Afaq Məsud: "Tərcümə Mərkəzi lüğət tərtibi ilə ciddi şəkildə məşğul olmağı planlaşdırır"

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bu gün ölkənin intellektual fəaliyyət qurumları arasında önəmli yer tutur. Qurum əməli iş istiqamətində səyləri ilə diqqət çəkir.

Tərcümə Mərkəzinin direktoru, tanınmış yazıçı, tərcüməçi Afaq Məsud SalamNews-u maraqlandıran bir neçə sualı cavablandırıb. Müsahibəni təqdim edirik.


- Afaq xanım, ölkədə Tərcümə Mərkəzi 1989-cu ildə yaradılmışdı. Prezident Sərəncamı ilə 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması bəs hansı zərurətdən doğub?

- Bu təşkilatın yaradılması, sözsüz ki, ölkədə dil və tərcümə sahəsində yaşanan acınacaqlı durumun aradan qaldırılması zərurətindən doğub. Azərbaycan müstəqillik qazanandan sonra ölkənin oturuşmuş sovet maarifçilik ənənələri dağıdıldı. Lakin yenisi qurulmadı. Dil və tərcümə sahəsinin yarıtmaz mənzərəsi, təkcə xalqın gözü qarşısında baş verənlərlə - dublyaj, efir və kino mətnlərində, yaxud aparıcıların danışığında rast gəlinən yolverilməz, bəzən ürəkgöynədən xətalarla bitmir. Təəssüflə bildirməliyəm ki, Azərbaycan dilinin aşınması, kobud şəkildə pozulması, həmçinin tərcümənin yanlış tətbiqi prosesi bu gün ölkənin hər sahəsində baş veməkdədir. Bizim təşkilat Tərcümə Mərkəzi adlandırılsa da, Əsasnaməmizdə qarşıya qoyulan vəzifələr, əsasən ölkənin dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, Azərbaycan dilinin dövlət dili olaraq, öz norma və qaydalarına uyğun işlədilməsinə və tətbiqinə nəzarətin həyata keçirilməsidir ki, bu gün bütün qüvvəmizi bu istiqamətdə səfərbər etmişik.

- Mərkəzdə hazırda yalnız yaradıcılıq istiqaməti üzrə 4 portal, 2 mətbu orqanı və nəşriyyat fəaliyyət göstərir. Bu potensialla qısa müddət ərzində, şübhəsiz ki, kifayət qədər uğur qazanmısız. Nailiyyətlərdən sizə ən çox zövq verəni hansıdır?

- Bütün uğurlarımız mənə eyni dərəcədə zövq verir. Yeni tərtibdə nəşr etdiyimiz "Xəzər" dünya ədəbiyyatı jurnalı da, "Aydın yol" qəzeti də, tərcümə keyfiyyəti ilə seçilən kitab nəşrlərimiz də, "Açıq kitab" elektron kitabxanamız və saytlarımız da bu gün bir hədəfə doğru irəliləyir. Bu, Azərbaycan dilinin mükəmməl tətbiqi və tərcümə mədəniyyətinin peşəkarlıq meyarının yaradılmasıdır.

- Mərkəz dövlət sifarişlərindən əlavə öz təşəbbüsü ilə tərcümələr edirmi? Sizin təşəbbüsünüzlə edilən tərcümə işlərində prioritet sahə hansıdır?

- Biz hələ ki dövlət sifarişi almamışıq. Tərcümə nəşrləri üzrə Tematik Planımız Mərkəzin Elmi-Bədii Şurasında təsdiq edilir. Bu vaxta qədər Mərkəz, əsasən bədii, elmi, memuar ədəbiyyatlara üstünlük verirdi. Üzümüzə gələn ildən isə, Mərkəz lüğət tərtibi ilə ciddi şəkildə məşğul olmağı planlaşdırır. Bu sahədə hazırda böyük boşluqlar yaşanır. Azərbaycan dilinin pasportu sayılan "Orfoqrafiya lüğəti"nin hansı durumda olduğu göz qabağındadır. Lüğət nəşri sahəsində ən iri layihəmiz, ilk növbədə, bu kitabın mükəmməl səviyyədə ərsəyə gətirilməsidir. Bir sıra sahələr üzrə terminoloji və izahlı lüğətlərin də hazırlanması nəzərdə tutulub. Həmçinin, uşaqlar üçün əlavə oxu vəsaiti kimi, müxtəlif formatlı maarifləndirici nəşrlər - ensiklopediya və lüğətlər hazırlayırıq.

- Bir qədər bədii tərcümələrinizdən danışın, zəhmət olmasa.

- Nə tərcümə, nə də yaradıcılıqla məşğul olmağa vaxt var. Bu sahənin hüdudları o qədər geniş və şaxəli, problemlər o qədər irimiqyaslı və dərindir ki, nəzərdə tutulan işlərin müvafiq səviyyədə həyata keçirilməsi həddən ziyadə vaxt və enerji tələb edir. Bu, əziyyətli olsa da, həm də sevindiricidir. O mənada ki, bu gün Azərbaycanın hər sahədə çiçəklənməsi uğrunda, sözün əsl mənasında fədakarlıqlar göstərən ölkə başçımız bu qurumu yaratmaqla, hər bir millətin, xalqın fərdiyyət simvolu olan dil və tərcümənin aktuallaşdırılmasına, bu sahədə də zəruri islahatların aparılmasına geniş yol açdı.

- Bildiyiniz kimi, Azərbaycan bədii ədəbiyyatının dünya dillərinə çevrilməsi işi ədəbi ictimaiyyətimizi çox maraqlandırır.

- Mərkəz iyirminci əsr Azərbaycan ədiblərinin əsərləri toplanan ikicildlik «Müasir Azərbaycan antologiyası» kitabını nəşrə hazırlayıb. Bu kitab Azərbaycan dilində də nəşr ediləcək. O səbəbdən ki, bu vaxta qədər həm ölkə ictimaiyyətinə, həm də dünyaya təqdim ediləcək belə bir formatda nəşr olmayıb. Hazırda ikicildlik bir neçə dilə tərcümə edilir. Kitabın rus dilində nəşri artıq başa çatmaq üzrədir. Belorus və ərəb dilinə tərcüməsi bu ilin sonuna qədər yekunlaşmalıdır. İngilis, fars, türk və ispan dilinə sətri tərcümə prosesinə başlanılıb. Sonradan bu proses, yəni bədii tərcümə mərhələsi hər ölkənin aidiyyatlı qurumları və mütəxəssisləri ilə birgə davam etdiriləcək. Fikrimiz budur ki, əvvəl ədəbiyyatımızı dünya ölkələrinə layiqli səviyyədə tanıdaq. Bu ilk növbədə antologiyaya daxil edilmiş ədiblərin və onların əsərlərinin seçimidir. Digər vacib məqam - kitabın nəşr olunacaq ölkədə layiqli şəkildə təqdim edilməsi, yəni vacib ədəbi çevrələrin diqqətinə çatdırılmasıdır. Növbəti mərhələ antologiyadan dünya üçün maraqlı olan ədiblərin seçimi və onların kitablarının tərcüməsi və nəşridir. Yəni sözüm ondadır ki, bu heç də asan başa gələn proses deyil.

- Azərbaycan ədəbi dilinin işlədilməsi ilə bağlı ölkə rəhbəri müvafiq sərəncam imzalayıb. AMEA, "M.Ə.Sabir Fondu" İctimai Birliyi və başqa təşkilatlar da bu yöndə fəallıq göstərirlər. Sizcə, nəticə qaneedicidirmi?

- O layihələrdən xəbərsizəm. Ancaq istənilən halda, görülən işlər məqsədə müvafiq şəkildə, peşəkar səviyyədə həyata keçirilərsə, bunu təqdirəlayiq hesab edirəm.

- Bir mütəxəssis və yazıçı kimi cəmiyyətimizdə Ana dili bilgisinin zəifliyini nə ilə əlaqələndirirsiniz?

- İlk növbədə, ana dili və ədəbiyyatımızı uşaqlarımıza təhrif olunmuş vəziyyətdə mənimsədən ana dili və ədəbiyyatı dərslikləri ilə. Daha sonra, bu fənlərin tədrisinin lazımi səviyyədə təşkil edilməməsi, müvafiq ədəbiyyatların, əlavə oxu vəsaitlərinin yoxluğu, yaxud olanların yararsızlığı ilə. Əlbəttə ki, dilimizin ana kitabı, pasportu olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi vacib nəşrlərin yarıtmazlığı ilə. Digər səbəblər də var. Uşaqlarımıza danışmağı, düşünməyi və yazmağı yadırğadan əcaib tədris metodikası, Azərbaycan ədəbiyyatında gedən aşınma prosesləri, Sözün dəyərsizləşdirilməsi, dilimizin "ümumişləklik qazanmış sözlər" adı altında əcnəbi, yad ifadələrlə, loru ara sözlərlə "zənginləşdirilməsi" və sair və ilaxır.

- Vəzifə yazıçıya stimul verir, yoxsa ilhamını zəiflədir?

- Vəzifə mənim üçün gördüyüm işlərdir. Yəni vəzifə kimi, öz qarşıma qoyulanlardır. Bu işlərin düşündüyüm şəkildə həyata keçirilməsi, bayaq dediyim kimi, məni yaradıcılıqdan uzaqlaşdırır. İlhama gəlincə, bunu demişəm, mənim ilhamlanıb əsər yazmaq vaxtım artıq çoxdan ötüb. Vaxt tapan kimi, mütləq yazacağam. Bu gərgin iş rejimində yazı mənim üçün nəfəslikdir.

- Əvvəllər ölkədə yazıçılıq əlçatmaz yüksəklik idi. İndi hər kəs, istəsə, yazıçı ola bilər. Sizcə, yaradıcılıq mühitində bu qədər fərq necə yaranır?

- Əvvəla, fikrinizə aydınlıq gətirim ki, hər kəs istəsə, yazıçı ola bilməz. Yazıçılıq, şairlik oxumaqla, çalışmaqla əldə edilmir. Bu, gözəl cümlələr qurmaq, ibarələr və zəngin söz ehtiyatından istifadə etmək bacarığı da deyil. Bu peşənin tədrisi də yoxdur. Bu mənada, bu gün mağaza rəflərini dolduran kitab bolluğu heç də ədəbiyyatın, ya yazıçılığın göstəricisi deyil. Dediyiniz həmin o "əvvəllər" də yazıçını, ədəbi əsəri bütün bu makulaturanın içindən seçib ona möhür vuran instansiyalar, xüsusi dövlət qurumları, məsələn, Dövlət Nəşriyyat Komitəsi, "Qlavlit" deyilən ciddi senzor təşkilat mövcud idi. Tək bir bu mövcudluq, istənilən kəsin bu sahəyə müdaxiləsinə imkan vermirdi. Yəni ədəbiyyatla bağlı elə bir ciddi ab-hava yaşanırdı ki, bu işə baş vurmağa hər kəsin cəsarəti çatmırdı. Bu gün isə, dediyim dağılmış sovet maarifçiliyi ənənələrindən biri kimi, bu sistem də dağıldı. Sözsüz ki, bu sistemin zərərli cəhətləri də vardı. Bu, məlum ideoloji rejimin siyasi kursunu aparmaq idi. Onlar tərəfindən yazıçılara, şairlərə təzyiqlər göstərilirdi, digər xoşagəlməz hallar baş verirdi. Bununla bərabər, ədəbiyyat, dediyiniz həmin o əlçatmaz, ali mərtəbədə öz şəfqətli işini görməkdə idi.

- Müsahibəyə görə təşəkkür edirik və işlərinizdə uğurlar arzulayırıq.

 

DİGƏR MƏQALƏLƏR