Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 16 may tarixli 169 nömrəli

Fərmanı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında

Tərcümə Mərkəzi haqqında

ƏSASNAMƏ

  

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlənməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, tabeliyində olan qurumlar tərəfindən xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.

1.6. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyət istiqamətləri

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlənməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

2.1.2. tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılmasını təmin etmək;

2.1.3. tərcümə prosesini təşkil etmək və tənzimləmək;

2.1.4. tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlənməsini təmin etmək və tərcümə prosesini təkmilləşdirmək.

 

3. Mərkəzin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;

3.1.2. tərcümə sənətinin inkişafının elmi araşdırmasını və ümumiləşdirilməsini aparmaq;

3.1.3. ölkə üzrə tərcümə prosesini elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə təşkil etmək;

3.1.4. büdcə təşkilatlarının müraciətləri əsasında tərcümə prosesini təşkil etmək, tərcümə olunmuş materialların ekspertizasını həyata keçirmək;

3.1.5. xarici dillərə tərcümə olunmuş materialların beynəlxalq aləmdə yayımı və təbliğini həyata keçirmək, bu sahədə xarici ölkələrdə fəaliyyət göstərən aidiyyəti qurumlarla əməkdaşlıq etmək,

3.1.6. müvafiq sahədə dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqələr qurulmasını təmin etmək;

3.1.7. tərcüməni xarici ölkələrdə fəaliyyət göstərən peşəkar tərcüməçilər və bilavasitə tərcümə sahəsində ixtisaslaşmış təşkilatlarla sıx əməkdaşlıq zəminində təşkil etmək;

3.1.8. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin fəaliyyət istiqamətlərinə uyğun mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.9. Azərbaycanda və xaricdə fəaliyyət göstərən tərcüməçi mütəxəssislərin məlumat bazasını aparmaq;

3.1.10. Azərbaycan dilinin mahiyyətini və əhəmiyyətini geniş təbliğ etmək;

3.1.11. tərcümə standartlarına dair tövsiyələr hazırlamaq;

3.1.12. tərcüməsini təşkil etdiyi materialların kağız və elektron daşıyıcılarından ibarət fond yaratmaq;

3.1.14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.1.15. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.16. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının aidiyyəti üzrə ayrılan vəsaitlərindən, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatına uyğun, səmərəli istifadə olunmasını təmin etmək;

3.1.17. qanuna uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın və tərcüməsini təşkil etdiyi materiallar barədə məlumatın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;

3.1.19. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.20. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və müvafiq tədbirlər görmək.

 

4. Mərkəzin hüquqları

4.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. Mərkəzin fəaliyyəti ilə bağlı normativ hüquqi və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

4.1.2. müvafiq sahədə dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərlə sifarişlər vermək, tərcümə materiallarını nəşr etmək;

4.1.3. tərcümə sahəsində müxtəlif növ müsabiqələr elan etmək;

4.1.4. praktiki tərcümə və tərcümə nəzəriyyəsi ilə bağlı dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;

4.1.5. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.6. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.7. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

4.1.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənmək;

4.1.9. fəaliyyətinin təşkili məqsədi ilə mütəxəssislərin seçilib yerləşdirilməsi üçün müvafiq tədbirlər görmək;

4.1.10. müstəqil ekspertləri və mütəxəssisləri "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz fəaliyyətinə cəlb etmək.

 

 

5. Mərkəzin fəaliyyətinin təşkili

5.1. Mərkəzin aparatı və tabeliyində olan qurumlar Mərkəzin vahid sistemini təşkil edir. Mərkəz öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Mərkəzin Əsasnaməsinin və strukturunun təsdiq olunması, aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5.3. Mərkəzin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

5.4. Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Mərkəzin direktoru rəhbərlik edir. Mərkəzin direktoru Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.5. Mərkəz direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bır müavini vardır. Mərkəz direktorunun müavini Mərkəzin direktoru tərəfindən ona həvalə olunmuş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.6. Mərkəzin direktoru:

5.6.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. Mərkəzin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq olunmaq üçün təqdim edir;

5.6.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin aparatının və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.6.4. Mərkəzin aparatının işçilərini, tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.6.5. icrası məcburi olan əmr və sərəncamlar verir, onların icrasına nəzarəti həyata keçirir, normativ hüquqi və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir;

5.6.6. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarını ləğv edir;

5.6.7. Mərkəzi təmsil edir;

5.6.8. Mərkəzin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

5.7. Mərkəzin direktorunun, direktor müavininin və aparatının işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

5.8. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi üçün Mərkəzdə ictimai əsaslarla fəaliyyət göstərən Ekspert Şurası (tərcümə materialların keyfiyyəti, orijinala uyğunluğunun təmin və təsdiq edilməsi üzrə) və ölkənin tanınmış dil və ədəbiyyat xadimlərindən ibarət Elmi-Bədii Şura (elmi-bədii tərcümə işinin tənzimlənməsi üzrə) yaradıla bilər. Ekspert Şurası və Elmi-Bədii Şura haqqında Əsasnamə Mərkəzin direktoru tərəfindən təsdiq edilir.

 

DİGƏR MƏQALƏLƏR