Tərcümə Mərkəzindən 3 yeni kitab

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə yaxın vaxtlarda nəşr olunacaq 3 kitabın - Patrik Modianonun "Seçilmiş əsərləri", Ernesto Çe Gevaronun "Boliviya gündəliyi" və "Azәrbaycanın enerji siyasәti Qәrb mәtbuatında" kitablarının onlayn versiyasını yerləşdirib.

Onlayn mütaliəçilər www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları" bölümünə daxil ola və hələ nəşr olunmamış kitabların oxusuna başlaya bilərlər:

Patrik Modianonun "Seçilmiş əsərləri" - görkəmli fransız yazıçısı, 2014-cü ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Partik Modianonun "Seçilmiş əsərləri" - Fransa ədəbiyyatının Nobel mükafatına layiq görülmüş on beşinci yazıçısıdır. Fransız ədəbiyyatında retro stilin populyarlaşması məhz Patrik Modianonun adıyla bağlanılır. Modiano yaradıcılığının mövzusunu yaddaş və yaddaşsızlıq, şəxsiyyət və günah hissi, özünə yer tapa bilməyən, qərarsız insanların özünüdərk prosesi təşkil edir. İsveç Kral Akademiyasının rəsmi açıqlamasında mükafatın yazıçıya, əsərlərində II Dünya müharibəsi və Fransanın alman faşistləri tərəfindən istilası dövründə qeyri-adi insan talelərinin bənzərsiz dərinliklərinə vardığına, insanın iç dünyasının incəliklərini açdığına görə verildiyi bildirilir.

Oxuculara təqdim olunan bu kitab nasirin Azərbaycan dilinə tərcümə edilən ilk irihəcmli əsərlər toplusudur.

Əsərləri dilimizə İ. Əlfi, M. Qarayev, E. Başkeçid tərcümə edib.

 

Ernesto Çe Gevaranın "Boliviya gündəliyi" - bütün şüurlu həyatını idealları uğrunda mübarizəyə həsr etmiş inqilabçı, Kuba azadlıq inqilabının simvolu Çe Gevaranın yarımçıq qalmış ömrünün son on bir ayından - qəhrəman inqilabçının və onun silahdaşlarının Boliviyanın azadlığı uğrunda apardıqları ölüm-dirim mübarizəsindən bəhs edir.

Əsəri dilimizə Rövşən Ramizoğlu tərcümə edib.

 

"Azәrbaycanın enerji siyasәti Qәrb mәtbuatında" - kitabda son illәr Qәrb mәtbuatında Azәrbaycanın enerji siyasәti, neft və qaz strategiyası, Xəzərin enerji resurslarının dünyaya çatdırılmasında kəmərlərin rolu ilə bağlı dәrc olunmuş analitik yazılar, mətn və məqalələr yer alır.

Kitab iqtisadçılar, siyasәtçilәr vә maraqlı oxucu kütlәsi üçün nәzәrdә tutulub.

 

 

 

 

DİGƏR MƏQALƏLƏR