Halal adam

Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı mülkdə (indiki Milli Azərbaycan Tarixi Muzeyində) 9 otaqdan ibarət  "H.Z.Tağıyevin xatirə muzeyi" yaradılıb. Azərbaycan və İtaliya mütəxəssisləri Xatirə muzeyinin otaqlarının, əşyaların, mebellərin əvvəlki görkəmini Tağıyevin ailə fotoalbomları əsasında bərpa edə biliblər. Onun iş otağı, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı, yataq otağı, təmizlik otağı ziyarətçilərin ixtiyarına verilib.

Muzeyin bələdçisi İlahə xanımla muzeyi başdan-başa gəzib otaqlarla, əşyalarla tanış olarkən, işçilərdən birinin əlində Tağıyevlə bağlı bir kitab diqqətimi çəkdi. Maraqlanıb, öyrəndim ki, kitabın müəllifi tarixçi Fərhad Cabbarov da muzeyin əməkdaşıdır, ancaq iş gününün axırı olduğundan, artıq muzeyi tərk etmişdi. Əslində, Tağıyev haqqında yazmaq üçün kifayət qədər məlumat əldə etmişdim, amma onun irsini araşdıran gənc tarixçinin oxuduqlarını, bildiklərini bizimlə paylaşması maraqlı olardı.

Ertəsi gün Fərhad müəllimlə elə muzeyin girəcəyində görüşdük. Dedi ki, Tağıyev irsini hələ tələbəlik illərindən araşdırmağa başlayıb:

- Sovet hökumətinin qərarına əsasən, varlıların bütün var-dövləti, mülkləri əllərindən alınmışdı. Lakin Nəriman Nərimanovun sayəsində Tağıyevə Mərdəkandakı bağ evində qalmağa izn vermişdilər. Əslində, 1924-cü ilə qədər Tağıyevə və onun ailəsinə qarşı ədalətsizlik hiss olunmurdu. Amma o, dünyadan köçəndən sonra Mərdəkandakı bağ evləri də müsadirə olundu. Həyat yoldaşı Sona xanım çox kasıb həyat yaşadı. Övladları müxtəlif təzyiqlərə məruz qaldı. Bu binada müxtəlif idarələr, təşkilatlar fəaliyyət göstərib. Cümhuriyyət dövründə xaricdən gələn qonaqlar burada qalırdı. Hətta kimlərinsə yaşayış evi də olub, məsələn, Bəkir Çobanzadə bir müddət bu evdə üçüncü mərtəbədə yaşayıb. Sovetlər dönəmində bina uşaq evi kimi də fəaliyyət göstərib.

- "H.Z.Tağıyevin qız məktəbinin tarixindən" adlı kitab yazmısınız. Əminəm ki, araşdırma zamanı xeyli maraqlı məqamlar qarşınıza çıxıb. Təbii ki, qızların evdə, dörd divar arasında saxlandığı vaxtlarda belə bir ideya haqqında düşünmək, onu dilə gətirməyin özü belə, cəsarət tələb edirdi. İstəyirəm, bir qədər, Tağıyevin bu arzusunu reallaşdırdığı zaman hansı çətinliklərlə üzləşdiyindən danışasınız.

- Çoxları deyir ki, Tağıyev savadsız idi. Mən belə düşünmürəm. O, sadəcə, təhsil almamışdı. Sizcə, savadsız adam bu qədər böyük işlərin arxasınca gedə bilərdimi? Məsələn, Tağıyev qız məktəbini saxlamaq üçün olduqca ağıllı bir fəndə əl atır. Binanı tikdirəndə birinci mərtəbənin bütün qapılarını küçəyə açdırır və onları icarəyə verir. Məktəbin həyətinə isə giriş təbii ki, yox idi. Məktəbdə bir nəfər kişi olub, o da yaşlı və evli qapıçı idi. Qalan işçilər qadınlar olub. Məktəbin akt zalında Tağıyevin böyük bir portreti asılıbmış. Portretdə onun bir əlində Quran, digər əlində qəzet var imiş. Novruz bayramında Hacı şagirdlərlə görüşməyə gələndə akt zalında divardan asılmış portretini göstərib soruşur ki, rəsmdə nə görürsünüz? Qəfil sualdan tutulan şagirdlər cavab verməkdə çətinlik çəkirlər. Hacı öz sualına özü cavab verməli olur. Deyir ki, istəyirəm sizin bir əlinizdə Quran olsun, dinimizin qayda-qanunlarına əməl edəsiniz. Digər əlinizdən isə qəzet düşməsin, dünyaya açıq olasınız, elm öyrənəsiniz.

Onun biznesi yüksələn xətt ilə inkişaf edirdi. Hər şeyi var idi. Amma hər zaman millətin rifahı üçün əlindən gələni etməyə çalışırdı. Biz sonralar onun qohumlarını tapıb əlaqələr yaratmışdıq. Onlar deyirdilər ki, Hacının uşaqları evlərində "millət", "xalq" sözlərinin dillərindən düşmədiyini tez-tez vurğulayırdılar. Hətta onları yaşadıqları bu evlərindən çıxaranda da Tağıyev qızlarına deyibmiş ki, yalnız öz əşyalarınızı, paltarlarınızı, kitablarınızı götürün. Onsuz da hər şey xalqa, millətə qalacaq. Onun evində XIV Ludovikin mebelləri, müxtəlif tarixi əhəmiyyətli, qiymətli əşyalar var idi ki, bunları özləri ilə apara bilərdilər.

- Bir insan bu qədər səxavət, bu böyüklükdə ürək, bu təmizlikdə əxlaq sahibi ola bilərmiş, demək. Təbii ki, onun yerində kim olsaydı, ilk olaraq ölkədən getmək haqqında düşünərdi. Axı, bütün bunlar onun halal malı, mülkü idi. Ona ölkədən getmək də təklif edilmişdi. Amma o, bunu ağlına belə, gətirmirdi Yalnız qızının ölkədən getməsinə razılıq vermişdi və bunun üçün imkanlarından istifadə edərək köməkliyini də əsirgəməmişdi.

- Çünki Leyla xanımın əri Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayev idi. - Fərhad müəllim söhbətinə davam edir. --  O, Azərbaycan Milli Ordusunun müsəlman korpusunun zabiti idi. Tağıyev bilirdi ki, Sovet hökuməti bu zabitləri ya həbs edəcək, ya da güllələyəcək. Onda bu quruluşun çox davam gətirməyəcəyi ilə bağlı bir arxayınçılıq var idi. Hətta, rusiyalı zadəganların sonradan çap olunmuş xatirələrində də yazılmışdı ki, heç kim bolşeviklərin uzun müddət hakimiyyətdə qalacağını ehtimal etmirdi. Düşünürdülər ki, bolşeviklər təhsilsiz, savadsız adamlardı və onların yaratdığı bir təşkilat, dövlət uzun müddət davam gətirə bilməz. Əslində, Tağıyevin ölkədən getməməsinin səbəblərindən biri də bu idi. O da bir gün mülklərinin geri qayıdacağına ümid bəsləyirdi.

- Bildiyimiz kimi, Tağıyev xaricdə təhsil alan tələbələrə mütəmadi olaraq maddi dəstək göstərib. Amma, deyəsən, bir müddət bundan da imtina etmişdi.

- O vaxt indi sizə danışacağım məsələni mətbuatda çox şişirtdilər. Bir dəfə Həsən bəy Zərdabinin rəhbərliyi ilə müəllimlərin qurultayı keçirilir. Məsələ qaldırırlar ki, təhsilin səviyyəsini yüksəltmək məqsədilə canişinə müraciət etsinlər. Həsən bəy Zərdabi deyir ki, müraciəti xahiş formasında edək ki, problemlərimiz tez həll olunsun. Hökumətlə əmr formasında danışmaq olmaz. Nəriman Nərimanov və onun kimi bir neçə gənc müəllim etirazını bildirir ki, bəs nə vaxtacan, xahişlə danışacağıq, o qədər də problemlərimiz həll edilməyəcək. Mübahisə başlayır. İclas iştirakçılarından kimsə ayağa qalxıb, Həsən bəylə mübahisə etdiyinə görə Nərimanova etirazını bildirir. Nərimanov da cavabında deyir ki, ağıl yaşda olmaz, başda olar. Zərdabi bu sözdən inciyir və qurultayı tərk edir. Bu hadisəni eşidən Tağıyev səhəri gün qurultaya gəlib acıqlı çıxış edir: "Nəriman mənim pulumla oxuyan uşaqdı, indi gəlib böyüklərin üzünə ağ olur". Bunu eşidən Nəriman cavabında deyir: "Mən bilmirdim ki, Tağıyev pullarını tələbələrə ona görə verir ki, onların şəxsi mövqeyi olmasın". Bu sözlərdən Tağıyev bərk qəzəblənmiş və demişdi ki, daha heç bir tələbəyə təhsili üçün vəsait ayırmayacaq, çünki onlar nankordurlar.

Sovet dövrünün tarixi kitablarında bu hadisə kapitalist milyonçu ilə inqilabçı müəllimin mübarizəsi kimi təqdim olunur. Amma, əslində, bu insanlar bir-birilərindən incimədilər. Zaman keçdi, Tağıyev Nərimanovun təhsil pulunu sona qədər ödədi. Hərçənd, Nərimanov onun pullarını son qəpiyinə qədər qaytarmışdı. Nərimanov Odessadan qayıdandan sonra Tağıyevin qız məktəbində həkim işlədi.

Daha sonralar - milyonçunun mülkü əlindən alınanda da Nərimanov Tağıyevə çox köməklik eləmişdi. Yaşlı xeyriyyəçinin bağ evinə Nərimanov tez-tez baş çəkərdi.

- Qız məktəbi açan, qızların təhsil almasını istəyən bir adamın özündən yaşca xeyli kiçik olan bir xanımla evlənməsi sizi suallar qarşısında aciz qoymurdu ki? Hərdən onun həyatı ilə bağlı məqamlarda ziddiyyətlərin olduğuna rast gəlməmisiz ki?

- Bizim muzeydə Sona xanımın bacısı Nurcahana yazdığı bir məktub saxlanılır. Məktubda Sona xanım bu elçiliyin necə olduğu haqda yazıb. Nurcahan Tağıyevin birinci xanımı Zeynəbdən olan böyük oğlunun - İsmayıl bəyin arvadı idi. Tağıyev Bakıdan Dərbənddə, Sona xanımın evinə elçi göndərir. Tağıyev elçiyə deyibmiş ki, Sonanın bacısı Nurcahanın evdə necə xanım olduğunu, ailədə necə davrandığını görüb və fikirləşir ki, onun bacısı da o cür qadın olacaq. Buna görə də, o, belə bir ailədən çıxmış qızın bacısı ilə evlənmək qərarına gəlib. Beləliklə, onlar evləniblər. Maraqlıdır ki, Sona xanım Tağıyevə təkcə həyat yoldaşı olmadı, o, demək olar ki, Hacının sağ əli idi. Məsələn, qız məktəbinin açılmasında Tağıyev Hamilər Şurasının sədri, Sona xanım onun müavini idi. Məktəbə ikisi bir yerdə gəlirdi, bayramlarda hədiyyələri bir yerdə paylayırdılar. Bəziləri deyir ki, Tağıyev birinci arvadını boşamışdı. Əslində isə, Sona xanımla evlənəndə onun birinci arvadı xeyli vaxt idi ki, vəfat etmişdi.

- Bilirəm ki, bu dəyərli insan haqqında çox xatirələr eşitmisiniz. İnsanlar onun haqqında necə danışırlar? Yaxınlarının yadında necə qalıb?

- "Müasirləri Tağıyev haqqında" adlı kitabım dərc olunub. Bir xatirə mənə çox təsir eləmişdi. Tağıyevin Əhmədlidəki fabrikinin fəhlələrindən biri danışır ki, artıq Hacının bütün mülkü əlindən alınmışdı. Mərdəkandakı bağ evində yaşayan Tağıyevə işçiləri baş çəkmək qərarına gəlirlər. Həyətə girəndə qulluqçusu işçilərin içəri girməsinə mane olmağa çalışır. Həyətdə çay içən Tağıyev gələnlərin kim olduğunu biləndə, qulluqçusuna tapşırır ki, onları əliboş yola salmasın, hərəsinə bir vedrə üzüm yığıb versin. 1924-cü il idi, Tağıyev artıq milyonçu deyildi. Özü də, bəlkə çətinliklə dolanırdı, amma yenə də keçmiş fəhlələrini əliboş yola salmaq istəmirdi.

Daha bir xatirə yaddaşımda dərin iz buraxıb. Tağıyevin tikdirdiyi, indiki Dövlət Musiqili Teatrının binasının təmirdən sonra 1922-ci ildə açılışını edirlər. Sidqi Ruhulla ilə Mirzağa Əliyevi göndərirlər ki, Tağıyevi tədbirə gətirsinlər. Artıq Sovet hökuməti öz mövqeyini möhkəmlətmişdi. Zalda komissarlar, dövlətin yüksək çinli məmurları oturmuşdu. Hacı zala girən kimi hamı ayağa qalxır və onu alqışlayır. Tağıyev bu mənzərədən təsirlənib kövrəlir. Çıxışında deyir: "Mən bu hissi ikinci dəfədir yaşayıram. İlk dəfə Həcc ziyarətində Müqəddəs daşa toxunanda bu qədər təsirlənmişdim". Mənə həmişə maraqlı olub, görəsən, o, yaşadığı bu evə gəlibmi? Gəlibsə, onu içəri buraxıblarmı? Məlumdur ki, onun ölümündən sonra həyat yoldaşı Sona xanıma evə girməyə icazə verməyiblər. Bu adam heç bir vəzifə sahibi deyildi. Sadəcə, biznesi var idi. Amma XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid istənilən tarixi kitabda Tağıyevin adına rast gəlmək mümkündür. Məsələn, görə bilərik ki, Rusiyanın hansısa ucqar yerində bir məktəb açılıb, Tağıyev ora müəyyən məbləğdə pul göndərib. Məndə onun bütün mühasibat sənədləri var, arxivdən çıxarmışam. Orada yazılan şəhər adlarının sayı-hesabı yoxdur. Bu o şəhərlərdir ki, Tağıyev orada binaların, mədəniyyət mərkəzlərinin, məktəblərin tikilməsi üçün pul ayırıb. Hesablamışam, onun ən çox pul ayırdığı sahə təhsil olub. İkinci məscidlər idi. Halbuki, o dinə olduqca bağlı adam idi. Bir dəfə Mərdəkanda məscid tikirlər. Hacı həmin o məscidi tikdirən adama xatırladır ki, burada artıq iki məscid var, onun əvəzində məktəb tikdirsə, daha faydalı olar. Tikinti aparan adam razılaşmır, savab qazanmaq istədiyini bildirir. Hacı görür ki, heç nə izah edə bilməyəcək, adamlarına ora tökülən daşları yığıb tikdirdiyi məktəbin ərazisinə daşımaqlarını tapşırır...

Fərhad Cabbarov bütün səmimiyyəti ilə xeyriyyəçi olmuş Tağıyevlə bağlı yazdığı kitabları redaksiyamıza bağışladı. Qapıdan çıxanda pilləkənlər Fərhad müəllimin danışdığı bir epizodu yadıma saldı. Yaşlı bir kişi nəvəsi ilə həmin pilləkənlərlə qalxırmış. Biləndə ki, bir vaxtlar Tağıyev bu pilləkənlərlə çıxıb-düşürmüş, ayaqqabılarını çıxarıb kənara qoyur. Allah bilir, o vaxt o qocanın ağlından, ürəyindən nələr keçib, Allah bilir, o qoca nələri xatırlayıb.

İllər keçir, nəsillər dəyişir, insanlar yadlaşır, yaxşılıqlar isə, unudulmur ki, unudulmur.

Feyziyyə

 

 

DİGƏR MƏQALƏLƏR