Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Hər iki sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilmişdir. Proses indi də davam etməkdədir. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm işlər görülmüşdür. Lakin həmin kitabların satışının nəzərdə tutulmaması və kitab həvəskarlarının öz şəxsi kitabxanalarını latın qrafikasında nəfis şəkildə çap olunmuş ədəbiyyat nümunələri ilə zənginləşdirmək tələbatı onların ayrıca olaraq nəşri zərurətini meydana çıxarmışdır.

Müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət
150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" nəfis tərtibatla nəşr edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla bu Sərəncamın 1-ci bəndində qeyd olunan "Dünya ədəbiyyatı kitabxanası"nın nəşri ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 avqust 2007-ci il

№ 2354

 

 

 

 

 

 

DİGƏR MƏQALƏLƏR