Roman Karmen və kinomuzda neft mövzusu

Roman Karmen və kinomuzda neft mövzusu

Azərbaycan kinosunda neft mövzusu böyük bir araşdırma tələb edən sahədir. Kinematoqrafın Azərbaycana gəldiyi ilk vaxtlardan neft ekranın başlıca nüfuz sahələrindən olub, XIX əsrin 20-50-ci illərində onlarla bədii və sənədli ekran əsərinin yaranmasına təkan verib. Janrın ən böyük nailiyyətləri isə Roman Karmenin «Xəzər neftçiləri haqqında dastan» (1953) və «Dəniz fatehləri» (1959) tammetrajlı sənədli filmləri ilə bağlıdır.

Roman Lazareviç Karmen (1906-1978) Odessada, yazıçı Lazar Karmenin ailəsində doğulub, ÜİDKİ-nin (Ümumittifaq Dövlət Kino İnstitutu) operatorluq fakültəsini bitirib (1932). Həmin vaxtdan Mərkəzi Sənədli Filmlər Studiyasında çalışan R.Karmen çoxsaylı sənədli lentlər çəkib. O, kino yaradıcılığına görə üç dəfə (1942, 1947, 1952) SSRİ Dövlət mükafatına, Lenin mükafatına (1960), Sosialist Əməyi Qəhrəmanı fəxri adına (1975) layiq görülüb.

«Xəzər neftçiləri haqqında dastan» (ssenariçilər N.Osipov, İ.Qasımov, R.Karmen, operatorlar C.Məmmədov, A.Zenyagin, S.Medınski, sualtı çəkilişlər operatoru F.Leontoviç, bəstəkar Q.Qarayev, səs operatoru A.Kərimov) yazıçı N.Osipovun 1951-ci ildə yazdığı «Yeddi gəmi adası» ədəbi oçerki əsasında çəkilib. Ssenarinin əsasında materialın əsas faktları saxlansa da, müəllif bir sıra dəyişikliklər etməklə, dəniz mədənlərində baş verən sürətli inkişafı nəzərə çatdırmağa müvəffəq olub. Bununla yanaşı, çəkiliş prosesində də əvvəlcədən nəzərdə tutulmayan çoxlu epizodlar lentə alınıb, nəticədə, filmin təsviri materialı xeyli zənginləşib. Filmin başlıca mövzusu neft olsa da, süjet xəttini Azərbaycanın dəniz neftçilərinin qəhrəmanlığı, axtarışları, yeniliyə həvəsi, yaradıcı məqsədyönlülüyü təşkil edir. Kinodastanın qəhrəmanları təbiətlə çarpışmadan alnıaçıq, üzüağ çıxırlar.

R.Karmen Bakı mənzərələrilə başladığı kadrları Xəzərin dalğaları arasındakı adada davam etdirib. 50-ci illərin neft qəhrəmanı Mixail Kaveroçkinin briqadasının axtarışları, qayğıları filmin sonrakı epizodlarında başlıca yer tutur. Neftçilər dalğalarla, təbiətin nəhəng qüvvələrilə döyüşürlər, nəhayət, gözlənilən məqsədə çatırlar: qazılmış buruq neft verir. Rejissor filmi kompozisiyasına görə iki yerə bölür: Neft Daşlarının yaranma tarixi və dəniz şəhərinin indiki dövrü. 1948-ci ildə özülü qoyulmuş neft daşlarının 4 il ərzində keçdiyi yolun görüntülərini ustalıqla bərpa edən R.Karmen yazırdı: «...hadisələrin bir sıra anlarını bərpa etmək, kadrın çərçivələrini genişləndirməyə imkan verir. Yalnız nəzərdə tutmaq lazımdır ki, faktın bərpasının təşkili bizi kinoxronikanın, kinoreportajın həqiqi ustalığından yayındırmasın. ...Mən faktların çox diqqətlə bərpası yolu ilə getdim. Adamları salnamə materiallarına uyğun olaraq, dəqiqliklə toplayırdıq. Ən xırda detallarına qədər hamısı eyni adamlar, eyni materiallardır».

Filmin birinci üç hissəsində tamaşaçıya çatdırılan bərpa işləri hadisələrin xronoloji ardıcıllığı ilə həyata keçirilir. R.Karmen neftçiləri özlərinin keçmiş hərəkətlərini təkrarlamağa ustalıqla məcbur edib. Məhz rejissorun və operatorların ustalığı nəticəsində faktların bərpası düzgün və inandırıcı şəkildə ekrana çıxıb.

R.Karmen ilk nefti gözləyən neftçilərin gizli həyəcanının doğurduğu mühiti ustalıqla canlandırır. O, yaradıcı insanın obrazını, onun əməyinin gözəlliyi pafosunu xarakterik detallarla ifadə edir. Çəkilişlərdə müşahidə üsulundan geniş istifadə olunması, obrazların, eləcə də, hərəkətlərin səmimi və inandırıcı alınmasını şərtləndirir. Rejissorun insan obrazını hadisələrdən keçirib yaratmaq bacarığı əksər epizodlarda uğurlu həllini tapıb. Neftçilərin yanğınla mübarizəsi epizodu bu mənada təkrarsızdır. R.Karmen, eyni zamanda, iri planın ifadə imkanlarından yetərincə yararlanır, bu üsulla qəhrəmanlarını tamaşaçılara təqdim edir. Neftçilər özlərini kamera qarşısında sərbəst aparır, zahiri effekt xətrinə yox, reallığa uyğun şəkildə iş prosesini tamamlayırlar.

R.Karmenin yüksək rejissorluq və operatorluq mədəniyyəti, fərdi dəstxətti, həmçinin operatorlar C.Məmmədov, A.Zenyagin və S.Medinskinin ustalığı və peşəkarlığı filmin bütün epizodlarında qabarıq duyulur. Romantika və sadəliyin vəhdəti lentin qəhrəmanlarının obrazlarında bütün çalarları ilə ifadə edilib. Sənədli kinematoqrafa xas olan inandırıcılıq ekranda özünü bütövlükdə göstərə bilib. Kinematoqrafçılarla neftçilərin uzun müddət bir yerdə yaşaması, bir-birinə dərindən bələd olması filmin səmimi və inandırıcı alınmasına səbəb olub. Nəticədə, neftçilərin bəzəksiz-düzəksiz, təbii hərəkətləri, çəkiliş priyomları və təsirli kino detalları tamaşaçıların gözü qarşısına rejissor fantaziyasının məhsulu kimi yox, gördüklərindən heyrətə gəlmiş, lentə aldığı adamlara vurulmuş şahidin şəhadəti kimi canlanır.

Rejissor detallardan filmdə çoxplanlı və özünəxas şəkildə istifadə edir, bu təsiredici priyomun bütün imkanlarını dərindən başa düşür. Çəkilişin müşahidə üsuluna üstünlük verən R.Karmen filmin ideyasına, mövzunun açılmasına, qəhrəmanların obrazının tamamlanmasına xidmət edən bütün detalları ustalıqla birləşdirməyi bacarır. Süjet xəttinə daxil edilən lirik və yumoristik detallar materialı canlandırır, lentin daha ifadəli və duyğusallıq cəhətdən zəngin olmasına xidmət edir. Bir-birinin peşəkarlığına, dəstxəttinə yaxından bələd olan operatorların bir-birini tamamlaması lentin kompozisiya, üslub, təsviri həll cəhətdən bütöv alınmasını şərtləndirir. Onların hər biri ayrı-ayrı kadrları, epizodları, detalları çəksələr də, mövzunun, rejissor ideyasının daşıyıcıları rolunda çıxış edirlər. Operator ustalığının üç forması - işıq həlli, kompozisiya görümü və total zənginlik filmin bütün kadrlarından qırmızı xətt kimi keçir. Məhz bu keyfiyyətlər nəticəsində rejissor filmin montajı prosesində böyük üstünlük qazanır.

«Xəzər neftçiləri haqqında dastan» filminin uğuru digər komponentlərlə - musiqi, səs yazılışı, diktor mətninin oxunuşu və s. - də bağlıdır. Diktor (L.Xmara) mətndəki ifadəliliyi və obrazlılığı təsviri görüntülərlə vəhdətdə tamaşaçıya çatdırır. Q.Qarayevin parlaq musiqisi öz dramatizmilə filmin emosional məzmununu açmağa yardım edir. R.Behbudovun neftçilər haqqında ilhamla oxuduğu mahnı, obrazları daha da bütövləşdirir. Səs operatorları A.Kərimov və A.Minçenkonun peşəkar işi filmdə təbii səs muhitinin yaranmasına xidmət edir. Epizodların tutumluluğu və lakonikliyi, kompozisiyanın aydınlığı və bütövlüyü də filmin başlıca uğurlarından biri kimi qeyd edilməlidir. Təsadüfi deyil ki, ekran əsəri sovet sənədli kinosunun ən gözəl nümunələri arasında dünya ekranlarını dolaşdı. Xəzər neftçilərindən sanballı sənət zəfəri ilə ayrılan R.Karmen vurulduğu mövzudan əl çəkmək fikrində deyildi. O, sonrakı illər ərzində başladığı işi davam etdirmək arzusu ilə yaşayırdı. Rejissor 1958-ci ildə eyni çəkiliş qrupu ilə (bu dəfə R.Karmen ssenarini İ.Qasımovla birgə yazmışdı, operatorlar A.Zenyagin və F.Leontoviç yox idilər, qrupa rejissor Məmməd Əlili daxil edilmişdi). Neft daşlarında ikinci kinodastanın - «Dəniz fatehləri» tammetrajlı sənədli lentinin çəkilişinə başladı.

Aradan keçən 6 il ərzində Neft Daşları dəniz şəhərinə çevrilib: yaraşıqlı küçələr, mağazalar, idman meydançaları, poçt-teleqraf Bakını xatırladır. Qış olsa da, mədənlərdə iş davam edir. Lakin fırtınanın başlanması ilə iş dayandırılır. Neftçilər təbiətlə əlbəyaxa döyüşdədirlər. Bütün bu kadrlar nadir neft şəhərinin gündəlik həyatıdır. Artıq əmək növbəsinə gələn yeni neftçilər nəsli ilk neft kəşfiyyatçılarının işini davam etdirir. «Dəniz fatehləri» bütün bunlar haqqında ustalıqla lentə alınmış böyük sənədli hekayətdir. «Xəzər neftçiləri haqqında dastan»la eyni həyati material üzərində qurulduğundan, eyni mövzu və üslubla birləşdiyindən, «Dəniz fatehləri»ni ayrı kontekstdə götürmək olmaz. R.Karmen birinci filmdə söykəndiyi yaradıcılıq prinsiplərini inkişaf etdirib, daha da cilalayır, sənədli kinoda münaqişəli dramaturgiyaya malik ekran əsərinin yaradılmasının mümkünlüyünü bir daha təsdiq edir.

Aradan keçən müddətdə R.Karmen ona tanış olan mövzu üzərində ən kiçik detallarına qədər işləmək imkanı qazandığından, materiala münasibətdə düzgün mövqe seçməyə nail olub. Birinci filmin hekayət forması, hadisələrin və qəhrəmanların istisna təşkil etməsi ikinci filmdə yoxdur: burada filmin əsas qəhrəmanı ayrı-ayrı adamlar yox, Neft Daşlarının çoxsaylı sakinləridir. Müəlliflər dəniz şəhərinin adi günlərini uğurlu detallarla ifadə edir, yumor elementlərini dramaturji vəziyyətlərin inkişafı ilə paralel surətdə tamaşaçıya təqdim edirlər. Həyat hadisələrinə şəxsi münasibətləri rejissorlara və operatorlara səmimi duyğularla zəngin epizodları lentə almağa imkan verib. C.Məmmədovun və S.Medınskinin yüksək peşəkarlıqla lentə aldıqları epizodlar inandırıcı və baxımlıdır.

R.Karmenin yaradıcılıq xüsusiyyətinin bir cəhəti olan həyati müşahidələrinin dəqiqliyi və zənginliyi «Dəniz fatehləri» filmində də aydın görünür. Onun ideyasını həyata keçirən operatorlar hər bir xarakterdə ən təsirli detalları «tutmaqla» parlaq və özünəməxsus portretlər qalereyası yaradırlar. Təbiətlə insan arasındakı münaqişə böyük bədii qüvvə ilə aşkara çıxır, bütövlükdə obraza çevrilir. Rejissor və operatorlar öz qəhrəmanlarını təkcə müşahidə etməklə kifayətlənmir, onların səsini, düşüncələrini də eşidirlər. Bu cəhətdən filmdəki sinxron çəkilişlər «kinoreportaj» effekti daşıyır. «Dəniz fatehləri»ndə sözçülükdən imtina edən rejissor musiqi ilə obrazın yaradılmasına böyük üstünlük verir. Q.Qarayevin musiqisi tamaşaçılara emosional təsir kimi qüvvətlidir, filmə güclü dramatik pafos və milli koloritlə yüklənmiş intonasiya gətirir, epizodların təsirliliyini dərinləşdirir, özünün sadəliyi və melodikliyilə fərqlənir. Y.Dolmatovskinin sözlərinə yazılmış mahnılar da məhz obrazların tamamlanmasına xidmət edir. R.Karmen filmin musiqisi haqqında deyirdi: «Mən Qarayevlə böyük sevinclə işləyirdim, hiss edirdim ki, nəhəng talantla rastlaşmışam. Qara Qarayevin musiqisi iliyinə qədər millidir, o, öz respublikasına, öz xalqına vurğundur. Bununla belə, onun yaradıcılığı hədsiz beynəlmiləldir».

«Dəniz fatehləri» filmi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayiş etdirildi və əsl sənət hadisəsinə çevrildi.

Bakı neftçilərinin qəhrəmanlığı haqqında «Xəzər neftçiləri haqqında dastan» və «Dəniz fatehləri» filmləri 1960-cı ildə Lenin mükafatına layiq görüldü.

Roman Karmenin yaratdığı dəniz neftçilərinin həqiqi həyatı, parlaq və unudulmaz portretləri sənədli ekranın ən böyük nailiyyətləri sırasında özünə layiqli yer tutdu.

Nəriman Əbdülrəhmanlı

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.