Duman adada gecələyir

Duman adada gecələyir

Xəzərin Bakı körfəzində yerləşən Böyük Zirə (əvvəlki adı Nargin) adası açıq havada sahildən çox aydın görünür. Adada yerləşən mayak gecə-gündüz gəmilərə, durna qatarlarına yol göstərir. Əhalini Bakı buxtasında dəniz səyahətinə aparan kiçik gəmilər adanın yaxınlığında dövrə vurarkən rəmzi olaraq fit verir. Əslində bu fit, dənizin ortasında baş qaldırmış bir ovuc qayalıq torpaqda şəhid olmuş yüzlərlə günahsız insanın əziz xatirəsinə dərin ehtiram əlamətidir.

...1915-ci ilin soyuq fevral səhəri. Gecədən tüğyan edən xəzri sübh çağı səngiyib. Günəşin ilk şəfəqləri Bakı körfəzinin şıltaq sularında oğrun-oğrun sayrışmağa başlayıb. Şəhər yenicə oyansa da, liman gecədən bir an belə nəfəsini dərməyib. Sahildəki yük arabaları dolub-boşalır, limandan ağır-ağır ayrılan gəmilər yerini reyddə növbə gözləyənlərə verirdi.

Hamballar qışın dondurucu soyuğundan qızınmaq üçün ora-bura vurnuxur, bir-birini haraylayır. Fəhləlik edənlərin böyük əksəriyyəti Cənubi Azərbaycandan gəlib. Sərgərdan həyat sürən bu adamlar qəpik-quruş qazanıb ailələrini dolandırmaq üçün ən ağır işləri görməyə hazırdır. İndi Bakı limanı onların yeganə qazanc və xilas yeridir. Aclıq, zillət, səfalət... Birinci Dünya müharibəsinin qorxunc əks-sədası artıq çoxdandır ki, bu cənub şəhərini də çənginə alaraq özü ilə ağır girdaba sürükləyir.

Limanın bir kənarında lövbər salıb küləkdə ləngər vuran böyük təknənin də həndəvərində qələbəlikdir. Arabalarla gətirilmiş böyük bağlamalar təknəyə boşaldılır. İşə rəhbərlik edən şəxs hambalları tələsdirir.

- Əldən iti olun, qoçaqlar, tərpənin, duman körfəzi bürüyür. Hə, gözünüzə dönüm...Pulunuzu artıqlaması ilə verəcəyəm. Hələ üstəlik bəxşiş də olacaq...

"Bəxşiş" sözünü eşidən hamballar yükləri iki-iki qaparaq təknəyə doğru cumur. Elə bu an yük meydançasına fayton yaxınlaşır. Liman boyu gəzişən qorodovoylar faytonu görən kimi dərhal farağat dayanıb hərbi salam verir. Arxa oturacaqda orta yaşlı bir qadın əyləşib. Əli ilə xəz kürkünün yaxalığını qaldırıb küləkdən qorunmağa çalışan bu xanımı nəinki limanda, hətta bütün şəhərdə yaxşı tanıyırlar. Bakının zəngin mülkədarlarından biri, Duma üzvü kərbəlayi İsrafil Hacıyevin həyat yoldaşı Sona xanım Hacıyevanın çox bahalı şəxsi təknəsi var. Sona xanım şəhərdə savadlı və ziyalı bir vətənpərvər kimi ad çıxarıb.

O, həm də yaratdığı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin sədridir, kasıblara əl tutur, imkansızlara maddi yardım göstərir, kimsəsiz uşaqlar üçün pulsuz  məktəb yaradıb, şəhərin zəngin adamlarını xeyriyyə aksiyalarına cəlb edir, ianə toplayır.

Bayaqdan hambalları tələsdirən şəxs isə Sona xanımın işlər müdiri Seyid Əbdül ağadır. Deyilənə görə, müdrik və əliaçıq adamdır. İsrafil bəyin ailəsinə çox yaxın olduğundan, bütün mühüm işlər Əbdül ağaya tapşırılır. İnsafən, o da hər bir işi canla-başla,  vaxtında görür, Sona xanımın sağ əli sayılır. Əbdül bəy yaxınlaşan faytonu görən kimi irəli atılır.

- Sabahınız xeyir olsun, Sona xanım, xoş gəlmisiniz.

Soyuqdan büzüşmüş Sona xanımın çöhrəsinə təbəssüm qonur:

- Sağ ol, Əbdül ağa, xoş günün olsun. Vəziyyət necədir?

- Şükür, xanım, Allah köməyiniz olsun...

- Sovqatların hamısını yüklədiniz? Heç nə yaddan çıxmayıb ki? Kitab-dərslik tapşırmışdım, hamısını gətirdilər?

- Bəli, xanım, nə tapşırmışdınızsa, hamısı hazırdır.

- Allah sizdən razı olsun, Əbdül ağa. Adadakı uşaqlara yemək, isti pal-paltar lazımdır, amma kitab da vacibdir. Qoy oxusunlar, savad alsınlar. Onlar əsir yox, bizim balalarımızdır, bu zavallılardan heç nəyi əsirgəmək olmaz...

- Baş üstə, xanım. Azacıq səbr edin, yükün hamısını təknəyə yığan kimi adaya yola düşə bilərik.

Söhbət Bakı buxtasında Böyük Zirə kimi tanınan adadan gedir.

Qısa arayış: Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 kvadrat kilometr sahəsi var. Uzunluğu 3,1 km, eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlıdır.

1884-cü il, dekabrın 11-də adada ilk mayak inşa edilib. Mayak 1941-ci ildə faşist qırıcılarının kəşfiyyat uçuşları ilə əlaqədar Sovet hərbi komandanlığı tərəfindən dağıdılıb. 17 il sonra, 1958-ci ildə daşdan bərpa edilib, hündürlüyü 18 metrdir.

Adaya 1719-cu ildə rus çarı I Pyotr dövründə  "Nargin" adı verilib. Ada Fin körfəzində yerləşən Nargin (estonca, "dar boğaz") adasına bənzədiyi üçün, ona bu ad verilib. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ada yenidən Böyük Zirə adlandırılmağa başlayıb. Birinci Dünya müharibəsi zamanı Türkiyə cəbhəsində ruslara əsir düşən əsgərlər bu adada saxlanılıb və işgəncələrə məruz qalıb.

Tarixi qaynaqlarda göstərilir ki, türk əsirlərin böyük əksəriyyəti aclıqdan, susuzluqdan, ilançalmadan və erməni xainlərin gülləsindən şəhid olub. O dövrdə rus ordusu ilə əməkdaşlıq edən erməni əsgər və zabitlərin türklərə dəhşətli işgəncələr verməsi barədə tarixi faktlar mövcuddur. Bəzi məlumatlara görə, Böyük Zirədə 10 min türk əsgəri öldürülüb. 1937-38-ci illərin repressiyaları dövründə də Azərbaycanın bir sıra ziyalıları bu adada qətlə yetirilib.

I Dünya Müharibəsi başlayanda Türkiyə bu savaşa qatılmaq istəmirdi. Təbii ki, müttəfiqlərin - xüsusən də Almaniyanın təkidi ilə müharibəyə qatılmağa məcbur oldu. 1914-cü ilin dekabrında Qafqaz cəbhəsi açıldı. Türkiyənin Qafqazla sərhədləri boyunca müharibə gedirdi. Ruslar Sarıqamış, Qars, İğdır, Ərzurum, Ərdahan, Trabzon və digər şəhərlərdə türk əsgərlərini, hətta mülki adamları - qocaları, uşaqları, xəstələri də əsir alırdı. Anadolu türklərini Rusiyanın 22 bölgəsində yerləşən həbs düşərgələrinə göndərirdilər. Belə düşərgələrin biri də Nargin adası idi.

Türk əsirlərin Narginə gətirilməsi Bakıda çox ciddi təlatümə səbəb olmuşdu. M.Ə. Rəsulzadə, Ə. Topçubaşov, N. Yusifbəyli və digər  ziyalılar etiraz səslərini ucaldırdı. Hətta ruhanilər də bu məsələdə ziyalılara dəstək verirdi.

Ə.Topçubaşov, Ə. Rəfibəyli bununla bağlı bir neçə dəfə Qafqaz Canişinliyinə müraciət imzalamışdılar. Müraciətdə  deyilirdi ki, "səlahiyyət verin, o mülki əsirlərin taleyi ilə maraqlanaq, ianə toplayıb yardım edək". Amma Qafqaz Canişinliyi bu müraciətləri rədd edirdi. Ən sonda Ələkbər bəy Rəfibəyli hirslənib canişinə demişdi ki, "biz, Azərbaycan türkləri, sizlərə sədaqətlə xidmət edirik. Siz Osmanlı Türkiyəsi ilə döyüşürsünüz - bu, sizin öz işinizdir. İmkan yaradın ki, türk əsirlərin baxımsızlıqdan ölüb getməsinə yol verməyək, heç olmasa, ölənlərin kəfənlənməsinə, dəfn edilməsinə yardım edək..."

Ələkbər bəy böyük nüfuz sahibi idi. O və qardaşı Xudadat bəy Gəncədə Milli mərkəzin əsasını qoyan kişilər idi. Və onun bu təkidindən sonra razılıq verilmiş, Xosrov paşa Sultanov da əsirlərə yardım mərkəzinin sədri seçilmişdi.

...Bakıda 1915-ci ilin soyuq fevral səhərindən I Dünya savaşının kəskin barıt qoxusu duyulur. Cəbhə xətti haradasa uzaqlarda olsa da, bu cənub şəhərində müharibə havası kabus tək dolaşır.

Limanda, körpünün kənarında dayanmış Sona xanım Hacıyeva da bayaqdan müharibənin insanlara gətirdiyi bəlalar barədə düşünür. Xanımın şəxsi təknəsinə yardım dolu bağlamalar yüklənir. Sona xanım bir azdan növbəti dəfə Nargin adasına yollanacaq. Bu fədakar qadın neçə müddətdir ki, adada saxlanılan türk əsirlərə, onların ailə üzvlərinə ərzaq, pal-paltar, dərman aparır. Məğrur və dəyanətli Sona xanım hər dəfə Nargində əsirlərin saxlanma şəraitini, çəkdikləri zülmü görəndən sonra günlərlə özünə gələ bilmir, qəlbindən qara qanlar axır.

Bakıda Sona xanım kimi azad fikirli, mütəfəkkir qadınlar çoxdur.  Onlar xeyriyyə gecələri təşkil edir, şəfqət və mərhəmət aksiyaları keçirir, aclara, kimsəsiz və yetimlərə yardım etməklə bərabər, əsirləri, yaralıları da himayə edir. Sona Tağıyeva, Liza Tuqanova-Muxtarova, Hənifə Zərdabi,  İsmət Aşurbəyli, Məryəm Bayraməlibəyova, Rəhilə Qazıyeva, Sara Vəzirova, Sürəyya Axundova, Pəri  Topçubaşova kimi vətənpərvər qadınların xeyirxah əməlləri  xalqın qəlbində dərin iz buraxıb.

...Sona xanımın işlər müdiri Əbdül bəy yaxınlaşıb yük dolu təknənin yola çıxmağa hazır olduğunu bildirir:

- Xanım, yolçu yolda gərək. Körfəz dumana qərq olmamış getməliyik. Bəxtimizdən külək də səngiyib bir az...

Sona xanım təknəyə minir. Qayıq ağır-ağır körpüdən uzaqlaşır. Liman getdikcə kiçilir. Bakıya, Qız qalasına dənizdən baxmaq necə də xoşdur. Sona xanım nədənsə həyat yoldaşı ilə axşamkı söhbəti xatırlayır. İsrafil bəy dünən şam süfrəsi arxasında Bakı Dumasında baş verən olaylardan danışırdı. Onun sözlərinə görə, Nəriman Nərimanovun çıxışı aləmi qarışdırıb. O, Nargin adasında saxlanılan türk əsirlərlə bağlı dəhşətli faktlar açıqlayıb.

- Cənab deputatlar, Anadoludan gətirilmiş türk əsirlərin şəraiti dözülməzdir, onlara qayğı göstərmək lazımdır. Üstəlik, əsirlərə qarşı xəyanət törədənlər də gündən-günə çoxalır. Nargindəki erməni zabitlər onları döyür, işgəncə verir. Bu xainliyin nəticəsində hər gün 30-40 əsir dünyasını dəyişir. Təəssüf ki, ölənlər arasında qadınlar və uşaqlar da var. Budurmu dediyiniz humanizm? Dəhşətli bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Nargindəki erməni həkimlər 400 əsiri, göz əməliyyatı etmək adı ilə kor edib. Məzlum insanları bu hala salan cinayətkarlar niyə cəzalandırılmır? Mən erməni zabitlərdən soruşmaq istəyirəm: müharibənin bəlalarına məruz qalmış zavallı insanları niyə məhv edirsiniz? Bu haqqı sizə kim verib? Təklif edirəm ki, adada türk əsirlərə qarşı törədilən bütün  cinayətlər  araşdırılsın. Əsirlərin Nargin kimi soyuq və şəraitsiz adada yerləşdirilməsinə son qoyulsun. Erməni zabit və həkimlər adada hərbi xidmətdən uzaqlaşdırılsın!   

Bakı Dumasında Nəriman bəyin bu alovlu çıxışı ermənipərəst deputatların qəzəbinə tuş gəlmişdi. Hətta bir deputat çıxışında demişdi:

- Nərimanov və onun tərəfdarları müharibəni fürsət bilib xalqın milli hisslərini coşdurur. İndiki durumda belə çıxışlar Qafqaz, xüsusən də Bakı üçün çox qorxuludur. Bu sözlərdən inqilab qoxusu gəlir. Buna görə də xalq türkləri xilaskar kimi görür və sual edir: türklər nə vaxt gəlib bizi rusların əsarətindən xilas edəcək? Məncə, bu ideyalar xalqı çara qarşı qaldırmaq deməkdir. Düşünürəm ki, Nərimanovun erməni zabitlər və həkimlər barədə söylədikləri boş cəfəngiyyatdan başqa bir şey deyil, böhtandır.

Duma da Nərimanovu xalq arasına millətçilik toxumu səpməkdə günahlandırır, Rusiyaya qarşı xəyanətdə suçlayırdılar. Nargin adasında baş verən bütün dəhşətli hadisələr barədə N.Nərimanov "Hümmət" qəzetində "Göz yaşı tökən cəzirə" adlı məqalə də yazmışdı. Cəfər Cabbarlının bu mövzuda yazdığı bir şeir isə dillər əzbəri idi:

O vəhşi dalğaların

  ortasında dindaşımız,

Zəlalət içrə olur

  ac, zəlil qardaşımız.

Biz isə eyd eləyib

  həsrətə qiyam ediriz,

Bütün, bütün gecəni

  eyş ilə təmam ediriz.

Göz aç, sən ey özünə

  söyləyən - «müsəlmanəm»,

Göz aç, sən ey bağıran -

  «Mən də əhli-Quranəm»!

Göz aç, sən ey danışan

  həşrdən, qiyamətdən,

Göz aç, sən ey əbədi

  dəm vuran səxavətdən.

Çıxıb da sahilə bir

  əvvəl-məqam zillətə bax,

Behişti, duzəxi gör,

  həşrə bax, qiyamətə bax.

Gör orda ac-yalavac

  can verən zəlilanı,

Gör orda içməyə

  su tapmayan yetimanı.

Yəqin bil ki, alışar,

  od tutar, yanar canın,

O dəm kömək yetirərsən,

  var isə vicdanın.

Digər faktlar da mövcud idi. Həmin dövrdə Rusiyada oxuyan azərbaycanlı tələbələrin böyük əksəriyyəti geri dönərək, gizli təşkilatlar yaratmışdı. Bu təşkilatlar Nargindəki əsirlərin gecə ikən qayıqlarla qaçırılmasını təşkil edirdi. Əsirləri Gəncə, İsmayıllı, Şəki və  Zaqatalaya gətirirdilər. Şəki və Zaqatalada əhalinin müqavimət hərəkatına əsir türklər rəhbərlik edirdi. Onlar əhaliyə silahla necə davranmağı, döyüş taktikasını öyrədirdi.

Bakı milyonçuları da bu xeyirxah işdən kənarda qalmırdı. Ağababa Quliyev, İsmayıl bəy Səfərəlibəyov, Murtuza Muxtarov kimi imkanlı şəxslər əsirlərə maddi və mənəvi dəstək göstərirdi. Hacı Zeynalabdin Tağıyevin təkcə özü deyil, qızları da Nargin əsirləri ilə bağlı geniş iş aparırdı.

Şübhəsiz, bütün bunlar Rusiyanın xüsusi xidmət orqanlarının diqqətindən yayınmırdı. Akopyan soyadlı biri "donos"unda yazırdı  ki, Azərbaycan ziyalıları əsir türklərə havadarlıq edərək, onları zindandan qurtarır. Bunu o,, haradan bilib?

O vaxt gizli bir göstəriş varmış ki, əsir türk hansı dükana girsə, ona pulsuz ərzaq versinlər. Bir dəfə əsir türk, təsadüfən, sahibi erməni olan dükana girib və hər şeyin üstü ondan sonra açılıb...Araşdırma başlanıb. Məlum olub ki, Nargin adasında qeydə alınmış xeyli əsir yoxa çıxıb.

Bununla əlaqədar, hətta Sona xanım haqqında da 110 səhifəlik cinayət işi açılmışdı. Bu fədakar qadın hər dəfə Narginə baş çəkəndə rus zabitlərinə rüşvət kimi pul və qiymətli hədiyyələr verib əsirlərdən bir neçəsini götürüb geri qayıdırdı. Bəzilərini evinə gətirir, bir çox əsirləri də "İsmailiyyə"də yerləşdirirdi. Daha sonra onların paltarlarını dəyişdirib saxta pasportla İran Astarasına keçirir və əsirlər İrandan Türkiyəyə gedirdi.

...Sona xanım Hacıyevanın əsirlər üçün topladığı yardımlarla dolu şəxsi təknəsi körpüdən aralanaraq, Böyük Zirə adasına doğru istiqamət alır. Xəfif külək Bakı körfəzində səhərdən uyumaq istəyən dumana macal verməyərək adanın arxasına, açıq dənizə qovur. Bu soyuq fevral səhəri hava aydın, yol da açıqdır. Səmada dövrə vuran qağayılar sanki ümid təknəsini uğurlayır. Qarşıda mayak var. Onun güclü şüaları hələ çox ümidsiz yolçulara yol göstərəcək.

Fərhad SABİROĞLU

 

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...