, tərcümə və nəşr məsələləri ilə bağlı digər aidiyyatlı qurumlarla əlaqə yaradacaq, antologiyanın həm mükəmməl tərcüməsi, həm də nəşri ilə bağlı bütün məsələlərin həllində Mərkəzə yardımçı olacağıq.

Görüşün sonunda səfirə, Mərkəzin son nəşrlərindən olan, fransız yazıçısı, 2014-cü ilin nobelçisi Patrik Madianonun kitabı təqdim edilib.

 

Qalereya

DİGƏR MƏQALƏLƏR