SƏNƏDLƏR

AZƏRBAYCAN DİLİNİN QLOBALLAŞMASI ŞƏRAİTİNDƏ ZAMANIN TƏLƏBLƏRİNƏ UYĞUN İSTİFADƏSİNƏ VƏ ÖLKƏDƏ DİLÇİLİYİN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI HAQQINDA 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti vardır.

Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müəyyən etmişdir. Ana dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqalarının mühüm xidmətləri vardır.

Ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olmuşdur. Həmin dövrdə Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işıq üzü görmüşdür. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana çıxmasına təkan vermişdir.

1920-ci illərdə respublikada aparılan dilçilik tədqiqatları Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda mərkəzləşmişdi. Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin tədqiqatlar daha sistemli və əhatəli aparılmağa başladı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün möhkəm zəmin yarandı. Azərbaycan dilçiliyi Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları yalnız dilşünaslığımızı yox, ümumən Azərbaycan ictimai fikrini zənginləşdirdi.

Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.

Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.

Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.

Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir.

Bəzən dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtlı-vaxtında cavab verilmir və bu dilin keçdiyi inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında dolğun əks etdirən fundamental əsərlər yaranmır. Elmi tədqiqatlar üçün bəzi hallarda müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən xeyli geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir.

Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır.

Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır.

Dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb 2012-ci il oktyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Proqramının layihəsini 2012-ci il noyabr ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılsın.

4. Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2012-ci il

№ 2236

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA TƏRCÜMƏ MƏRKƏZİ HAQQINDA ƏSASNAMƏNİN VƏ MƏRKƏZİN STRUKTURUNUN TƏSDİQ EDİLMƏSİ HAQQINDA 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin.

2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin strukturu” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparatının işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2014-cü il

     № 169

 

 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 16 may tarixli 169 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ TƏRCÜMƏ MƏRKƏZİ HAQQINDA  

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlənməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, tabeliyində olan qurumlar tərəfindən xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.

1.6. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyət istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlənməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

2.1.2. tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılmasını təmin etmək;

2.1.3. tərcümə prosesini təşkil etmək və tənzimləmək;

2.1.4. tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlənməsini təmin etmək və tərcümə prosesini təkmilləşdirmək.

 

3. Mərkəzin vəzifələri

 

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;

3.1.2. tərcümə sənətinin inkişafının elmi araşdırmasını və ümumiləşdirilməsini aparmaq;

3.1.3. ölkə üzrə tərcümə prosesini elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə təşkil etmək;

3.1.4. büdcə təşkilatlarının müraciətləri əsasında tərcümə prosesini təşkil etmək, tərcümə olunmuş materialların ekspertizasını həyata keçirmək;

3.1.5. xarici dillərə tərcümə olunmuş materialların beynəlxalq aləmdə yayımı və təbliğini həyata keçirmək, bu sahədə xarici ölkələrdə fəaliyyət göstərən aidiyyəti qurumlarla əməkdaşlıq etmək,

3.1.6. müvafiq sahədə dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqələr qurulmasını təmin etmək;

3.1.7. tərcüməni xarici ölkələrdə fəaliyyət göstərən peşəkar tərcüməçilər və bilavasitə tərcümə sahəsində ixtisaslaşmış təşkilatlarla sıx əməkdaşlıq zəminində təşkil etmək;

3.1.8. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin fəaliyyət istiqamətlərinə uyğun mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.9. Azərbaycanda və xaricdə fəaliyyət göstərən tərcüməçi mütəxəssislərin məlumat bazasını aparmaq;

3.1.10. Azərbaycan dilinin mahiyyətini və əhəmiyyətini geniş təbliğ etmək;

3.1.11. tərcümə standartlarına dair tövsiyələr hazırlamaq;

3.1.12. tərcüməsini təşkil etdiyi materialların kağız və elektron daşıyıcılarından ibarət fond yaratmaq;

3.1.14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.1.15. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.16. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının aidiyyəti üzrə ayrılan vəsaitlərindən, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatına uyğun, səmərəli istifadə olunmasını təmin etmək;

3.1.17. qanuna uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın və tərcüməsini təşkil etdiyi materiallar barədə məlumatın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;

3.1.19. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.20. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və müvafiq tədbirlər görmək.

 

4. Mərkəzin hüquqları

 

4.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. Mərkəzin fəaliyyəti ilə bağlı normativ hüquqi və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

4.1.2. müvafiq sahədə dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərlə sifarişlər vermək, tərcümə materiallarını nəşr etmək;

4.1.3. tərcümə sahəsində müxtəlif növ müsabiqələr elan etmək;

4.1.4. praktiki tərcümə və tərcümə nəzəriyyəsi ilə bağlı dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;

4.1.5. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.6. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.7. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

4.1.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənmək;

4.1.9. fəaliyyətinin təşkili məqsədi ilə mütəxəssislərin seçilib yerləşdirilməsi üçün müvafiq tədbirlər görmək;

4.1.10. müstəqil ekspertləri və mütəxəssisləri "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz fəaliyyətinə cəlb etmək.

 

5. Mərkəzin fəaliyyətinin təşkili

 

5.1. Mərkəzin aparatı və tabeliyində olan qurumlar Mərkəzin vahid sistemini təşkil edir. Mərkəz öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Mərkəzin Əsasnaməsinin və strukturunun təsdiq olunması, aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5.3. Mərkəzin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

5.4. Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Mərkəzin direktoru rəhbərlik edir. Mərkəzin direktoru Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.5. Mərkəz direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bır müavini vardır. Mərkəz direktorunun müavini Mərkəzin direktoru tərəfindən ona həvalə olunmuş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.6. Mərkəzin direktoru:

5.6.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. Mərkəzin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq olunmaq üçün təqdim edir;

5.6.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin aparatının və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

5.6.4. Mərkəzin aparatının işçilərini, tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.6.5. icrası məcburi olan əmr və sərəncamlar verir, onların icrasına nəzarəti həyata keçirir, normativ hüquqi və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir;

5.6.6. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd qərarlarını ləğv edir;

5.6.7. Mərkəzi təmsil edir;

5.6.8. Mərkəzin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

5.7. Mərkəzin direktorunun, direktor müavininin və aparatının işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

5.8. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi üçün Mərkəzdə ictimai əsaslarla fəaliyyət göstərən Ekspert Şurası (tərcümə materialların keyfiyyəti, orijinala uyğunluğunun təmin və təsdiq edilməsi üzrə) və ölkənin tanınmış dil və ədəbiyyat xadimlərindən ibarət Elmi-Bədii Şura (elmi-bədii tərcümə işinin tənzimlənməsi üzrə) yaradıla bilər. Ekspert Şurası və Elmi-Bədii Şura haqqında Əsasnamə Mərkəzin direktoru tərəfindən təsdiq edilir.

 

 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 16 may tarixli 169 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin STRUKTURU

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparatı.

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT İDARƏÇİLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI BƏZİ TƏDBİRLƏR  HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın.

2. “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi əsasında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs yaradılsın.

3. “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın.

4. “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılsın.

5. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılsın.

6. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi əsasında “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs yaradılsın.

7. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılsın.

8. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın.

9. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi əsasında “Tərcümə Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

10. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilsin və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilsin.

11. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilsin.

11-1. Müəyyən edilsin ki, bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslərin rəhbərlərinin (o cümlədən idarəetmə orqanlarının rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

12. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

12.1. bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslərin Nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

12.2. bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

12.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

12.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

12.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

12.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

13. Bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu Fərmanın 1-9-cu hissələrində qeyd edilən icra hakimiyyəti orqanları öz fəaliyyətlərini davam etdirsinlər.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 24 noyabr 2016-cı il

               № 1125

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 fevral 2018-ci il tarixli 1818 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 fevral 2018-ci il, № 29)

  1. 7 mart 2018-ci il tarixli 1870 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 mart 2018-ci il, № 53)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



7 fevral 2018-ci il tarixli 1818 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 fevral 2018-ci il, № 29) ilə 1-ci hissədən ikinci halda “Prezidenti yanında” sözləri çıxarılmışdır.

 

7 mart 2018-ci il tarixli 1870 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 mart 2018-ci il, № 53) ilə yeni məzmunda 11-1-ci hissə əlavə edilmişdir.


TƏRCÜMƏ MƏRKƏZİNİN FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Tərcümə Mərkəzinin (bundan sonra – Mərkəz) təsisçisinin publik hüquqi şəxsin inkişaf istiqamətlərinin müəyyən edilməsi səlahiyyətini Mərkəz, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan digər səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Mərkəzin nizamnaməsini, strukturunu və işçilərinin say həddini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin istifadəsində olan dövlət əmlakının Mərkəz publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində onun balansına verilməsini təmin etsin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28fevral 2018-ci il

1847.

 

 

Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə:

1.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tərcümə Mərkəzi və digər aidiyyəti olanlarla razılaşdırmaqla:

1.1.   Azərbaycan Respublikası Prezidentinin aktlarınınTərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanına uyğunlaşdırılınası ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Fərmana uyğunlaşdırılınası ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.3.  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

2.  Tərcümə Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti olanlarla razılaşdırmaqla, Mərkəzin nizamnaməsi, strukturu və işçilərinin say həddi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Tərcümə Mərkəzi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin istifadəsində olan dövlət əmlakının Mərkəz publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı tarixdən 15 gün müddətində onun balansına verilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4.   Bu sərəncamın 1-ci və 2-ci hissələrinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının hüquq şöbəsinə, 3-cü hissəsinin icrasına nəzarət maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə tapşırılsın.

 

5.  Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 


 

AZƏRBAYCAN TƏRCÜMƏ MƏRKƏZİNİN NİZAMNAMƏSİ

1.     Ümumi müddəalar


1.1.   Tərcümə Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikasının dövlət dilindən (bundan sonra – dövlət dili) düzgün istifadə, tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsi, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliğini həyata keçirən publik hüquqi şəxsdir.

1.2.   Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nİzamnaməni Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3.   Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4.   Mərkəz müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, öz adı həkk olunan möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5.   Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6.   Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7.   Mərkəz Bakı şəhərində yerləşir.

2.  Mərkəzin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

2.1.   Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir.

2.2.   Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1.   dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;

2.2.2. ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və beynəlxalq əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi və təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;

2.2.3.   tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi, yüksək ixtisaslı tərcüməçi kadrların hazırlanmasının təşkili;

2.2.4. Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliğinin təmin edilməsi, Azərbaycan və xarici ədəbiyyatın aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə və dövlət dilinə tərcümə edilməsi və nəşri;

2.2.5. tərcümə olunan materiallarda dövlət dilinin düzgün işlənməsi, elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə tərcümə prosesinin təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.

3.  Mərkəzin vəzifələri

3.0. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.2. tərcümə sənətinin inkişafının elmi araşdırılmasını və ümumiləşdirilməsini aparır;

3.0.3. tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi üzrə tədbirlər həyata keçirir;

3.0.4. dövlət dilindən düzgün istifadə məqsədi ilə müvafiq ədəbiyyatların və sözlüklərin hazırlanmasını təşkil edir;

3.0.5. ölkə üzrə elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə tərcümə prosesini təşkil edir;

3.0.6. büdcə təşkilatlarının müraciətləri əsasında tərcümə prosesini təşkil edir, tərcümə olunmuş materialların ekspertizasını həyata keçirir;

3.0.7. dünya ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği işini həyata keçirir, Azərbaycan və xarici ədəbiyyatın aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə və dövlət dilinə tərcümə edir, onları nəşr edir, habelə bu məqsədlə xaricdə fəaliyyət göstərən müvafiq qurumlarla və təşkilatlarla əməkdaşlıq edir;

3.0.8. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqələr qurulmasını təmin edir;

3.0.9. tərcüməni peşəkar tərcüməçilərlə və bilavasitə tərcümə sahəsində ixtisaslaşmış təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində təşkil edir;

3.0.10. tərcümə sahəsində kadr hazırlığını təmin edir, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

3.0.11. Azərbaycanda və xaricdə fəaliyyət göstərən tərcüməçi mütəxəssislərin məlumat bazasını aparır;

3.0.12. dövlət dilinin əhəmiyyətini geniş təbliğ edir;

3.0.13. tərcümə standartlarına dair tövsiyələr hazırlayır;

3.0.14. tərcüməsini təşkil etdiyi materialların kağız və elektron daşıyıcılarından ibarət fond yaradır;

3.0.15. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin həyata keçirilməsini təmin edir;

3.0.16. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla elmi-texniki nailiyyətlərin

tətbiqini təmin edir;

3.0.17. Mərkəzə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.0.18. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

3.0.19. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.0.20. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür;

3.0.21. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və müvafiq tədbirlər görür.

4.   Mərkəzin hüquqları

4.0. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Mərkəzin fəaliyyəti ilə bağlı normativ hüquqi və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq, yaxud onların hazırlanmasında iştirak etmək;

4.0.2. sifariş əsasında tərcümə xidmətləri göstərmək, tərcümə olunmuş materialların ekspertizasını həyata keçirmək;

4.0.3. qəzet, jurnal, xüsusi bülleten və digər nəşrlər buraxmaq;

4.0.4. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

4.0.6. bu Nizamnaməyə uyğun olaraq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

4.0.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənmək;

4.0.8. tərcümə sahəsi üzrə müxtəlif formatlı müsabiqələr keçirmək;

4.0.9. müqavilə əsasında fəaliyyətinə ekspertlər və mütəxəssislər cəlb etmək;

4.0.10. tərcümə sahəsinin təkmilləşdirilməsinə və inkişafına dair konfranslar, simpoziumlar, müşavirələr və seminarlar təşkil etmək;

4.0.11. tərcümə işinin nəzəri və praktiki məsələlərinə dair metodiki vəsaitlər hazırlamaq və nəşr etmək.

5.   Mərkəzin idarə olunması

5.1.    Mərkəzin idarəetmə orqanı onun İdarə Heyətidir.

5.2.  İdarə Heyəti Mərkəzə rəhbərliyi və nəzarəti həyata keçirir, İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.

5.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

5.4.    İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

5.4.1.  Mərkəzin inkişaf istiqamətlərini müəyyən edir;

5.4.2.   təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;

5.4.3.   Mərkəzin fəaliyyətinə dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

5.4.4.   Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;

5.4.5.   bu Nizamnamənin 3.0.17-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

5.4.6.   İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

5.4.7.   Mərkəzin fəaliyyətinə dair daxili qaydaları, habelə Aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;

5.4.8.   Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

5.4.9.   aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

5.4.10.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

5.4.11.  müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və onların xərclər smetasını təsdiq edir;

5.4.12.  Mərkəzin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

5.4.13.  kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

5.4.14.  İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir.

5.5.   İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir, İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir, İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında, hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

5.6.   İdarə Heyətinin sədri:

5.6.1.   Mərkəzin fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

5.6.2.   Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

5.6.3.   Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.6.4.   bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

5.6.5.   bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

5.6.6.   Mərkəzin işçilərinin əməyinin ödənilməsini və onların peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;

5.6.7.   İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

5.6.8.    öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

5.6.9.    öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün müraciəti əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

5.6.10.   Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

5.6.11.    Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.6.12.    Mərkəzin kargüzarlıq və arxiv işlərinin aparılmasını təmin edir;

5.6.13.    Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görür;

5.6.14.    Mərkəzin fəaliyyəti ilə bağlı qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandı­rır, onların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;

5.6.15.    Mərkəzin fəaliyyətini əks etdirən materialların mətbuatda dərc olunmasını təmin edir;

5.6.16.    Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.6.17.    İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

5.7.    İdarə Heyətinin üzvləri:

5.7.1.     İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

5.7.2.    İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

5.7.3.     İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

5.7.4.    İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;

5.7.5.     İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

5.8.   Mərkəz öz fəaliyyətində və idarəçiliyində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

 6.   Mərkəzin nizamnamə fondu və əmlakı

6.1.   Mərkəzin nizamnamə fondu 1.500.000 (bir milyon beş yüz min) manatdır.

6.2.   Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

6.3.   Mərkəz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz istifadəsində olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirir.

6.4.   Mərkəz qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Mərkəzin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

6.5.   Mərkəzin məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən qiymətlərə aiddir.

6.6.   Mərkəz sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Mərkəzin xərclər smetası əsasında istifadə edir.

 7.  Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

7.1.   Mərkəzin fəaliyyətinə nəzarəti təsisçinin səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası­nın Nazirlər Kabineti həyata keçirirlər.

7.2.   Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

8.  Mərkəzdə uçot və hesabat

8.1.   Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

8.2.   Mərkəz “Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

8.3.   Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, həmçinin tabeliyində olan digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

8.4.    Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb

edir.

9.  Mərkəzin yenidən təşkili və ləğvi

9.1.   Mərkəzin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

9.2.   Mərkəz ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

 

Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 

 

A.M.Vəliyevanın Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri
təyin edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Afaq Məsud qızı Vəliyeva Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.