Musiqimizin qoşa qanadı

Musiqimizin qoşa qanadı

Hər il sentyabrın 18-i Azərbaycanda Musiqi günü kimi təntənə ilə qeyd edilir.

1885-ci ilin həmin günündə sonralar Azərbaycan professional musiqisinin təməlini qoymuş, milli bəstəkarlıq məktəbimizi yaratmış, eyni zamanda, musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş iki görkəmli sənətkar - Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev dünyaya gəliblər.

Hər iki sənət fədaisinin anadan olmasının 130 illik yubileyi hər il dövlət səviyyəsində, müxtəlif tədbirlərlə qeyd edilir.

Bütövlükdə isə, sənət tarixində bu qədər tale yaxınlığına malik olan iki şəxsiyyətə çox az rast gəlmək olar...

Onları seminariya birləşdirmişdi...

Üzeyir bəy Ağcabədidə dünyaya göz açıb. Atası Əbdülhüseyn,  xan qızı Natəvanın mirzəsi, həm də onun Ağcabədidəki mülklərinə cavabdeh şəxs idi. Təhsilini Şuşadakı ikisinifli rus-tatar məktəbində, dayısı Ağalar bəy Əliverdibəyovun sinfində almışdı.

Müslümün atası isə Qaxın İlisu kəndində doğulmuşdu, sonralar Vladiqafqaza, ardınca isə Qroznıya köçmüşdü. Müslüm (Əbdülmüslüm) isə Qroznıda dünyaya göz açmış, ilk təhsilini burada almışdı.

Hər ikisi uşaqlıqdan dərrakəli, gözüaçıq, oxuyub-öyrənməyə həvəsli idi. Üstəlik, hər ikisinin də anadangəlmə musiqi qabiliyyəti vardı: Azərbaycanın musiqi beşiyi Şuşada böyüməsi Üzeyirin bu qabiliyyətinin üzə çıxmasına böyük təsir göstərmişdi. Müslümün ailəsində də musiqinin xüsusi yeri vardı.

1899-cu ildə Tiflis yaxınlığındakı Qori şəhərində yerləşən Müəllimlər Seminariyasında təhsil almağa gələn 14 yaşlı yeniyetmələr onda hələ ömür yolunda az qala 40 il qoşa addımlayacaqlarını bilmirdilər.

Beşillik təhsil dövrü Üzeyirin və Müslümün dünyagörüşünün formalaşmasında əvəzedilməz rol oynadı. Xüsusilə, seminariyada dünya mədəniyyəti ilə yaxından tanış oldular, musiqi dərslərində professional musiqinin əlifbasını səylə öyrəndilər, Avropa musiqi klassiklərinin əsərlərini mənimsəməklə yanaşı,  Üzeyir  skripkada və bariton adlanan nəfəs alətində çalmağı öyrəndi, xalq mahnı nümunələrini nota köçürdü, uşaqlıq illərindən akkordeonda çalmağı, Azərbaycan xalq musiqisini ifa etməyi bacaran Müslüm isə skripka və klarnetə xüsusi maraq göstərdi. Üzeyir musiqi nəzəriyyəsini öyrənməyə daha çox vaxt ayırsa da, Müslüm skripkaçı kimi konsertlərdə iştirak edir, seminariya orkestrində əsas musiqiçi və dirijor sayılırdı.

Sonralar onların yaşıdı və gələcək qohumu Əli Terequlov xatirələrində yazacaqdı: "Üzeyirə, Müslümə və yoldaşlarımızdan bəzilərinə qış və yaz tətillərində evə getmək həmişə müyəssər olmurdu. Belə vaxtlarda onlar pansionatda qalırdılar. Bəzən bir neçə günlüyə Tiflisə, mənim yanıma gəlirdilər. Gələndə, əlbəttə, skripkalarını da özləri ilə gətirirdilər və biz günlərimizi çox şən keçirirdik. Operalardan duetlər, triolar, ayrı-ayrı parçalar bir-birini əvəz edirdi. Operaya getmək bizim üçün ən böyük sevinc olurdu. Tamaşa bizə ləzzət verir, həyəcanlandırırdı. Sonra uzun müddət opera tamaşasının müxtəlif parçaları, ariyaların ifası, aktyorların ustalığı müzakirə edilirdi."

Ayrılıq onların dostluğunu daha da möhkəmləndirdi...

1904-cü ildə Qori seminariyasını bitirəndən sonra Üzeyir və Müslümün yolları müvəqqəti də olsa, ayrıldı. Üzeyir bəy Cəbrayıl qəzasının Hadrut kənd məktəbinə müəllim təyin edildi, burada rus dili, hesab, tarix və musiqidən dərs dedi. Amma 1905-1907-ci illərdə baş verən hadisələr onu Bakıya köçmək məcburiyyətində qoydu. Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs dedi, ədəbi-publisistik fəaliyyətə başladı, "Həyat" qəzetində tərcüməçi, "İrşad" qəzetində əməkdaş kimi çalışdı. Şübhəsiz, 1908-ci il, yanvarın 12-də Şərqin ilk operası olan "Leyli və Məcnun"un ilk tamaşası baş tutanda ən çox sevinənlərdən biri də Müslüm Maqomayev idi. Üzeyir 1911-ci ildə musiqi təhsili almaq üçün Moskvaya getdi, amma az sonra maddi ehtiyac üzündən Bakıya qayıtmağa məcbur oldu.

Müslüm bəy isə əvvəlcə  Quzey Qafqazda, sonra isə Azərbaycanın Lənkəran rayonunda müəllim kimi çalışdı, pedaqoji fəaliyyəti ilə bərabər, şagirdlərdən ibarət xor,  nəfəsli və simli alətlər orkestri və teatr dərnəyi təşkil  etdi, üstəlik, Tiflis Pedaqoji İnstitutunda uğurla imtahanlardan keçib şəhər məktəblərində müəllim kimi çalışmaq hüququ qazandı.

Bu illər Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin püxtələşmə dövrü idi. Hətta tale onları daha da yaxınlaşdırdı. Seminariya illərindən başlayan möhkəm dostluq qohumluğa çevrildi, ikisi də Terequlovlar ailəsi ilə qohum oldu, Üzeyir bəy Məleykə, Müslüm bəy isə Badigülcamal xanım Terequlova ilə evləndi. Üstəlik, Müslüm bəy 1911-ci ildə Üzeyirin tövsiyəsi ilə Bakıya köçüb Sabunçu rayonunda texniki  məktəbdə müəllimlik etdi, eyni zamanda, şagirdlərdən ibarət xor və orkestr yaratdı.

Amma bütün bunlar onların fundamental yaradıcılıq əməkdaşlığı üçün zəmindən başqa bir şey deyildi...

İlhamlı yaradıcılıq illəri

1909-1915-ci illər Üzeyir bəyin yaradıcılığında çox məhsuldar dövrdür. O, bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşid Banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operalarının librettosunu, xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında musiqi əsərləri yazdı.

Müslüm Maqomayev isə  Üzeyir bəy Hacıbəyli ilə  sıx yaradıcılıq əməkdaşlığına başladı,  onun yaratdığı teatr truppasının rəhbəri oldu, opera tamaşalarında skripkada ifa etdi, 1912-ci ildən etibarən isə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına və "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarına dirijorluq etdi. Bütün bunlarla yanaşı, az sonra - 1916-cı ildə ona bəstəkar kimi şöhrət gətirən ilk böyükhəcmli əsərini - "Şah İsmayıl" operasını yaratdı...  İllər keçəcək, əsərdəki Aslan şahın ariyasını nəvəsi və adaşı, dünyaca məşhur müğənni Müslüm Maqomayev ifa edəcəkdi...

Əlbəttə, o dövrdə, çar Rusiyasının təzyiqi altında, mövhumatın, cəhalət və savadsızlığın tüğyan etdiyi illərdə milli musiqili teatr yaratmaq ideyası belə, təhlükəli idi.

Üzeyir bəy, Müslüm bəy və məsləkdaşları ilk opera və musiqili teatr tamaşalarını hazırlayanda ciddi maddi-mənəvi çətinliklərlə qarşılaşıb, hədsiz təqib və təhqirlərə məruz qalıblar.

Qısa sürən müstəqillik illərində Üzeyir Hacıbəyli və Müslüm Maqomayev bütün bilik və bacarıqlarını milli dövlətçiliyin möhkəmlənməsinə həsr ediblər. Üzeyir bəy "Azərbaycan" qəzetinin redaktoru, ilk milli marşımızın müəllifi kimi, Müslüm bəy musiqi təşkilatçısı kimi əlindən gələni əsirgəməyib...

Yeni quruluşa zorən xidmət

Ağlagəlməz repressiyalarla qurulan Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyli də Müslüm Maqomayev də cismani cəhətdən məhv olmaq təhlükəsi ilə üzləşiblər.

Həmin illərdə Üzeyir Hacıbəylinin adı tez-tez "xalq düşmənləri" sırasında səslənməyə başlamışdı. Hətta 1920-ci ildə "Cəllad" ləqəbli Pankratov bəstəkarı güllələmək istəmiş, təhlükə sırf təsadüf nəticəsində sovuşmuşdu. Əqidəcə qatı kommunist olan qaynı Hənəfi Terequlov təhlükəsizlik idarəsi şöbə rəislərindən birinin masası üstündə haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyirin də adını görüb, tez Nəriman Nərimanovun yanına gedərək ona vəziyyəti danışıb. Nərimanov həmin siyahını tələb edib, bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görüb. Eyni zamanda, Paris Sülh konfransına getmiş qardaşı Ceyhun bəy Hacıbəylinin də Fransada siyasi mühacir kimi qalması onun başı üzərindən Domokl qılıncı kimi asılmışdı.

O, 20-ci illərdə daha çox təşkilati işlər və nəzəriyyə ilə məşğul oldu, Azərbaycan Dövlət Konservatoriyasını yaratdı.

Müslüm Maqomayevin də təşkilatçılıq qabiliyyəti sonralar onun Azərbaycan SSR Xalq Maarif Komissarlığında sənət şöbəsinin müdiri və Azərbaycan Radio Mərkəzində musiqi rəhbəri kimi bir sıra məsuliyyətli  vəzifələrdə çalışmasına imkan yaratdı, Türk Dövlət Teatrının direktoru, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, bədii rəhbəri və dirijoru vəzifələrini  uğurla yerinə yetirdi. Muğamlarımızı dərindən bilən bəstəkar, Azərbaycan xalq mahnılarının nota salınmasında böyük əmək sərf etdi. 1927-ci ildə Ü. Hacıbəyli  ilə birgə "Azərbaycan türk el nəğmələri" məcmuəsini tərtib etdi, 300-dən artıq  xalq mahnısını və oyun havalarını nota aldı. Azərbaycan musiqisində muğamın nota yazılmasında ilk təcrübə də Müslüm bəyə məxsusdur - o, "Rast" muğamını nota köçürüb.

Məşum 1937-ci il və Üzeyirin 11 illik tənhalığı

Həmin təhlükə hər iki sənətkarı ömürlərinin axırınacan izlədi. Xüsusilə, 30-cu illər repressiyası başlayanda Üzeyir Hacıbəyli də, Müslüm Maqomayev də həyatlarının sığortalanmadıqlarını çox gözəl anlayırdılar.

1935-ci ildə Müslüm Maqomayevin  yaradıcılığında   əhəmiyyətli yer tutan "Nərgiz" operasının ilk tamaşası baş tutdu. Həmin operaya görə o Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görüldü.

Bəstəkarın "Xoruz bəy"  satirik musiqili komediyası, "Dəli Muxtar"  baleti və "Məhəbbət"  (tamamlanmamış) operası, milli simfonik janrda yaratdığı əsərlər Azərbaycan musiqi tarixi xəzinəsinə daxil edildi.

1937-ci il, aprelin 30-da isə Üzeyir Hacıbəylinin monumental "Koroğlu" operasının ilk tamaşası böyük uğurla keçdi. Tamaşadan cəmi üç ay sonra, iyulun 23-də isə  bəstəkar sadiq dostunu itirdi - Müslüm Maqomayev dünyasını dəyişdi.  "Bəstəkar Müslüm Maqomayev Azərbaycan musiqi sənətinin inkişafı yolunda duran bütün maneələri amansızcasına məhv edən cəsarətli novator, həqiqi realist, öz mahiyyəti və məqsədi etibarilə sırf xalq bəstəkarı idi", - o, az sonra yazacaqdı.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Arşın mal alan", "Koroğlu" operaları böyük maraqla qarşılanır. Məhz "Ellər atası" Stalinin gənclik illərində tamaşa etdiyi "Arşın mal alan" operettasına sevgisi bəstəkarı təhlükələrdən xilas edib, ona layiq olduğu şöhrəti, həm də SSRİ Xalq artisti fəxri adını və Dövlət Mükafatını, çoxlu mükafat, təltif və vəzifə kürsülərini bəxş edib. Amma həyatının son illərində mənəvi sıxıntılar yaşayan Üzeyir bəy üzərində işlədiyi "Firuzə" operasını tamamlaya bilməyib. Dostunun adını daşıyan nəvə Müslümün doğulmasına hədsiz sevinsə də, körpənin atası, kino rəssamı Məhəmmədin 1943-cü ildə müharibədə həlak olması onun üçün daha bir zərbə olur. Üzeyir bəyin cəmi 63 yaşında - 1948-ci il, noyabrın 23-də həyatla vidalaşması keçirdiyi mənəvi sarsıntıların nəticəsi idi.

Bu gün fəxrlə deyə bilərik ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət yaradıb və milli bəstəkarlıq məktəbinin özülünü qoyub. Müslüm Maqomayev isə musiqi mədəniyyətimizin formalaşmasında və zənginləşməsində əvəzsiz xidmətlər göstərib...

 

Nəriman Əbdülrəhmanlı

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.