Görkəmli tədqiqatçı alim, BDU-nun jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynov Tərcümə Mərkəzində olub

Aprelin 7-də Mərkəzin direktoru A. Məsud və bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin professoru, görkəmli tətqiqatçı alim Şirməmməd Hüseynovla görüşüb.

A.Məsud qonağı salamlayaraq, Mərkəzin yarandığı gündən Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən danışıb: «Mərkəz, Qarabağ həqiqətləri, erməni vəhşilikləri, ermənilər tərəfindən törədilən tarixi qətliamlarla bağlı sənədli məlumatları, oçerk və məqalələri həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti, həmçinin, 8 dildə yayımlanan rəsmi saytı vasitəsilə ictimaitləşdirilməsi istiqamətində mühüm işlər görür. Bununla yanaşı, Mərkəzdə Azərbaycanın tarixi əraziləri, etnogenezi, Qarabağın tarixi, erməni qəsbkarlığı ilə bağlı bu vaxta qədər işıq üzü görməyən müfəssəl məlumatlı mətn və materialların, tarixi sənədlərin toplanması, kitab, toplu şəklində dünya dillərinə tərcümə olunması prosesinə hazırlıq işləri də gedir. Yəni artıq əlimizdə olan materiallar arxivləşdirilir, tərcümə mərhələsinə çatdırılır».

Direktor, həmçinin bu sahədə bu vaxta qədər ölkə ictimaiyyəti, ayrı-ayrı alimlər və tarixçilər tərəfindən kifayət qədər işlər görülsə də, problemlə bağlı dünya ictimaiyyətindən gözlənilən nəticənin hələ də əldə olunmadığı barədə danışaraq, bu istiqamətdə daha təsirli və işlək vasitələrin aranıb-axtarılmasının vacibliyini vurğulayıb.

Ş. Hüseynov ən dəqiq tarixi həqiqətlərin hansı mənbələrdə aranıb-axtarılması, bu mənbələrlə necə işləmək barədə geniş məlumat verərək, min bir çətinliklə əldə olunan mənbələrin də, istər tərcümə edilərkən, istərsə də ana dilində nəşr olunarkən xətalarla tərtib olunduğu barədə danışıb: “Əvvəla bundan başlayaq ki, Azərbaycanda olan məlum mənbələrin çoxu səhv tədqiq olunur. Bunun da əsas səbəbi odur ki, tədqiqatçılar tərəfindən yol verilən yanlışlıqlar redaktorlar tərəfindən düzəldilmir. Tərcümə Mərkəzinin isə bütün bu işləri mükəmməl şəkildə, təhrifsiz, səhvsiz görməyə gücü və intellektual potensialı var. Məsələni düzgün qoyursunuz. Bu işlərə nədən başlamaq çox önəmlidir. İlk növbədə, mütləq əsas mənbələri tapmaq və onlarla işləmək lazımdır. Azərbaycanla bağlı həqiqətlər, real tarixi faktlarla zəngin mənbələr var. Biz o qiymətli mənbələri – o dəyərli inciləri tapa bilərik və onları, ermənilərə havadarlıq edən dövlətlərin dilinə tərcümə edib yaya bilərik. Bundan başqa, rus və ya başqa dillərdə olan mənbələr də Azərbaycan dilinə çevrilməlidir. Lakin Azərbaycan həqiqətlərini dünyaya çatdırmazdan əvvəl, dediyiniz həmin güclü təbliğat işi Azərbaycanın özündə aparılmalıdır. Vətəndaş həmrəyliyi, vətən və vətəndaşlıq hissi xalqa aşılanmalıdır”.

Görüşün sonunda Ş.Hüseynov uzun illərlə araşdırıb, əski əlifbadan çevirib tərtib etdiyi M.Ə. Rəsulzadənin əsərlərindən ibarət beşcildliyi Mərkəzin kitabxanasına hədiyyə edib.

 

 

Qalereya

DİGƏR MƏQALƏLƏR