"Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil" mövzusunda Respublika Forumu öz işinə başladı

Yanvarın 29-da Qafqaz Universitetində ARNK yanında Tərcümə Mərkəzi, Qafqaz Universiteti, Dillər Universiteti və "British Council"un təşkilatçılığı ilə "Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil" mövzusunda Respublika Forumu öz işinə başlayıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Qafqaz Universitetinin prorektoru, professor Niftəli Qocayev forum iştirakçılarını salamladıqdan sonra söz ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsuda verilib. A.Məsud ölkədə tərcümə işinin təşkili və tənzimlənməsi ilə bağlı görülən işlərdən, aparılan araşdırmalardan söz açaraq, dil və tərcümə sahəsində yaşanan neqativ hallardan danışıb, bu sahənin, bilavasitə qurucusu olan tərcüməçilik tədrisinin yeni əsaslar və qaydalar üzrə qurulmasının vacibliyinə toxunub:

"Aparılan araşdırmalar ölkəmizdə tərcüməçilik tədrisinin müvafiq səviyyədə qurulmadığını, belə bir strateji əhəmiyyətli sahənin tədrisinin, sadəcə dil mənimsənilməsi tədrisi qismində təşkil  olunduğunu aşkar edib. Lakin tərcüməçilik, təkcə hansısa dilə yiyələnmək demək deyil. Bu, xüsusi qabiliyyət və bacarıq tələb edən, çox məsul və yaradıcı sahədir".

Tərcümə tədrisinin spesifik sahələr üzrə qurulmasının zəruriliyinə toxunan direktor, magistr pilləsində bu prosesin mükəmməl mərhələyə çatdırılmasının vacibliyini qeyd edib və tərcümə tədrisinin yenilənməsini şərtləndirəcək təkliflərini irəli sürüb:

"Bu, əlbəttə ki, ilk növbədə, tədris planlarının yenilənməsi və təkmilləşdirilməsi, yəni tədrisin, əsasən tərcüməçilik texnikasının öyrənilməsinə yönəldilməsi, tərcümə praktikasına ikinci kursdan başlanılması və mümkün qədər çox saatın ayrılması, tərcümənin spesifik sahələr üzrə - bədii, texniki, sinxron, media, hüquqi və rəsmi sənədləşmə və s. tədrisinin üçüncü kursdan başlayaraq, əlaqədar sahə öyrənilməklə tətbiqi, magistr pilləsində tərcümənin spesifik sahələr üzrə daha təkmil tədrisi və əlbəttə ki, tərçüməçilik fənni müəllimlərinin, mütəmadi olaraq, xarici ölkələrdə təkmilləşdirilmə kurslarına cəlb edilməsidir".

Daha sonra əlaqədar mövzu ilə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, "British Council"un direktoru, xanım Elizabet Vayt, "British Council"un Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından ezam olunmuş dil mütəxəssisi Stefen Hindlaf, AMEA-nın Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu çıxış edərək, öz fikir və mülahizələrini bölüşüblər. Sonra müzakirələrə başlanıb.

Forum tələbələrin və araşdırmaçıların çıxışları ilə işini davam etdirir. 

 

Qalereya

DİGƏR MƏQALƏLƏR