Dillər Universitetinin yüksək bal toplamış tələbələri Tərcümə Mərkəzində

Oktyabrın 8-də ARNK yanında Tərcümə Mərkəzinin direktoru A.Məsud Dillər Universitetinin tərcümə fakültəsinə yüksək balla daxil olmuş tələbələri ilə görüşüb. Görüş zamanı tərcümə sənətinin aktuallığı, tərcüməçilik ixtisasının özəl incəlikləri, həmçinin tədrisi sahəsində yaşanan problemlərdən söz açılıb. Uzun illər beynəlxalq aləmlə "Sovetlər ölkəsi" kimi yalnız rus dili vasitəsi ilə ünsiyyət quran Azərbaycanın bu gün dünyaya öz sözü, müstəqil siyasəti ilə inteqrasiya etdiyini, müxtəlif sahələr və səviyyələr üzrə qurulan bu əlaqələrdə, mübadilə və iş birliklərində, həmçinin dövlətlərarası rəsmi yazışmalarda qarşılıqlı anlaşmanın ilkin vasitəçisi və təyinatçısı olan dil və tərcümənin ön palana çəkildiyini bildirən A.Məsud görülən işlərdən, bu sahənin kadr bazasının bilavasitə qurucusu olan təhsildən, tərcümə tədrisinin problemlərindən  danışıb: "2014-cü ildə ölkə başçısı cənab İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması ilə bağlı fərman imzaladı. Bu Fərman dil və tərcümənin işləndiyi hər sahədə yaşanan fəsadların, əngəllərin aradan qaldırılmasına, bu sahənin dövlətin siyasi kursu qismində formalaşdırılmasına geniş imkanlar yaratdı. Bəzən bizi "Tərcümə Mərkəzi" adı altında vətəndaşlara tərcüməçilik xidməti göstərən xırda kontorlarla qarışıq salır, bəzən də sırf bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olan yaradıcı tərcümə qurumu kimi qəbul edirlər. Lakin bu, belə deyil. Mərkəz ölkə üzrə dil və tərcümə sahəsinin mərkəzləşdirilmiş qaydada, məqsədyönlü şəkildə təşkili, təkmilləşdirilməsi və bu sahəyə nəzarəti həyata keçirən strateji əhəmiyyətli dövlət qurumudur. Bu gün biz bu sahənin normativ hüquqi bazasının yaradılması, tərcümə və tərcüməçilik fəaliyyətinin beynəlxalq normalara cavab verəcək mexanizmlər üzrə aparılması, peşəkarlıq meyarlarının, dil və tərcümə standartlarının müəyyən edilməsi və digər bu kimi sahə quruculuğu işləri ilə məşğuluq. Sizləri bura dəvət etməkdə məqsədimiz isə bu sahənin tədrisi üzrə araşdırmaların nəticələrini birgə müzakirə etmək, vəziyyətdən çıxış yolları tapmaqdır. Əvvəla, hər birinizi ürəkdən təbrik edir, bu çətin və şərəfli peşədə sizə uğurlar arzulayıram. İlk növbədə, bunu deməliyəm ki, tərcümənin təhsil sferası üzrə aparılan araşdırmalar ali məktəblərə qəbul zamanı, çox hallarda tərcümə ixtisasının ikinci, bəzən üçüncü pillədə - yəni bal çatışmadığı halda təhsildən kənarda qalmamaq niyyəti ilə seçildiyini aşkar edib. Digər, daha ağrılı məqam - bu ixtisasa önəm verən və yüksək bal toplayan qabiliyyətli tələbələrin ikinci kursdan sonra təhsilini xarici ölkələrdə davam etdirməsi və təhsil müddəti başa çatdıqdan sonra geriyə qayıtmamasıdır".

Bunun ardınca Afaq Məsud hər bir ölkənin maarif səviyyəsinin göstəricisi olan dil və tərcümənin aktuallaşması, spesifik sahələr üzrə mənimsənilməsi, tədris və tətbiq mədəniyyətinin təkmilləşdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsini tənzimləyəcək Dövlət Proqramının hazırlandığını bildirib.

Sonra söz tələbələrə verilib.

Ceyhun Şahbazlı: (ADU/Tərcümə fakültəsi/Koreya dili)

- Tərcümə sənətinə sevgi hələ məktəbdə oxuduğumuz vaxtlardan bizə aşılanmalıdır. Şagirdlərin isə bu sahə barədə anlayışı yoxdur. Mən bu  fakültəyə daxil olandan sonra bildim ki, tərcümənin müxtəlif sahələri var. Məktəblərdə maarifləndirici görüşlər təşlik olunmalı, silsilə təlimlər həyata keçirilməlidir. Tədris prosesinə başlamazdan əvvəl yuxarı siniflərdə bizlərdə bu sənətə maraq oyatmaq lazımdır.

Rzayeva Jalə: (ADU/Tərcümə fakültəsi/İngilis dili)

- Mən də tələbə yoldaşımın fikirlərinə qoşuluram. Bəzilərimizin yaxınları yüksək balla tərcümə fakültəsinə düşməyimizə təəssüflə yanaşdılar. Onlar arzulayırdılar, hüquq fakültəsində oxuyaq, biz bu sənətin xüsusiyyətlərindən bixəbər olduğumuza görə, ilk günlər məyus olmuşduq, amma tədricən görürük ki, çox maraqlı ixtisasdır. Təəssüf ki, məktəblərdə tərcümə sənətinin necə önəmli, cəmiyyət üçün necə vacib olması barədə məlumat verilmir.

Məsələn, ingilis dili üzrə pedaqoji istiqamətdə təhsil alıb, gələcəkdə müəllim diplomu alacaq tələbələr də tərcüməçi olmaq istəyirlər. Bu, xüsusi olaraq aşılanmalıdır tələbələrə. Başqa ixtisas üzrə təhsil almış şəxslərin sonradan tərcüməçi olmaq istəyi, məncə, qeyri-ciddidir. Hər kəs öz sahəsi ilə məşğul olsa, nəticə daha ürəkaçan olar.

Samirə Kəlbəliyeva: (ADU/Tərcümə fakültəsi/İngilis dili)

- İnternet portalları vasitəsi ilə də məlumat əldə etməyə çalışmalıyıq. Maarifləndirmə hər istiqamətdə aparılmalıdır. Hazırda, təhsildə kurikulum sistemi tətbiq olunur. Amma, mən də içində olmaqla, bəzi tələbələr məktəbdə bu sistemlə təhsil almayıb, indi universitetdə yeni sistemə uyğunlaşmağa çalışırıq. Lakin əvvəlki təhsillə indiki təhsil arasında uçurum hiss olunur.

Məsələn, sistem özü maraqlıdır, amma dərsliklər buna müvafiq deyil və ya bir çox hallarda kurikulumla keçilməli dərsi müəllimlər bizə gərəkli şəkildə çatdıra bilmirlər.

Rəhimli Aytən: (ADU/Tərcümə fakültəsi/İngilis dili)

- Mən şəxsən bu ixtisası "ən gəlirli sahədir" - deyənlərin fikri ilə seçdim. Amma indi görürəm ki, bu, həm də çox maraqlı sənətdir.

Rzayev Taleh: (ADU/Tərcümə fakültəsi/İngilis dili)

- Azərbaycan dilinin incəliklərini bilmədən heç bir dildən tərcümə eləməkdən danışmaq olmaz. Həmçinin hansı dildən və hansı dilə tərcümə ediriksə, həmin dildə danışan xalqların mədəniyyətini də bilməliyik. Azərbaycan dili çox zəngin dildir, müasir və müstəqil bir ölkədə yaşayırıq. Artıq müxtəlif dillərdən rus dilinə, daha sonra rus dilindən Azərbaycan dilinə tərcümə etməyə ehtiyac yoxdur, bütün mətnlər orijinaldan dilimizə çevrilməlidir. Mən tərcüməyə ingilis dilində bədii ədəbiyyat oxumaqla başlamışam. Müəllimimlə tez-tez müşahidə edirdik ki, bəzi sözlərin dilimizdə ifadəsi çox uzun alınır, bəzən bir sözü tərcümə etmək üçün bir neçə sözdən istifadə edirdik. Biz ixtisasımız üzrə müvafiq xarici dilə yiyələnməklə yanaşı, ana dilimizdə də söz ehtiyatımızı artırmağa, dilimizin incəliklərinə bələd olmağa çalışmalıyıq.

Görüşün sonunda tələbələrə Mərkəzin nəşrləri, buklet və kataloqları toplanmış çanta hədiyyə edildi.

 

Qalereya

DİGƏR MƏQALƏLƏR