Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikasına yardımları

Azərbaycan Xalq Cümhuriyyəti Şimali Qafqazda Dağlı Respublikası yaradıldıqdan sonra dağlı xalqlarına davamlı şəkildə maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları göstərməyə başladı. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 50 milyon manat həcmində maliyyə yardımı göstərdi ki, bu da 1919-cu il üçün AXC-nin dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi.

Azərbaycan xalqının Şimali Qafqazın yerli dağlı əhalisi ilə çoxəsrlik siyasi, iqtisadi və mənəvi əlaqələri 1917-1920-ci illərdə milli müstəqillik uğrunda mübarizə dövründə daha da gücləndi və çoxşaxəli oldu. Azərbaycanın qabaqcıl ziyalıları, ictimai-siyasi xadimləri həmin dövrdə Şimali Qafqaz xalqlarının milli-azadlıq hərəkatını rəğbətlə izləyir və bütün mümkün vasitələrlə onlara yardım edirlər.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası (Dağlı Respublikası) yaradıldıqdan sonra Azərbaycanın dağlı xalqlarına maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları davamlı və sistemli xarakter aldı. AXC ilə Dağlı Respublikası arasında çeşidli münasibətlərə AXC-nin xarici siyasətinə, Şimali Qafqazda dağlıların azadlıq mübarizəsinə həsr olunmuş monoqrafiyalarda, akademik nəşrlərdə bu və ya digər dərəcədə toxunulsa da, qarşılıqlı münasibətlərin bütünlüklə və tam şəkildə araşdırıldığını söyləmək mümkün deyil. Oxucuların diqqətinə təqdim edilən məqalədə Azərbaycanla Dağlı Respublikası arasında qarşılıqlı əlaqələrin əsas və önəmli cəhətlərini açıqlamaq qarşıya məqsəd qoyulub.

1917-ci il Oktyabr çevrilişindən sonra Şimali Qafqazda bolşevikləri dəstəkləyən sovetlər, Terek kazaklarının rəhbərliyi və dağlı xalqlarının milli şuraları hakimiyyət uğrunda mübarizəyə başladılar. Oktyabrın sonunda Petroqrad çevrilişi Dağıstanda da pisləndi və Terek dağlıları ilə birlikdə Terek-Dağıstan hökuməti yaradılması təklifi irəli sürüldü.

Bu qurumların nümayəndələri noyabrın 8-də Vladiqafqazda birgə iclas keçirdilər. İclasda Şimali Qafqaz Dağlıları Mərkəzi Komitəsinin sədri Ə.Çermoyev, Terek vilayəti İcraiyyə Komitəsinin sədri P.Kotsev, Terek kazaklarının atamanı M.Karaulov və vilayət soveti rəhbərliyi bölgədə idarəçiliyi təmin etmək üçün ayrı-ayrı sahələr üzrə komissarlıqlar yaratdılar. Dekabrın 2-də Şimali Qafqaz Dağlı İttifaqının yaradılması haqqında bəyannamə qəbul edildi. Rəşid xan Qaplanovun başçılığı ilə müvəqqəti hökumət təşkil olundu. M.Karaulov hökumət başçısının müavini, ədliyyə və maliyyə komissarı, general X.Talışxanov hərbi komissar, "Vəhşi diviziya""nın komandanı, general Polevtsev Terek-Dağıstan hərbi hissələrinin komandanı təyin olundular və s. Lakin bolşevik təbliğatı və Qafqaz cəbhəsindən qayıdan rus əsgərlərinin yerli əhaliyə qarşı zorakılıqları milli toqquşmalara səbəb oldu. Dekabrın 13-də bolşevik təsiri altında olan rus əsgərləri M.Karaulovu qətlə yetirdilər. Bu hadisə rus-kazak hərbçilərinin bölgədə dağlılara qarşı qətl və qarətlərinin geniş miqyas almasına gətirib çıxardı. Qroznıda, Vladiqafqazda rus əsgəri qüvvəsinə arxalanan Sovetlər 1918-ci ilin əvvəlində hakimiyyəti ələ aldılar. Martın 17-də isə Pyatiqorskda Terek Xalq Komissarları Soveti təşkil edildi. Şimali Qafqazda bolşevik hakimiyyətinin qurulmasına başlandı.

Dağıstanda isə Nəcməddin bəy Qotsinskinin və Uzun Hacının başçılıq etdiyi islamçı qüvvələr fəallaşdılar. Petrovsk (Mahaçqala - Q.Ə.) bolşeviklərdən təmizləndi. Hərbi İnqilab Komitəsinin sədri U.Buynakski Həştərxana qaçdı və rus bolşeviklərindən Dağıstana hərbi qüvvə yeritməyi xahiş etdi. N.Qotsinski Dağıstan və bütün Şimali Qafqaz müsəlmanlarının imamı kimi öz hakimiyyətini elan etdi, aprelin əvvəlində isə Bakıda müsəlman əhaliyə qarşı erməni-bolşevik soyqırımının qarşısını almaq üçün hərbi yürüşə başladı. Dağıstan süvari alaylarının da iştirak etdiyi bu yürüş zamanı erməni-bolşevik qüvvələri Xaçmaz yaxınlığında məğlub edildi. Aprelin 10-da N.Qotsinskinin başçılıq etdiyi Dağıstan könüllüləri Bakı Sovetinin yaratdığı Biləcəri - Xırdalan müdafiə xəttinə çatdılar. Lakin bu zaman Həştərxandan dəniz yolu ilə bolşeviklərin Petrovska hərbi qüvvə yeritməsi xəbərini eşidib tələsik Dağıstana dönməyə məcbur oldular.

Terek-Dağıstan hökuməti bu dövrdə iflic vəziyyətə düşdü və fəaliyyətini dayandırdı. Dağlı milli qüvvələrinin liderləri Cənubi Qafqaz Seymi ilə birlikdə çıxış etmək, bütün Qafqazın təmsil olunduğu hakimiyyət strukturlarının yaradılmasına nail olmaq məqsədilə Tiflisə toplaşdılar.

Seymin Müsəlman fraksiyasına daxil olan deputatlar 1918-ci ilin mart ayında dağlı nümayəndəliyinin Cənubi Qafqaz Seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciəti dəstəklədilər. Lakin Seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, Müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə ikitərəfli münasibətlər yaratmaq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, Məhəmməd Qazi Dibirov, Heydər Bammatov, Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz Seymdəki azərbaycanlı ictimai xadimlərin səyi nəticəsində dağlı nümayəndələrinin Trabzon sülh danışıqlarında iştirakı mümkün oldu.

Müsəlman fraksiyasının təkidi ilə Trabzona sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə dağlı nümayəndəsi İbrahim bəy Heydərov da daxil edildi. Trabzonda Azərbaycan və dağlı nümayəndələri Şimali Qafqazla Cənubi Qafqazın vahid müstəqil dövlətdə birləşməsini təklif etdilər. Lakin gürcü və erməni nümayəndələri, eləcə də alman komandanlığının təmsilçisi, Qafqazda müstəqil dövlət yaradılması zamanı bölgədə müsəlman-türk təsirinin artmasından, Osmanlı dövlətinin mövqeyinin güclənməsindən ehtiyatlanaraq, buna razılıq vermədilər.

Cənubi Qafqaz Seyminin 1918-ci il aprelin 13-də keçirilən iclasında Qafqaz cəbhəsində yaranmış vəziyyət müzakirə olundu, gürcü və erməni nümayəndələrindən ibarət Ali Müdafiə Şurası yaradıldı, Osmanlı dövlətinə qarşı müharibə elan edildi, Seymin fəaliyyəti isə iki həftəliyə dayandırıldı. Seymin Müsəlman fraksiyası həmin gün axşam toplaşaraq Seymin bu qərarlarını müsəlman əhalisinin hüquqlarının tapdalanması kimi qiymətləndirdilər. Fraksiyanın üzvü H.Məmmədbəyov isə çıxışında daha irəli gedərək Seymi tərk etməyi, Şimali Qafqaz nümayəndələri ilə bir araya gəlib müsəlman əhalisinin gələcək taleyi barədə fikirləşməyi təklif etdi. Lakin fraksiya üzvlərinin əksəriyyəti Trabzon sülh konfransındakı nümayəndələrimizin məlumatını dinləməyi və kəskin addımlardan çəkinməyi məqsədəuyğun saydı.

Trabzonda uğur qazana bilməyən dağlı nümayəndələri isə İstanbula gedərək, Osmanlı hökuməti ilə birbaşa təmasa girdilər. Batum sülh konfransı ərəfəsində hərbi nazir Ənvər paşa ilə görüşüb, ondan yardım istədilər. 1918-ci il mayın 11-də isə dağlı nümayəndə heyəti Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının (Dağlı Respublikası) yaradılması haqqında İstiqlal bəyannaməsi qəbul etdi. Osmanlı dövlətinə və onun müttəfiqlərinə bu haqda rəsmi nota verdilər.

Əbdülməcid Çermoyevin və Heydər Bammatovun imzaladığı bu sənədlər Osmanlı dövləti rəhbərliyi tərəfindən məmnunluqla qarşılandı. Alman nümayəndə heyəti isə bu qurumun bütün Şimali Qafqazı əhatə etməsinə qarşı çıxdı, Kuban vilayətində kazaklarla münasibətləri daha önəmli saydığını nümayiş etdirdi. Mayın 24-də Ə.Çermoyevin başçılıq etdiyi Dağlı Respublikası hökuməti Gəncəyə köçdü. Dağlı Respublikası nümayəndə heyəti 1918-ci il iyunun 8-də Batumda Osmanlı dövləti ilə dostluq və əməkdaşlıq müqaviləsi imzaladı. Bu müqaviləyə əsasən, Osmanlı dövləti Dağlı Respublikasına hərbi yardım etməyi və onu xarici təhlükələrdən müdafiə etməyi öhdəsinə götürdü.

Daha sonra Dağlı hökumətinin üzvləri P.Kotsev və V.G.Cabagiyev Osmanlı dövlətinin hərbi yardımı məsələsinin detallarını aydınlaşdırmaq üçün Tiflisdə Yusif İzzət paşa ilə danışıqlar apardılar. Dağlı hökumətinin ilk xarici işlər naziri Heydər Bammatov isə diplomatik missiya ilə Avropaya yola düşdü. 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Dağlı hökumətinin başçısı Ə.Çermoyevin müraciətinə əsasən Dağıstana Şəki-Axtı yolu ilə hərbi dəstə göndərdi. İsmayıl Haqqı bəyin başçılıq etdiyi 74 zabit və 577 əsgərdən ibarət olan bu Osmanlı hərbi qüvvəsi Dağıstanın dağlıq bölgəsində bolşeviklərə qarşı mübarizə aparan Nuh bəy Tarkovskinin və polkovnik Cəfərovun rəhbərliyində olan könüllü dəstələrə yardım göstərdi. İyunun 21-də Qünib aulunda qərargah yaratmış əslən çərkəz olan İsmayıl Haqqı bəy bütün Şimali Qafqaz müsəlmanlarına müraciət edərək, onları birləşməyə və bolşeviklərə qarşı qəti mübarizəyə çağırdı.

Qabil ƏLİYEV,

Tarix elmləri doktoru, professor

 

 

DİGƏR MƏQALƏLƏR